İlham Əliyev özü də 92-93-ü görməyib

Görsəydi, onu arzulayanları mütləq başa düşərdi…

İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sonuncu sessiyasındakı çıxışı hər kəsi təəccübləndirib. O, bir neçə məsələdə bütün dünyanın bildiyi – aşkar olan, nəticələri hələ də davam edən olayları dandı. Dedi ki, siyasi məhbuslar yoxdur, halbuki, dünya Leyla Yunusu onun əlindən güclə aldı. Yeri gəlmişkən, Leyla Yunus deyib ki, “mən hücum edəcəm və hökumətin itkiləri çox olacaq”. Bilmirəm, indi Ilham Əliyevi Leyla Yunusun əlindən kim alacaq…
Keçək mətləbə. Seçki saxtakarlığına dair ATƏT-in yekun rəyini bir tərəfə qoyaq. Təkcə “Azərbaycan saatı” proqramının “youtube” hesabına girməklə seçkidə istifadə olunan “onbaşı”, “yüzbaşı” müsahibələrindən tutmuş, məntəqələrdən, “karussellərdən” yüzlərlə reportajlar, etiraflar görə bilərik. Amma Ilham Əliyev ATƏT-in əsas ölkələrinin təmsilçilərinin gözünə baxaraq, seçki saxtakarlığını inkar edirsə, deməli, həm siyasi, həm də psixoloji vəziyyət artıq başqa müstəvidədir. Birbaşa desək, vəziyyət çox pisdir.

92-93-ü görməyənlər

Mən də sezmişəm ki, Ilham Əliyev müxalifətdən və ya sabitlikdən bəhs edərkən ürəklə 92-93-dən danışır. AŞ PA-nın sessiyasında da çıxış edərək deyib ki, lojada etiraz edən gənclər 92-93-ü görməyiblər. Yoxsa, belə etiraz etməzdilər, Əliyev hakimiyyətinin qədrini bilərdilər.
Ilham Əliyevin  bunu ürəklə deməsinin mühüm səbəbi budur ki, onun özü də 92-93-ü görməyib. Görsəydi, bilərdi ki, onun dediklərinə insanlar niyə gülür. Məsələn, onu necə inandıraq  ki, 92-93-cü ildə baş nazir olan Pənah Hüseynov Azərbaycan dilini də bilirdi. BMT-də Azərbaycanın xeyrinə üç qətnamənin qəbulu necə alınıb? Ramiz Mehdiyevin 20 ilə etmədiyini Əli Kərimli bir ilə necə edib? Isgəndər Həmidovun rəhbərlik etdiyi polislə Ramil Usubovun rəhbərlik etdiyi polisin fərqi nədir?
Ilham Əliyevin 92-93-cü ildən niyə belə narazı olduğunun səbəbini araşdırarkən ağla bir o gəlir ki, gömrükdə onun dəri mallarını saxlaya bilərdilər. O da bu süründürməçiliyi hələ də unuda bilmir. Ilham Əliyevəə kimsə bir yaxın adamı deməlidir ki, 92-93-cü illərdə AXC hakimiyyətinin öldürdüyü erməni rütbəliləri qədər son iyirmi ildə Azərbaycan ziyalısı, hərbçisi öldürülüb, qanı batırılıb. Ilham Əliyevin öz hakimiyyəti dövründə olan hadisələrin mində birini AXC hakimiyyəti zamanında tapmaq mümkün deyil. Fəqət, Ilham Əliyev o illərdəki iqtisadi-siyasi azadlıqlardan, hərbi nailiyyətlərdən narazıdırsa, onu da başa düşmək olar. Adamın başı səs-küy götürmür də. Ona görə də hamını güllələyir, həbsə atır ki, ölkədə cınqırını çıxaran olmasın.

92-93 geri gəlsə…

Bu, ola bilsin ki, kimlər üçünsə vahiməli dövrdür. Real müharibə, insanların azadlıq coşqusu çox qorxuludur. Milyonlarla qul o zaman insan idi. Və azad insanları idarə etmək üçün lazım olan heç bir xüsusiyyət Ilham Əliyevdə yoxdur. Azadlıq hüququna, yaşamaq, mülkiyyət haqqına sayqı yoxdur. Ən başlıcası, Ilham Əliyev ona görə 92-93-ün olmasını istəmir ki, o zaman özü olmayacaq.
Bax belə, bu, diktaturanın demokratiya ilə mövcud olmaq savaşıdır. Amma sıxılmış yayı əlində sona qədər saxlayan hələ tapılmayıb.