
Azərbaycanla bağlı da «Maqnitski siyahısı» hazırlanıb
Sanksiya tətbiqi tələb olunan şəxslər siyahısında vicdan məhbuslarının barəsində hökm çıxarmış hakimlərin adları var
Artıq Azərbaycanla bağlı da analoji “Maqnitski siyahısı” var. Ilkin olaraq, siyahıya vicdan məhbusları barəsində ədalətsiz hökm çıxarmış altı hakimin adı daxil edilib. Bu barədə Sülh və Demokratiya Institunun direktoru Leyla Yunus dünən keçirdiyi mətbuat konfransında məlumat verib.
Leyla Yunus bildirib ki, siyahı Sülh və Demokratiya Institutunun nəzdində fəaliyyət göstərən Repressiyalara Qarşı Müqavimət Mərkəzi adından hazırlanıb. Hüquq müdafiəçisinin sözlərinə görə, növbəti mərhələdə, siyasi məhbusların qanunsuz həbsində əli olan, onların barəsində cinayət işlərinin istintaqını aparmış polis, prokurorluq və MTN əməkdaşlarının adları müəyyənləşdirilərək, siyahıya daxil ediləcək. Daha sonra isə bu həbslərin sifarişçilərilə bağlı araşdırma aparılıb, onların da kimliyi müəyyən ediləcək və həmin adlar da siyahıya daxil ediləcək. Leyla Yunus bu siyahıda Prezident Administrasiyası, Ədliyyə Nazirliyi və s. qurumların vəzifəli şəxslərinin adlarının olacağını istisna etmir.
Qeyd edək ki,ÿ2012-ci ilin dekabrında ABŞ insan hüquqları və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edən Maqnitski Aktı qəbul edib. Qanuna əsasən, istintaq təcridxanasında “Hermitage Capital” investisiya fondunun auditoru Sergey Maqnitskinin ölümündə əli olduğu ehtimal olunan 60 nəfər rus məmuru və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət “Maqnitski siyahısı” tərtib edilib. Məmurların adları açıqlanmır. Siyahını Amerika senatoru Benjamin Kardin tərtib edib. Siyahıya adı düşmüş şəxslərə qarşı fərdi sanksiyalar tətbiq edilir, insan hüquqlarının pozulması ilə əlaqədar onlara ABŞ-a səfər etmək qadağan edilir. Maliyyə sanksiyaları da bura daxildir.
Siyahıda hansı hakimlərin adları var?
“Sülh və Demokratiya Institutu 2009-cu ildən məhkəmələrin monitorinqini həyata keçirir. Azərbaycanda siyasi məhbusların sayının bu qədər artmasının əsas səbəbi ölkədə müstəqil məhkəmə sisteminin olmamasıdır. Bizim təşkilatın siyahısında 90 nəfər siyasi məhbus, 40 nəfər də vicdan məhbusunun adı var. Avtoritar rejimin hökm sürdüyü Azərbaycanda repressiyaların qarşısını almağın yollarından biri insan haqları və qanunları tapdalayan, ölkənin Avropa Şurası, Avropa Ittifaqı, ATƏT kimi təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə əhəmiyyət verməyən məmurlara qarşı sərt sanksiyaların tətbiqidir. Sanksiyalar deyərkən, Allahsız, insanlıqdan kənar, qanunazidd qərarlar qəbul edən, addımlar atan məmurların ABŞ və Avropa Birliyi ölkələrinə səfərlərinin qadağan olunması, onların həmin ölkələrdəki bank hesablarına qadağa qoyulması və digər tədbirlər nəzərdə tutulur”, – deyə Leyla Yunus bildirib.
Qeyd edək ki, Leyla Yunusun hazırladığı ilkin siyahıya Bakı Ağır Cinayətlər Məhkəməsində NIDA-çıların işi üzrə prosesə sədrlik etmiş hakim Cavid Hüseynov, elə həmin məhkəmədə jurnalist Pərviz Həşimlinin barəsində hökm çıxarmış Novruz Kərimov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və bu qurumun icraçı direktoru Bəşir Süleymanlının işinə baxmış Rauf Əliyev, hüquq müdafiəçisi və milli azlıqların qəzeti olan “Tolışi-Sədo”nun baş redaktoru Hilal Məmmədova qarşı hökm çıxarmış Azər Orucov, Lənkəran şəhər məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqlı ilə bağlı prosesə sədrlik etmiş Elçin Kazımov və Şəki Ağır Cinayətlər Məhkəməsində “Ismayıllı işi”, o cümlədən REAL Hərəkatının sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu haqda hökm vermiş Rəşid Hüseynovun adları daxil edilib.
