İlham Əliyevin Strasburqda məmur hesabatı

Yaxud “lider ölkənin” rəhbəri AŞPA-da kimə və nə üçün hirslənmişdi?

AŞ PA Nazirlər Kabinetinə başçılıq etmək növbəsi çatan ölkələrin rəhbərlərinin deputatlar qarşısında çıxış etməsi sadəcə olaraq, ənənədir. Dövlət başçıları deputatlar qarşısında çıxış edir, estafeti daşıdıqları müddətdə prioritetlərini elan edirlər. Bu, qaydadır.

İlham Əliyev də həmin qayda üzrə AŞ PA-ya dəvət alaraq, orada çıxış etdi. Amma o, hansısa prioritetlər barədə danışa bilmədi. Onun çıxışı qlobal və strateji xarakter daşımırdı, sıradan bir məmurun hesabat xarakterli nitqinə bənzəyirdi. Sanki (və şübhəsiz) ona qabaqcadan bəlli idi ki, Avropalı deputatların ondan gözlədikləri nədir. Bu gözləntilər ümumavropa kontekstində qlobal məsələlər deyil, Azərbaycanda, yəni İlham Əliyevin idarəçiliyi altında olan ölkədə problemlərin nə zaman aradan qalxacağı barədə sözlər eşitməkdən ibarət idi. Bu gözləntilərin siyahısı isə o qədər də uzun deyil. İnsan haqlarına sayğı, siyasi hüquqlara mane olmamaq, korrupsiyanın məhdudlaşdırılması, söz azadlığına qarşı müharibənin dayandırılması.  Əsasən, bu məsələlər.

İlham Əliyev də bu problemlərin heç birini həll etməyəcəyinə əmin olduğu üçün başqa yol görməmişdi. O, Yevlaxda, Tovuzda, Salyanda, Bakıda,.. «zəhmətkeş»lər qarşıslnda etdiyi ənənəvi çıxışını ingiliscəyə çevirib AŞ PA-nın sessiyasında nitq kimi təqdim etdi. Bu, “regionun lider ölkəsi”nin, üzərində strateji missiya olan bir ölkənin rəhbərinin çıxışı deyildi. Cənab Əliyev dünya və Avropa siyasətinin gündəliyinə müdaxilə etməyəcək qədər balaca siyasətçi olduğunu göstərdi. O, miqyaslı syasətçi olmadığını göstərmək üçün saxta göstəricilər üzərində danışmağa həm də ona görə üstünlük vermişdi ki, onu insan haqları, siyasi azadlıqlar kimi fundamental və qlobal suallarla narahat etməsinlər. Bu miqyasda siyasət təsərrüfat siyasətidir. Filan qədər bina tikilib, filan qədər neft çıxarılıb, filan qədər asfalt yol çəkilib,.. ritorikası, prezident çıxışı deyil, bələdiyyə sədrinin verəcəyi hesabatdır.

Amma hər kəs bilirdi və fərqində idi ki, çıxış etmək üçün Azərbaycandan təşrif buyuran adam bələdiyyə sədri deyil, prezidentdir və buna görə də, ona siyasi mahiyyətli suallar ünvanlanmalı idi.

Bu mərhələdə də İlham Əliyev eyni ampluadan kənara çıxa bilmədi. Əlbəttə, heç çıxa da bilməzdi. Onu korrupsiyada ittiham edirlərsə, o da bütün dünyanı şərləyərək, hər yerdə korrupsiyanın olduğunu söyləməli idi. Söylədi. Hətta Azərbaycan rejiminin üstünlüyünü qabartmaq üçün əlavə etdi ki: «bizdə buna qarşı mübarizə aparılır». İlham Əliyevin korrupsiyaya münasibəti, əlbəttə, AŞ PA-da bir çoxlarını narahat etməli idi. Çünki bu qurumun tərkibində Əliyevin vasitəçilərindən rüşvət qəbul edən çoxlu sayda adamlar var. Amma almayanlar və almaq istəməyənlər də var.

Siyasi məhbuslarla bağlı sualın da cavabı inkar olmalı idi. İlham Əliyev siyasətlə məşğul olmadığından siyasi məhbus anlayışı da onun üçün qəbul edilməzdir. O, körpü tikir, yeraltı keçid layihələri verir, texnopark quraşdırır, turizm kompleksi inşa edir, Heydər Əliyev mərkəzlərinin çoxalmasının qayğısına qalır…  və bütün bunların heç biri siyasi fəaliyyət deyil. Bütün bunlara görə də İlham Əliyev insanların nə üçün siyasətlə məşğul olduqlarını, siyasi azadlıqların nə demək olduğunu bilmir və rəhbərlik etdiyi ölkədə siyasi məhbusların olduğunu qətiyyətlə inkar edir.

