Xalq artisti(!) Səməd Səmədovun bu günlərdə mətbuata verdiyi müsahibəsində maraqlı bir məqam diqqətimi cəlb etdi. O, it sahibi olması ilə fəxri ada layiq görülməsi arasında mistik bir bağlılıq olduğunu həvəslə vurğulayırdı. Səhv etmirəmsə, müsahibə elə-belə də adlanırdı: “Itimin ayağı düşərli oldu və mən xalq artisti oldum”. Bax, belə…
Tənbəllik etməyib müsahibəni axıradək oxudum. Bəli əziz oxucu, mətn başlığa tam uyğun gəlirdi, müğənni etiraf edirdi ki, məhz iti ona uğur gətirib.
Müsahibə ilk baxışda şou-biznes silsiləsinə aid olsa da, inanın ki, rejimin mahiyyətini anlamaq üçün əvəzsiz bir materialdır.
Bu rejimdə “uğur” qazanmaq, karyera qurmağın kriteriyaları tamam başqadır. Mütləq çiyninə bir quş qonmalıdır…
Mərhum Məhəbbət Kazımovun ecazkar səsi milyonlarla insanın qəlbini riqqətə gətirsə də, yalnız ömrünün son ilində əməkdar artist adına layiq görüldü. Azərbaycan musiqisinin nadir səsi “Dədə Süleyman” hələ də əməkdar artistdir və s.
…27 ildir ki, Azərbaycan Yazıçılar birliyinə sədrlik edən Anar bu günlərdə növbəti müddətə sədr seçildi. Onu Səməd Səmədovla müqayisə etmək fikrindən uzağam, hətta onu tənqid edənlərin bəzi arqumentləri ilə razı deyiləm.
Anar gəncliyimdə mənim ən sevdiyim yazıçı olub. Onun qələmindən çıxan əsərlər durğunluq dövrünün güzgüsü idi, desəm, yəqin ki, yanılmaram. Həmin əsərlərin yazıldığı tarixə fikir versək, heyrətə gəlməmək mümkün deyil. Sovet rejimini, xüsusən də Azərbaycanın 60-80-ci illərini amansız şəkildə tənqid edən bədii əsərlər məhz onun qələmindən çıxıb. Hazırda onu tənqid edənlərin əksəriyyəti o zaman, döşündə oktyabryat, komsomol nişanları, cibində partbilet gəzdirənlərdir.
Anar bu gün istedadsızların əhatəsindədir. O buna məcbur edilib. Böyük ehtimalla gələcəkdə onun kreslosunda oturacaq olan Rəşad Məcidin istər yaradıcılığı, istərsə də verdiyi açıqlamaları ilə tanış olduqca, adamı heyrət bürüyür. Adam özünü sovet dövründəki Azərittifaqın müfəttişi kimi aparır. Evi ola-ola jurnalist kimi ev almağına münasibət bildirən yazıçının(!) sözləri yəqin ki, yadınızdadır. Dedi “belə əcəb eləmişəm, gələn bölgüdə birini də alacam”. Halbuki, istedadlı yazıçı olsaydı, daha bədii, yaradıcı bir cavabla ortalığı bir sakitləşdirə bilərdi…
Anarı bu gün ölkədə baş verənlərə qarşı etiraz səsini qaldırmamaqda ittiham etmək olar, çünki o buna sadəcə borcludur. Lakin o bunu etmirsə, düşünürəm ki, onu bu yaşda məcbur etmək də düzgün deyil.
…Təxminən bir ildən çoxdur ki, TQDK sədri Məleykə Abbaszadədən səs-soraq yoxdur. Səbəbi çox sadədir, belə ki, artıq bir ildən çoxdur hakim ailəyə yaxın yeni təhsil naziri iş başındadır. Bu gün artıq hamıya məlumdur ki, rejim təhsildə heç bir islahat aparmaq niyyətində deyil. Ara-sıra bir neçə məktəb direktoru işdən çıxarılsa da, orta və ali məktəblərdə rüşvət əvvəlkindən daha intensiv və çevik hala gələrək vahid mexanizmə çevrilib. Bakının orta məktəblərində hətta birinci sinifə qəbul haqqı təxminən iki dəfə artıb. Buraxın məktəbi, elə uşaq bağçaları var ki, qəbul 500-1000 manatı keçib. Halbuki Mikayıl Cabbarov nazir vəzifəsinə gətiriləndə nədənsə bir çoxlarında əminlik var idi ki, sistemdəki bəzi rüşvətlər yığışdırılacaq… Əksinə oldu, yeniləri yarandı…
Mikayıl Cabbarov bunlarla kifayətlənməyib, orta məktəb müəllimlərini test etməyə qalxdı. Yəqin ki, bu tip testlərin Azərbaycanda hansı məqsədlərlə edildiyini xırdalamağa ehtiyac yoxdur.
Rejim səhv etdiyini anladı. Doğrudan da absurd addım idi, “necə yəni rüşvət alıb diplom vermisən, indi də yoxlayırsan?” Dəmir məntiqdir, deyilmi?…
Odur ki, Bakıdaki orta məktəb müəllimləri arasında keçirilən test-imtahanın nəticələri əvvəlcədən elan edildiyi kimi, ictimaiyyətə elan edilmədi. Qərara alındı ki… müəllimlər imtahan kodunu daxil edib, öz nəticələri ilə tanış olacaqlar…
Yəni imtahan verən müəllimlərin nəticələri haqda bilgi sirr saxlanılacaq, bunu bir imtahan verən biləcək, bir də “aidiyyəti” olanlar. Əsas tərəf olan valideynlərin isə nəticələri bilməsi məsləhət deyil.
Nə Səməd Səmədov, nə Mikayıl Cabbarov, nə də Rəşad Məcid üçün dəyişiklik yaxşı heç nə vəd etmir.
Rejim bunun fərqindədir…