Bütün zamanların ən qiymətli kitablarından biri – “Qulliverin səyahəti” romanının müəllifi Conatan Svift məşəqqətli həyat yaşamışdı. Elə bu həyat da ona ömrü və yaradıcılığı boyu zülmə, ədalətsizliklərə, ictimai, siyasi, sosial və mənəvi iyrəncliklərə, idbarlıqlara qarşı barışmaz olmağı, mücadilə etməyi öyrətmişdi.
Svift öz pamfletlərindən birində təklif edirdi ki, yoxsulların uşaqlarını öldürüb doğramaq, ətini duzlayıb küpələrə yığmaq və satışa çıxarmaq lazımdır. Bununla həm yoxsulluğun qarşısını birdəfəlik almaq, həm də ölkəni inkşaf etdirmək olar. Mən bu haqda alman şairi və dramaturqu Bertold Brextin “Həqiqəti yazmağın beş çətinliyi” adlı məqaləsində oxumuşdum (bu məqalə çox dəyərlidir, onu hər kəsə mütləq və mütləq oxumağı məsləhət görürəm; məqalənin Ruslan Köçərlinin çevirməsində dilimizə tərcüməsini “kultura.az” saytından oxuya bilərsiniz, maraqlananlar üçün link: ı hissə – http://kultura.az/articles.php”item_id=20140430101958595&sec_id=1, ıı hissə: – http://kultura.az/articles.php”item_id=20140502073039420&sec_id=1).
Brext yazır ki, burada Svift bilərəkdən özünü axmaq yerinə qoyub, əslində isə oxuyanlar onun nə demək istədiyini yaxşı başa düşürdü. Yoxsul uşaqlarını lazımsız döyüşlərdə aparıb qırdırmaq Sviftin verdiyi təklifdə olan qətl üsulundan nəticə etibarilə fərqlənmir. Sadəcə, Svift yoxsulları agah edir ki, xəbəriniz olsun, ölkəyə çarəsiz aclıq üz versə, varlılar, hətta sizin balalarınızı kəsib yeyəcək qədər amansızdılar.
Mən Azərbaycandakı guya, analoqsuz iqtisadi inkişaf haqqında rəsmi təbliğat qarşısında həmişə Sviftin bu pamfletini və Brextin ona şərhini xatırlayıram. Biz indi hər gün eşidir və oxuyuruq ki, Azərbaycanda yoxsulluq az qala ləğv edilib, guya, bir vaxtlar mövcud olan 49 faizdən 5 faizə endirilib. Yaxşı, deyək ki, yoxsulların sayı azalır, bəs elə rəsmi rəqəmlərə görə ünvanlı sosial yardım alanların sayı niyə artır? Bu yardım üçün müraciət edənlərin sayı niyə çoxalır? Bu təzadı, absurdu, məntiqsizliyi nə ilə izah etməli?
Əlbəttə, Əliyevlərin Azərbaycanında izah və məntiq axtarışı gülüş doğurur. Yalan hər şeyi üstələyibsə, daha nə məntiq-zad? Odur ki, yaxşısı budur, burada dayanaq. Şopenhauer demiş, onsuz da yalan danışmaq sübut etməkdən asandır.
Ümumiyyətlə, ünvanlı sosial yardım Azərbaycanda ələbaxımlılığın legitimləşdirilməsidir. Əvvəla, niyə bu qədər bərəkətli, zəngin torpaqlarda yaşayanlar hansısa yardıma ehtiyac duymalıdırlar? Niyə onlar öz dolanışıqlarını, güzəranlarını özləri təmin etmək haqqından məhrum ediliblər?
Ikincisi, ünvanlı sosial yardım yapçıların mərhəməti kimi təqdim olunur. Halbuki, hər bir toplumun mərhəmətdən çox ədalətə ehtiyacı var. Sən ədalətli dövlət qur, ədalətli idarə et, ölkənin sərvətlərini bərabər, ədalətli böl, gerisinə qarışma. Ədalət özü mərhəməti doğuracaq. Həm də təmənnasız, çirkin məqsədlər güdməyən mərhəməti.
Əlbəttə, biz “ünvanlı sosial yardım” hiyləsini də yaxşı başa düşürük. Havayı pendir tələ də olur. Ölkədə xeyli insanı da həmin yardımla susdururlar, özlərindən asılı vəziyyətə salırlar.
Yoxsulluğu doğrudan və birdəfəlik ləğv etməyin ən yaxşı yolunu isə Svift, yazının əvvəlində haqqında danışdığımız pamfletində təklif edib. Gərək yapçılar məşhur yazıçının sözlərini qəribçiliyə salmasınlar.
Onsuz da biz onlardan əvvəl-axır elə bunu gözləyirik.