Ataol Bəhramoğlunun ikiləşməsi

“Hər cür hesablaşmanı, ideoloji qarşıdurmanı sonraya saxlayaraq, bu gün əxlaqsızlığa, oğurluğa qarşı bütün namuslu insanların sağduyulu davranması, dərindən düşünüb-daşınması, bir-birinə dəstək verməsi lazımdır”.
Bu çağırışın müəllifi kimdir?
Ataol Bəhramoğlu!
Ataol Bəhramoğlu kimdi?
Türkiyənin günümüzdəki şeirinin önəmli imzalarından biri, solçu duruşu ilə bilinən, müxalif “Cümhuriyyət” qəzetinin köşə yazarı. Azərbaycan kökənli bir ailədəndir.
Yuxarıdakı sətirlər isə onun 21 iyunda yayımlanan yazısındandır.
Ataol bəy o yazıda vicdanlı, ağlı başında olan hər kəsi avqustda ölkəsində keçiriləcək prezident seçkilərində müxalifətin bir araya gəlib iqtidar namizədi, hazırkı baş nazir Ərdoğanın qarşısına çıxarmağa hazırlaşdığı vahid namizəd ətrafında birləşməyə çağırır, dolayısı ilə də talançı, anti-demokratik, çağdışı Ərdoğan rejiminə qarşı çiyin-çiyinə durmağa səsləyir.
Hörmətli oxucular! “Bundan bizə nə?” deməyə tələsməyin. Səbrli olun. Dahi rəhbərin sözü olmasın, axı azərbaycanlılar dözümlü xalqdır. “Bir az da dözün” – Xumar Qədimovanın məşhur mahnısında deyildiyi kimi.
Həmin Ataol Bəhramoğlu bu sətirləri yazmamışdan dörd gün əvvəl harda idi? Bakıda. Nə işi vardı? Yazıçılar Birliyinin qurultayına qonaq kimi təşrif buyurmuşdu.
Çıxış etdimi? Etdi. Nə dedi? “Azərbaycanda mədəniyyətin çiçəklənməsi məni qürurlandırır” dedi. Divarları hələ də repressiya olunmuş onlarla dəyərli, ləyaqətli şairin, yazıçının, ədəbiyyatçının qanı qoxuyan, hər zaman olduğu kimi, bu gün də zalım, yağmaçı bir rejimin züytutanı funksiyasını yerinə yetirən AYB-ə, onun 27 illik sədrinə bəytərifi söylədi.
Sonadək oturub dinlədiyi qurultayda onlarca çıxışçının birindən fərqli, aykırı fikir eşitmədiyi, qurultay lap 60-70-ci illərin kolxoz iclasına çevrildiyi, hər çıxışda Anar “əvəzedilməz”, “firon” kimi qələmə verildiyi halda, təkrar söz alıb “pardon, hansı çağda yaşadığımızı unutdunuzmu, bir nəfərin toxunulmaz, müqəddəs olması haqda bu tostlar, sağlıqlar hansı ağlın, məntiqin məhsuludur, ”o olmazsa, biz də olmarıq” nə deməkdir” söyləməyə ərdəmliyi çatmadı.
Ən maraqlısı: Ataol bəy Türkiyə Yazarlar Sendikatının sədri olub – 1995-dən 1999-adək. Cəmi dörd il. Niyə? Çünki o qurumun nizamnaməsində iki dəfədən artıq rəhbərlik yasağı var. Demokratiyanın təməl prinsiplərindən biri budur. Amma indi gəlib burda Yazıçılar Birliyinin “ömürlük sədr”i olmağı iddialı adamı yerə-göyə sığışdıra bilmir. Demokratiyanın “d”sini, azadlığın “a”sını belə, görməzdən gəlir.
Ataol Bəhramoğlu yaxşı şairdir. AYB-nin 1600 üzvünü bir cibindən çıxarar.
Buna sözüm yoxdur.
Amma Türkiyədə oturub zalıma diş qıcayaraq, sonra da Azərbaycana gəlib zülmkardan yana olanlara yarınmaq nəyin nəsidir?
Türkiyədə “tək adam” rejiminə qarşı silaha sarılıb, burada “tək adam” aşiqinə çevrilmək nə qədər vicdanidir?
Türkiyədə oğruluqdan, yalandan dad edib Azərbaycanda oğruluğa, yalana dəstək duranları “dostum”, “qardaşım” deyib bağrına basmaq hansı məntiqə uyğundur?
Üstəlik, Türkiyə qədər Azərbaycan da Ataol bəy üçün doğma olduğu halda, ailə bağları Azərbaycana uzandığı, Azərbaycanın da bir növ doğma vətəni olduğu halda, ən azı bu səbəbdən Azərbaycanın siyasi, ictimai, mənəvi ağrıları, acıları, məşəqqətləri həm də onun ağrıları, acıları, məşəqqətləri olmalı olduğu halda.
Zülm dünyanın hər yerində zülmdür. Haqsızlıq dünyanın hər yerində haqsızlıqdır. Yalan dünyanın hər yerində yalandır. Istibdadın, irticanın ölkəsi olmaz. Talanın, sümürgənin, basqının coğrafiyası olmaz.
Ən əsası:
Bunları sadəcə, öz ölkənlə sınırlandırıb, onlara qarşı dik durarkən, ölkəndən qırağa çıxdıqda hansısa şəxsi münasibətlərindən, kimlərləsə dostluğundan, qardaşlığından yola çıxıb yüz səksən dərəcə əksini söyləmək gerçək, həqiqi bir aydının kitabında yazılmaz.
Gerçək, həqiqi bir aydının kitabında vətənindən, millətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, harda əzilən varsa, onun yanında, harda bir əzən varsa, onun da qarşısında dayanmaq yazılar.
Məndən bu qədər.
Gerisi hər kəsin öz vicdanının biləcəyi işdir.