Bizi ədəbiyyat tanış etmişdi illər öncə. Orta məktəbdə hekayələrini oxumuşdum jurnallardan. Kitabı üçün Bakıya soraq yollamışdım. “Satışda yoxdur” cavabı gəlmişdi. Amma illər sonra da məktəb yaşlarında acgözlüklə oxuduğum yüzlərlə əsərdən yaddaşımın ən iti yerində qalmışdı o hekayələr. Bir gün taleyin bizi yürüdüyümüz eyni yolda qarşılaşdıracağı, uzun illər birlikdə çalışacağımız ağlımın ucundan da keçməzdi heç…
“Azadlıq”ın yerləşdiyi binada illərlə yol yoldaşı olduq. O, “Turan” informasiya agentliyinin “mədəniyyət” bölümündə çalışırdı və iş istiqamətimiz eyni olduğundan, bərabər dolaşırdıq tədbirləri. Kim bilir, birlikdə neçə teatr tamaşasına, konsertə, təqdimat tədbirlərinə yol yormuşuq! Sonralar 6-7 ay “Turan”da da birlikdə çalışdıq. Ondan öyrəniləcək çox şey vardı. Dünya ədəbiyyatından, sənətin fərqli sahələrindən, rəssamlıqdan və musiqidən elə danışardı ki, gözəl-gözəl. Zövqlü, seçimli və kübar geyimindən tutmuş danışıq tərzinə qədər tam bir zəriflikdi Sara xanım! Estetika üzrə aspirantura təhsili almışdı, amma bu incəlik oxumaqla olan məsələ deyildi, məncə, anadangəlmə bir şey idi.
Əslində, Sara Oğuz imzası qadın yazarlarımız arasında daha parlaq, daha seçilən bir iz qoymağa layiq idi. Amma özünə, yaradıcılığına vaxt ayırmağa macal tapmırdı ki. Böyük bir həyat hekayəsi yaşamış insanlardandı o. Bəlkə də ən gözəl xəyallarından vaz keçmişdi bir sevgi uğruna. Gənc ikən dünyadan köçmüş qardaşının iki övladını böyütmək üçün hər şeyi qurban vermişdi. Kim bilir, bəlkə, həyatının ən böyük sevgisini də…
Illər öncə 4-5 kitabı çıxıb Sara xanımın. Son zamanlar ingilis dilində “Selected Works” adıyla onların seçilmiş toplusunu buraxmışdı. Bu kitabı hətta Oksfordun Bodlean kitabxanasında yer alıb. 1994-cü ildə ABŞ-da “Ikarus” jurnalında povesti çap olunub. 1996-cı ildə YUNESKO-nun “The World Literature to Day” toplusunda “Kəpənək ömrü” povesti nəşr edilib.
Uzun zamandır zalım xərçəng yaxalamışdı onu. Səbr və yorulmadan mübarizə apardı neçə il. Heç nikbinliyini itirmədi. Son dəfə keçən il qatarla Gəncəyə tədbirə getmişdik. Yolboyu xeyli söhbətləşmək imkanımız oldu. Iki gün də Gəncədə doyumsuz söhbətlərindən zövq almaq fürsəti qazandım. Yazdığı ssenarilər, Nizami və Məhsəti haqqında araşdırmalarından danışdı. Nizamini yuxuda gördüyünü, Məhsəti ilə bağlı bəzi “mifik” məqamların izində olduğunu. Elə gözəl danışırdı ki, bu şeyləri, heyranlıqla dinləməmək mümkün deyildi, sadəcə.
Nədənsə, hər zaman Sara xanımın ədəbiyyatımızın zərif qələmi Məhsəti Gəncəviyə bənzərliyi hissi olub içimdə. Özünə heç vaxt deməmişdim bunu. Amma bu bənzətmə bir təsadüf idimi? Demə, o özü Məhsətinin izində olub həmişə. Şairəylə bağlı sənədli filmə yazdığı ssenariyə “Sirli bənövşə” adı vermişdi. Inanın ki, bu eyni ilə onun özünə yaraşan bir adddır elə. Üç gün əvvələ, son nəfəsinə qədər gözəlliyini, zərifliyini və nikbinliyini nə qədər qoruyub saxlasa da, hər zaman içində bir hüzn gizləndiyi bəsbəlliydi. Özündən başqa kimsə bilməzdi, şübhəsiz, o hüznün içində saxlananları. Belə zərif, ətirli, çiçək kimi solub getdi uzaq yolçuluğuna. Bənövşə qədər gözəl, bənövşə qədər kədərli Sara xanım…