O, hələ prezident olmamışdan əvvəl qətiyyətlə bildirmişdi ki, Azərbaycan qəzetlərini oxumur. Prezident olandan sonra qayğıları daha da artdığına görə, təbii ki, qəzet oxumamaqda davam edir. Prezident olandan sonra da etiraf etdiyi kimi, televizora baxmır və pultla oynayır. Üstünlük verdiyi bir televiziya proqramının olduğu da kimsəyə bəlli deyil. Bu istiqamədə yalnız bir detal var. Bir dəfə nazirlərin və komitə sədrlərinin hamısı üçün keçirdiyi müşavirədə elan etmişdi ki, telekanallardakı mətbəx verilişləri yağlı yeməkləri reklam etdiyi üçün onlara xəbərdarlıq etmək lazımdır. Bu seçimə görədir ki, İlham Əliyev Azərbaycanda söz azadlığı ilə bağlı situasiyanın nədən ibarət olduğunun da fərqində deyil. Söz azadlığı ilə bağlı söhbət açılan bütün məqamlarda İlham Əliyevin yalnız bir arqumenti olur ki, Azərbaycanda internet məhdudiyyəti yoxdur və əhalinin hansısa yekə bir faizinin internetə çıxışı var. Hətta fəal internet istifadəçiləri arasından siyasi dustaqların mövcudluğu da onu narahat eləmir. Belə hesab edir ki, bunlar da narkoman olduqlarına görə internetdən bu şəkildə istifadə edirlər.

Azərbaycan prezidentini AŞ PA-da xırda suallarla narahat etdilər. Heç kim ondan ümumavropa miqyaslı problemlərlə bağlı heç nə soruşmadı. Hamının ünvanladığı suallar yalnız bir mahiyyəti aşkar edirdi ki, o ölkənin insanlarını rahat burax və adamlara problem yaratma. İlham Əliyev buna görə çox əsəbiləşdi. Bu hirs onu xırda masştablı siyasətçi kimi qəbul etdiklərinə görə deyildi. Onu sadəcə olaraq, diktator psixologiyası rahatsız edirdi. Orada Azərbaycandan gedən deputatlar, hökumət məmurları, bir neçə nəfər də hüquq müdafiəçisi vardı. İlham Əliyev buna görə sıxılırdı. Sıxılırdı ki, onu büt kimi qəbul edən, ondan inanılmaz dərəcədə qorxan bu adamların hüzurunda saçını düz-əməlli daramayan, qalstukunu əyri bağlayan,.. hansısa Avropalı deputatlar ondan hesabat istəyirlər.
Onun nəzərə almadığı tək amil jurnalistlər və kənar müşahidəçilər üçün lojada etiraz aksiyası keçirən mühacirət nümayəndələri idi. Bilirdi ki, onlar azərbaycanlılardır və İlham Əliyev azərbaycanlılardan nə qorxur, nə də onları vecinə alır. Amma avropalılar, başqa məsələ. Ətrafındakı adamların avropalı deputatların ondan qorxmadıqlarını bilməsini faciə kimi qarşılayırdı. Qorxu cəhənnəmə, ondan korrupsiyaya və sair neqativlərə görə hesabat tələb etmələri onu hədsiz dərəcədə qıcıqlandırırdı. Buna görə hirslənirdi.

Onu özündən çıxaran başqa bir məqam da vardı. Prezident «bizdə korrupsiya yoxdur, onun görsənişlərinə qarşı da mübarizə aparırıq», «söz azadlığı var və heç bir məhdudiyyət yoxdur», «siyasi dustaqlar yoxdur», «seçkilər saxtalaşdırılmır»… kimi yalanları söyləməyə daha bir dəfə məcbur olduğuna görə də qızarıb-pörtür və qəzəblənirdi. Axı, ona bir büt kimi ibadət edən əyan-əşrəf də bunun yalan olduğunu və əlahəzrətin bu yalanları söyləməyə məcbur edildiyini görür və bilirdilər. Bu, diktator üçün çox dəhşətli səhnədir və bu dəhşətli səhnənin effektini azltmaq üçün o, ayrı-ayrı deputatlara «sən yalan deyirsən», «sənin ölkəndə də nələrin baş verdiyini bilirik» kimi prezidentanə olmayan reaksiyalar verirdi.