“Bu işlərin axırı necə olacaq?” Bu suala cavab vermək həmişə çətindir. Əslində “gözlənilən axır” bəllidir. Bütün zamanlarda olduğu kimi, sonluq zülmə, zülmkara, Şərə yaxşı heç nə vəd etmir. Onun nəsibi həmişə çöküşdür. Tarixin kirli, tozlu arxividir. Lap hər gecənin sonu gündüz olduğu kimi. Hər qışdan sonra bahar gəldiyi kimi.
Bilirəm, şablon cümlələrdir. Bir az da qulaqlarımızın artıq alışqan olduğu təsəlli cümlələrinə oxşayır. Amma bu, tarixi həqiqəti, minillərin təcrübəsini dəyişmir. Gözlənilən son olacaq. Amma indi bu haqda danışmaq ona görə ikiqat çətindir ki, hamı konkretlik tələb edir. “Bu işlərin axırı necə olacaq?” deyə soruşduqdan sonra da “Bəs nə vaxt olacaq?” sualı gəlir. Indi əksəriyyəti bu işlərinin axırının “necə olacağı” qədər, bəlkə də daha çox “nə vaxt” olacağı düşündürür. Heç kim ümumi, tarixdən örnəklərlə süsləndirilən cavabla kifayətlənmək istəmir.
Başa düşüləndir. Mübarizə, müqavimət pis-yaxşı davam edir, hamı təslim olmayıb, hamını aldada bilməyiblər, hamı susdurulmayıb, hətta dirəniş cəbhəsinə yeni qoşulanlar da az deyil, proses zəncirvaridir, həlqə qırılmır, gedənlərin yeri boş qalmır, amma bununla belə, narahatlıqlar da var. Nəticəsizlik şəraitində rejimin işgəncə və şirnikləndirmələrindən sınmayanlar, sağ qalanlar haracan dözəcəklər?
Əslində isə əvvəlcə buna aydınlıq gətirilməlidir. Doğrudanmı, biz tamamilə nəticəsizlik şəraitindəyik? Doğrudanmı, heç bir nəticə yoxdur?
Əsla belə düşünmürəm. Yol qalır, yol itib-batmayıb ot-alaqlar içində. Bu özü artıq nəticədir. Indi bəlkə çoxlarımız ümidsizdir, amma təsəvvür edin, bir də yolsuz qalsaydıq, yolu itirsəydik nə baş verərdi? Bundan daha dəhşətli, qorxunc, dözülməz nəticə ola bilərdimi? Bu dözülməz nəticə hətta 21 illik nəticəsizlikdən daha betər, ağrılı fəlakətli olmazdımı?
Bəli, Azərbaycan nəhəng bir bozluğa və boşluğa təslim olub, amma ötən illər heç də tamamilə boşa getməyib. Artıq rejim öz qurulduğu yaşda, özü ilə olan insanlardan da qorxub, ürküb onları həbs edirsə, illərin boşa getdiyini söyləmək böyük haqsızlıq deyilmi? Hər şey bir yana, çiçəyi burnunda belə ləyaqətli məhbus gənclərə, Şahinlərə, Ömərlərə qarşı sayğısızlıq deyilmi?
Hərdən mənə elə gəlir, biz heç ümid etməyi də düz-əməlli bacarmırıq. Biz ümidlərimizə “istifadə müddəti” təyin edirik. Necə? Çox sadə. 2003-də olmadısa, eybi yox, 2005-ci ildə düzələr. 2005-də yaxşı heç nə baş vermədi, 2010-da, 2010-da da bir nəticə olmadı, 2013-də, 2013-də də bir şey alınmadısa, 2015-də düzələr. Bəs sonra? Sonra bax beləcə ümidlərimizin “istifadə müddəti” bir-bir başa çatır, “yararsız məhsul”a çevrilir, ümidlər ümidsizliyüi doğurur.
Bernard Şou deyirdi ki, ümidi heç vaxt boşa çıxmayanlar heç vaxt ümid etməyənlərdir.
Bəlkə indi biz də belə edək? Bəlkə biz də yerli-dibli ümid etməyək?
Sadəcə, yola davam edək. Bu yolu mənzil başına çatdırmaq üçün nəyi bacarırıqsa, onunla məşğul olaq. “Bəs nə vaxt” sualına ilişib qalmayaq.
Bir az da nəticə heç vaxt olmayacaqmış kimi yürüyək.
“Zirvəyə yönəlmiş mübarizənin özü insan qəlbindəki boşluqları doldurmağa kifayət edir. Ona görə də Sizif xoşbəxt sayılmalıdır” – bunu isə Alber Kamyu “Sizif haqqında mif”in sonunda yazırdı.
Nəticəsizliklərdən və ümidsizliklərdən yorulanlara bundan yaxşı cavab tapa bilmədim.