Kəmaləddin Heydərov Avropanın hədəfinə gəlib

«Fövqəlnazir»in Rusiya ilə yaxınlaşması övladlarının Böyük Britaniyadakı fəaliyyətini təhlükə altına qoyub

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Rusiya siyasi dairələri ilə yaxınlığı Avropada olan övladları üçün təhlükə yaradıb. Qeyd edək ki, Kəmaləddin Heydərovun oğlanları Taleh və Nicat Heydərovla Böyük Britaniyada biznes və ictimai fəaliyyətlə məşğuldurlar. Taleh Heydərov Avropa-Azərbaycan Cəmiyyətinin, həmçinin “United Enterprises International” Şirkətlər Qrupunun sədridir. Nicat Heydərov isə adıçkəilən şirkətlər qrupunda sədr müavini vəzifəsini tutur.
Kəmaləddin Heydərovun oğlanları Avropa-Azərbaycan Cəmiyyəti vasitəsilə Azərbaycan hakimiyyətinin Avropada imicini düzəltməklə məşğuldur. Xüsusilə Britaniyada bu ölkənin deputatlarını müxtəlif vasitələrlə ələ alaraq onlardan Azərbaycan hakimiyyətinin mənafeyinə uyğun istifadə edir. Bir neçə gün əvvəl Nyu-Yorkdan idarə olunan “BuzzFeed” saytında bu barədə geniş məqalə yayımlanıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, Kəmaləddin Heydərovun Rusiya ilə yaxınlaşması onun övladlarının xaricdəki fəaliyyətinə diqqəti artırıb. Yəni, artıq Taleh və Nicat Heydərovların biznes strukturları və təşkilatları ilə bağlı ciddi araşdırmalar aparılır. Məlumatda bildirilir ki, “BuzzFeed”in məlum materialı da təsadüfi deyil. Iddialara görə, “fövqəlnazir”in Rusiyaya meyllənməsi onun övladları vasitəsilə Avropa ilə qurduğu əlaqələrinin tamamilə kəsilməsinə səbəb ola bilər. Bildirilir ki, yaxın vaxtlarda  Kəmaləddin Heydərov Avropadan ard-arda zərbələr ala bilər. Məlumata görə, Kəmaləddin Heydərovun yaxın ətrafı da bunun fərqindədir və ciddi narahatlıq içindədir.