Üzeyir Cəfərov: «Ordudakı xeyli sayda problemlərinin həllini tapmadığı bir zamanda belə təltiflər yersiz görünür»
Müdafiə naziri Zakir Həsənov rəsmi mətbuata müsahibəsində orduyla bağlı maraqlı etiraflarda bulunub. Nazir əvvəlki ordu rəhbərliyinin fəaliyyətini birbaşa tənqid etməsə də, dolayısıyla o dövrdə baş verən pozuntulara toxunub. Müdafiə naziri bildirib ki, keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib. Ərzaqlar Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında yoxlanıldıqdan sonra hərbi hissələrə paylanılır.
Amma orduyla bağlı bir sıra neqativ faktlar hələ həll olunmamış qalmaqdadır. Bu sırada əsgər ölümlərini vurğulamaq olar. Maraqlıdır ordudakı köklü problemlər həllini tapmadığı, işğal altında olan ərazilərin azad edilmədiyi halda ölkədə generalların sayı durmadan artır. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam bu qəbildəndir. Sərəncamla Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: «General-leytenant” ali hərbi rütbəsi general-mayor olan Elşad Babayeva, Eyvaz
Cəfərova, Nizam Osmanova, Heydər Piriyevə, Ramiz Tahirova verilib. Bundan başqa “General-mayor” ali hərbi rütbəsi ilə polkovniklər Fəxrəddin Cəbrayılov, Xəqani Cəbrayılov, Hikmət Həsənov, Vasif Kazımov, İlqar Mazanov, İdris Səfərov təltif ediliblər. Maraqlıdır ki, ordudakı neqativ hallara görə adları təltif olunanlar siyahısında olan şəxslər də məsuliyyət daşıyır. S.Əbiyevin vəzifədən uzaqlaşdırılmasından sonra xeyli general barəsində cinayət işi qaldırılıb. Ordunun bu halda olduğu bir dövrdə belə təltifləri necə dəyərləndirmək olar?
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, əslində bu cür təltiflər dövlət başçısının müşaviri Vahid Əliyevin silahlı qüvvələrə hörmətsiz yanaşmasının təzahürüdür. Çünki V.Əliyev 26 iyun münasibəti ilə köməkçisi Elşad Babayeva general-leytenant rütəbəsi verdiyini diqqətə çəkən Ü.Cəfərov vurğuladı ki, silahlı qüvvələrdə rütbəyə, vəzifəyə layiq kifayət qədər şəxslər var. Hazırda Nəcməddin Sadıqovla, Vahid Əliyevin ordunun kadr siyasətini bərbad günə qoyduğunu düşünən Ü.Cəfərov vurğuladı ki, amma təltif olunanlar arasında buna layiqləri də var: «Zakir Həsənovdan soruşmaq lazımdır ki, o nədən qorxur? O ANS TV-yə müsahibəsində deyir ki, ordudan qovulmuş adamlar ordunu gözdən salırlar. Əvvələ Zakir Həsənov öz ətrafına baxsın və görsün ki, onun nə cür bivec komandası formalaşıb. Ordu haqqında ən çox danışan mənəm. Amma mən ordudan qovulmamışam. Əgər Zakir Həsənovun şübhəsi varsa mən əksini sübut edə bilərəm. Əgər Zakir Həsənov məni ordudan qovulmuş hesab edirsə mən ona xəbərdarlıq edirəm ki, özünü yığışdırsın».
Ü.Cəfərov onu da qeyd etdi ki, ordudakı xeyli sayda problemlərinin həllini tapmadığı bir zamanda belə təltiflər yersiz görünür.
Xəyal


