Putindən kömək ummağa dəyərmi?

Vəfa Quluzadə: «Putin Gömrük Ittifaqına daxil olmağı tələb edəcəksə, ölkəni Rusiyaya təhvil verib, Qarabağı almağın mənası yoxdur»

Sülhəddin Əkbər: «Rusiyanın tələbləri ağırdı və Azərbaycan hakimiyyətinin bunu qəbul edib etməyəcəyi sual altındadır»

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Inquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Qafqaz Müsəlmanları Idarəsinin (QMI) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
QMI-də davam edən görüşdə Allahşükür Paşazadə Inquşetiya rəhbərini Ramazan ayı münasibətilə təbrik edib. Şeyx regionda Islamın inkişafından danışaraq bildirib ki, Azərbaycanda nəinki bütün müsəlman təriqətlərinə, o sıradan bütün dinlərə eyni və yüksək şərait yaradılıb.
A.Paşazadə Azərbaycanın başlıca problemi olan işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağdan da danışaraq bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, daha da güclü inkişaf edərdi: “Amma Azərbaycanın bu inkişafını gözü götürməyən dövlətlər, qüvvələr də var”.
Şeyx Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların qaytarılması məsələsini də qaldırıb: “Azərbaycan və Rusiya arasında çox güclü və kökləri olan münasibətlər var. Biz ümid edirik və gözləyirik ki, siz dostların, o sıradan Rusiya prezidenti Vladimir Putinin köməyi ilə işğal olunmuş torpaqlar, nəhayət, qaytarılacaq, münaqişə sülh yolu ilə həll olunacaq. Biz müharibə tərəfdarı yox, sülh tərəfdarıyıq”- deyə Allahşükür Paşazadə bildirib.
Son günlər Rusiya amili yenidən gündəmə gəlib və bir qayda olaraq Qarabağ münaqişəsinin həllində Rusiya xilaskar kimi göstərilir. Ancaq Azərbaycan torpaqlarının işğalı və 20 ildən artıq müddətdə əsarətdə qalması məhz Rusiya amili ilə bağlıdır.
Yəqin ki, hakimiyyət təmsilçiləri “torpağı siz almısınız, siz də qaytarın” mesajını verir.
Şeyxin də bu ənənəni davam etdirməsi onu göstərir ki, hakimiyyət regionda yaranmış vəziyyətdən iştahlanıb və Rusiyanın müəyyən şərtlər daxilində torpaqları qaytaracağına ümid edir.
Bugünə qədərki təcrübə isə onu göstərir ki, Putindən kömək ummağa dəyməz.

Politoloq Vəfa Quluzadə bildirdi ki, Putinin bu işdə xeyri olmasa, heç vaxt məsələnin həllinə razılıq verməz: “Putin bunun əvəzində nə istəyəcək? Gömrük Ittifaqına daxil olmağı tələb edəcəksə, ölkəni Rusiyaya təhvil verib, Qarabağı almağın mənası yoxdur. Putinin Qarbağı təmənnasız azad edəcəyinə isə inanmıram. Indiki mürəkkəb beynəlxalq vəziyyətdə ayıq olmaq lazımdır. Rusiya istəmir ki, Azərbaycan Qərb düşərgəsinə keçib Avropanı qazla təmin etsin. Çünki bu, Avropanın Rusiyadan asılılığını aradan qaldıra bilər. Mən bu prosesdə hiylədən, tələdən çox narahatam. Bu təhlükəli bir oyundur və qorxuram ki, bizi aldadarlar”.

Siyasi ekspert Sülhəddin Əkbər hesab edir ki, regionda yaranmış hərbi-siyasi vəziyyət Qarabağ məsələsini gündəmə gətirib və hakimiyyət də bu istiqmətdə Rusiya ilə danışıqlar aparır: “Rusiya ilə Azərbaycan arasında bu müzakirələr gedir. Bu müzakirələr tərəflər arasındakı münasibətlərin bütün spektrlərini əhatə edir. Münasibətlərin yeni mərhələyə keçidi dövründə, Qarabağ məsələsi də gündəmə gətirilib. Ancaq nəticə haqqında qəti fikir söyləmək çətindir. Çünki Rusiyanın tələbləri ağırdır və Azərbaycan hakimiyyətinin bunu qəbul edib-etməyəcəyi sual altındadır. Regionda yaranmış geopolitik və hərbi vəziyyət fonunda yeni proses başlayıb. Yəni regionun yaxın gələcək üçün hərbi-siyasi vəziyyəti konteksində iş aparılır. Indiki danışıqlar, bu günə qədər aparılan danışıqlardan fərqlənir”.

Akif