Hökumət qəbir rüşvətini rəsmiləşdirmək istəyir

Elşad Miri: «Musa Quliyevin hazırda irəli sürdüyü təklif qeyri-rəsmi şəkildə edilən ödənişlərin rəsmiləşdirilməsinə xidmət edir»

Azərbaycanda özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması təklifi birmənalı qarşılanmır. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin təklifi ilə bağlı bir sıra suallar yaranıb. Onun sözlərinə görə, Azərbaycanda yalnız qəbiristanlıqlarda torpaq sahəsinin ayrılması deyil, dəfn mərasimlərinin keçirilməsi də çox ciddi məsələyə çevrilir.

Bu sahədə müasir təcrübənin öyrənilməsinə ehtiyac olduğunu deyən millət vəkili qeyd edib ki, xüsusilə şəhər yerlərindəki qəbiristanlıqlarda yerlərin çatışmazlığı və oradakı torpaq sahələrinin qeyri-qanuni olaraq baha qiymətə satılması halları var.

Bunu həm günah hal, həm də qanun pozuntusu kimi dəyərləndirən M.Quliyevin fikrincə, bunları aradan qaldırmaqdan ötrü alternativ yollar axtarılmalıdır. Alternativ yollardan biri bələdiyyələrin fondunda olan torpaqlardan bələdiyyənin özünün qəbiristanlıq kimi istifadə etməsi, digəri isə özəl qəbiristanlıqların yaradılmasıdır.

Özəl qəbiristanlıqların yaradılması üçün hüquqi əsasların olmasını vacib sayan M.Quliyev bildirib ki, belə məzarlıqların yaradılması həm qeyri-qanuni ödənişləri aradan qaldıracaq, həm də qəbiristanlıqlarla bağlı müəyyən standartların hazırlanaraq tətbiq olunmasına yardım edəcək. 

Amma reallıq ondan ibarətdir ki, Azərbaycanda yaxınını dəfn etməli olan şəxs bir sıra problemlərlə qarşılaşır. Qəbir yeri dövlətin mərhumun yaxınlarına verdiyi ödənişdən qat-qat artıqdır. Biz hələ hüzr mərasimindəki israfçılığı qeyd etmirik. Məsələn, şəhərin bir o qədər də bahalı qəbiristanlığı sayılmayan Binəqədidə bir məzar yeri 1000 manatdır. Qəbrin qazılması isə əlavə olaraq 300 manat tələb edir. Özəl qəbiristanlıqların yaradılması isə bu sahədəki ödənişlərə belə demək mümkünsə qanuni don geyindirməyə xidmət edəcək.

Bəs irəli sürülən təklif dinə və Azərbaycanın adət-ənənəsinə nə dərəcədə uyğundur?

İlahiyyatçı Elşad Mirinin fikrincə, İslam dinində dini ritual, mərasimlə bağlı haranınsa pul ilə verilməsi anlayıışı yoxdur. Amma peyğəmbərimizin məscidinin yerini vaxtı ilə öz pulu ilə alıb, inşa etdiyini deyən E.Miri vurğuladı ki, Türkiyədə qəbiristanlıqlarla bələdiyyələr məşğuldur: «Bələdiyyələr qəbiristanlıq üçün xüsusi yerlər ayırırlar. Həmin yerlər pulsuz olaraq vətəndaşlara təqdim edilir. Amma Yaponiyada insan cəsədi yandırılaraq xüsusi bir qaba yığılaraq, müəyyən yerlərə qoyulur. Bax həmin yerlərin qiyməti bir qədər dəyişkəndir. Amma bütün bunların İslamla əlaqəsi yoxdur. Dövlətimiz o qədər aciz deyil ki, bu məsələləri pul ilə etsin. Musa Quliyevin hazırda irəli sürdüyü təklif qeyri-rəsmi şəkildə edilən ödənişlərin rəsmiləşdirilməsinə xidmət edir.  Maşın nömrələrində olduğu kimi. Qeyri-rəsmi verilən məbləğlər daha sonra rəsmiləşdirildi».

Hikmət