Barrozo da “qara siyahı”ya “hə” deyib
Leyla Yunus onlarla iş üzrə sifarişli, ədalətsiz hökmlər çıxarıldığı halda, məhz bu altı hakimin adının daxil edilməsini belə əsaslandırıb: “Mən əvvəlcədən hazırlıq görmədən heç nəyi açıqlamıram. Iyunun 11-də ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələr zamanı da Azərbaycanla bağlı ”Maqnitski siyahısı”nın qəbulu məsələsi müzakirə olunub. Həmçinin iyunun 14-də Bakıda Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun vətəndaş cəmiyyətinin təmsilçilərilə görüşündə də bu fikir səsləndi. Razılaşdıq ki, təklifi hamımızın adından hüquq müdafiəçisi Fuad Həsənov səsləndirsin. Barrozo da müsbət qarşıladı. Dedi ki, lazımlı təklifdir, siyahını hazırlayın. Bizim məhkəmələrin monitorinqi üzrə bir neçə ildir təcrübəmiz olduğundan qərara alındı ki, siyahını da Sülh və Demokratiya Institutu adından mən hazırlayım. Siyasi motivlərlə həbs olunmuş günahsız insanlar məhz vicdansız hakimlərin əlilə cəzalandırılır, azadlıqdan məhrum edilir. Ona görə də əvvəlcə sanksiya tətbiq olunası hakimlərin siyahısını hazırladıq. Bizim monitorinq qrupumuz məhz siyahıda adı olan altı hakimin apardığı məhkəmə prosesini izləyib, həmin proseslərdə yol verilmiş qanun pozuntularını qeydə alıb. Ona görə də qanunsuz qərarlar qəbul etdiyinə əmin olduğumuz şəxslərin adlarını siyahıya daxil etmişik. Yəni, bizim hazırladığımız siyahının arxasında konkret sübutlar dayanır”.
“Maqnitski siyahısı”nın müəllifi olan senator, ATƏT-in Parlament Parlament Assambleyasının sədr müavini Benjamin Kardinlə də bu mövzuda söhbət etdiyini deyən Leyla Yunus bildirib ki, 6 nəfər hakimin adı olan ilkin siyahı artıq ABŞ-a göndərilib. Bundan başqa, iyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT-in toplantısı keçiriləcək. Toplantıda iştirak üçün Qərb rəsmiləri, o cümlədən Benjamin Kardin də Bakıya gələcək. Leyla Yunusun senator Kardin, eləcə də Helsinki Komissiyasının digər üzvlərilə görüşü nəzərdə tutulub. Hüquq müdafiəçisi həmin şəxslərə də siyahını təqdim edəcək.
Leyla Yunusdan prokurorluğa mesaj
Leyla Yunus həmçinin xeyli vaxtdır ki, onu təqib edən prokurorluğa da mesaj ünvanlayıb: “Üç həftə əvvəl prokurorluq qanunsuz olaraq, məni yenidən Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırdı. Mən bizdən qanunsuz olaraq götürülmüş, özümün və həyat yoldaşımın pasportlarımızı, evimin mülkiyyət sənədlərini tələb etdim. Getmədim, bildirdim ki, qanunsuz götürülmüş sənədlərimiz qaytarılsın, mən yenidən gedib ifadə verim. Onlar mənə rəsmi çağırış göndərdilər, yenə getmədim. Prokurorluq bəyan etdi ki, məhkəmə qərarına əsasən, zorla məni dinməyə aparacaqlar. Bundan sonra mənim vəkilim onların qanunsuzluğunu konkret faktlarla sübut edən bəyanat yaydı. Mən istədiyim odur ki, bunlar qanunla işləsinlər. Üç həftə keçib, onlar susurlar, nə oldu o məhkəmə qərarı? Əvvəl onlar hücuma keçmişdi, indi də növbə mənimdir. Onlara deyirəm, mən geri çəkilməyəcəm, adlarınız elə bir ”qara dəftərə” düşəcək ki, ömür boyu yadınızdan çıxmayacaq. Həbsxanaya göndərdiyiniz günahsız adamlarla yanaşı, sizin də adlarınız bütün dünyada yayılacaq. Mən buna söz verirəm!”
Sonda isə hüquq müdafiəçisi haqqı pozulan vətəndaşlara müraciət edib: “Haqqınız pozulursa, birləşin, hücuma keçin. Qorxmayın, özünüzə hörmət eləyin, yaltaqlanmayın, şəxsiyyət olaraq, qanunlara əməl olunmasını tələb edin!”
Aytən Məmmədova


