2014-cü ilin təqvimi neçənci ili göstərir?

Tanınmış italyan yazıçısı, bizim oxucuların daha çox “Tatar çölü” romanı ilə tanıyıb bəyəndikləri Dino Busattinin “Insanın böyüklüyü” adlı maraqlı bir hekayəsi var. Həmin hekayənin məzmununu nəql etmək fikrindən uzağam. Oxumayanlar onun dilimizə tərcüməsini internetdən axtarış verib tapa bilərlər.

Həmin hekayə bu cümlə ilə bitir: “Bəzi şeylər, hətta ən yaramazları belə, düşünməyə məcbur edir”.

Hərdən fikirləşirəm: bizdə necə, elə “bəzi şeylər” baş verirmi ki, onlar hətta Busattinin nəzərdə tutduğu ən yaramaz adamlar bir yana, küll halında adamları düşünməyə məcbur etsin? Uzun-uzadı fikirləşməyə ehtiyac yoxdur, həyatımız, ətrafımız insanın qanını donduran, əlini üzündə qoyan, “bu qədər də olmaz” deyə biləcəyimiz çirkin, eybəcər hadisələrlə doludur, amma bu nə qədər adamın qəlbini ağrıdır, vicdanını sızladır, onu düşünməyə məcbur edir?

Gəlin hesablamayaq. Onsuz da nəticə bəllidir.

Budur, şərləyərək həbsə atdıqları daha bir siyasi məhbus gənci “əfv ərizəsi”nə qol çəkdirib öz aləmində həm onu sındırdıqlarının, biətə məcbur qıldıqlarının dadını çıxarır, həm də başqalarına da gözdağı verdiklərini, mənəvi sarsıntıya məcbur etdiklərini sanırlar. Iş o yerə çatıb ki, həmin gəncə “əfv ərizəsində” yerli-dibli üzvü olmadığı partiyadan istefa verdiyini də yazdırıblar. Dəhşətdir. Adam evindən asdığı, üzərinə “2014-cü il” yazılan təqvimdən utanır. Biz, doğrudanmı 2014-cü ildəyik? Həqiqətən 21-ci əsrdəmi yaşayırıq? Elə isə bu çağda nə işdir, nə bəladır biz düşmüşük?

Ya da budur, dünən NIDA-çıların apelyasiya şikayətinə baxan hakim “Bura məhkəmə deyil…” deyən gənc məhbuslara irad tutur: “Mərifətiniz, qanacağınız olsun”. Aldığı cavab möhtəşəmdir: “Günahsız gənc adamları tutub basmısınız bura, hələ bir mərifətdən, qanacaqdan da danışırsınız”.

Bax, uzun zamanlar biz həm də topluma bunu anlatmağa çalışırdıq. Tərbiyə və əxlaq anlayışlarını bir-birindən fərqləndirirdik, hətta bu mövzuda “Tərbiyəli əxlaqsızlar” adlı yazı yazdığımı da xatırlayıram. Söhbət nədən gedir? Bizi xalq olaraq geri atan, həm də tərbiyə və əxlaqı eyniləşdirməyimizdir. Halbuki, onların biri şəxsi, digəri ictimai hadisədir. Şərəf və ləyaqət kimi. Məsələn, avtobusda yaşlı qadına yer vermək tərbiyə ilə bağlı məsələdir, amma sonra gedib Şərə səs vermək isə artıq əxlaqla bağlıdır. 

Siz zibili küçəyə deyil, zibil qabına ata bilərsiniz, bu zaman tərbiyənizi nümayiş etdirirsiniz, amma seçki qutusuna topa-topa bülleten atanda da hansı əxlaqa sahib olduğunuzu göstərirsiniz.

Yəni, tərbiyəli olmaq hələ əxlaqlı olmaq deyil. Tərbiyəli olub əxlaqsız olmaq da mümkündür. Hansı ki, bizdə nümunələri kifayət qədərdir.

Bəli, biz indi elə bir ölkədə yaşayırıq ki, qadın başqasına bir az fərqli gözlə baxsa, bu cinayət səbəbinə çevrilir, amma eyni qadın qoynundan saxta bülleten çıxarıb başqasının yerinə səs versə, hamı onun fərasətindən bəhs edəcək. Bəs necə, bu da ailə, uşaq saxlamağın bir yoludur Azərbaycanda. Həm də artıq legitimləşmiş, təbii qəbul edilən yolu.

Mən bunu tez-tez yazıram: azərbaycanlılar bəlkə də dünyada yeganə xalqdır ki, uşaq qənddandan icazəsiz qənd götürəndə bunu “oğurluq” hesab edirlər, uşağı cəzalandırırlar, üstəlik, bunu onun tərbiyəsi ilə əsaslandırırlar. Amma eyni azərbaycanlılar həmin uşaq böyüyəndə ona “hamı necə, sən də elə” tipli öyüd-nəsihətlər verir, başqasının rüşvətlə, əyri yollarla varlanan uşaqlarını öz övladlarına nümunə göstərirlər.

Bunlar bizim tərbiyə və əxlaq anlayışları arasındakı incə cizgidən xəbərsizliyimizin görsənişləridir. Nəticə isə ona gətirib çıxarır ki, məsələn, haqsız, sifarişli həbsə imza atan hakim sonra durub mərifət, qanacaq barədə moizə oxuya bilir.

Əslində, belə məsələləri gəlişmiş, sivil xalqlar çoxdan həll edib qurtarıblar, biz isə ilin-günün bu vaxtı hələ də nöqtəsi 200-300 il əvvəl qoyulmuş söhbətlərlə uğraşırıq. 

Qısası, nə başçılarımız təqvimə uyğun gəlir, nə başımıza gələnlər.

Doğrudan da, axı biz hansı zamanda yaşayırıq?