Pikenin acı taleyi

1965-ci ildə “Çarlton”un futbolçusu Keyt Pikok Ingiltərə çempionatının oyununda əvəz olunanda FIFA hələ bu dəyişikliyə hazır deyildi. Hətta dünya çempionatlarında da komandalar əvəzedicisiz oynayırdı. Qapıçılar zədələnəndə yerini sahə oyunçularına verirdi. Onları isə heç əvəz eləyən də olmurdu: zədələnən futbolçunun komandası azlıqda qalırdı.

Ilk dünya çempionatında – 1930-cu ildə Yuqoslaviya milli komandasının oyununda kuryoz vəziyyət yaranmışdı. Fasilədən sonra paltardəyişmə otağından çıxan futbolçunun sifəti dəmir barmaqlığa tuş gəlmişdi, üzündə salamat yer qalmamışdı. Beləcə, Yuqoslaviya qalan 45 dəqiqəni azlıqda keçirməli olmuşdu…

Bədniyyət FIFA

FIFA ilk əvəzetməyə 1970-ci il dünya çempionatında icazə verdi. SSRİ – Meksika oyununda meydandakı yerini komanda yoldaşına verən ukraynalı Anatoli Puzaç tarixə düşdü. Həmin gün dünya çempionatlarında həm də ilk dəfə hakimlər futbolçulara sarı vərəqə göstərdi. Referi beş sarı vərəqədən istifadə elədi. O çempionatda çox sarı vərəqələr oldu, amma hakimlərin kiməsə qırmızı vərəqə göstərməyə ürəyi gəlmədi…

Brazliyadakı dünya çempionatının geridə qalan oyunları göstərdi ki, FIFA yeni dəyişikliklərə getməlidir. Əslində, dəyişikliklər beynəlxalq futbol təşkilatından çoxdan tələb olunur. FIFA uzun müddətdir müqavimət göstərir, xoş niyyət nümayiş elətdirmir. Bəlkə də, bu yazının mövzusu deyil, amma burada təşkilat rəhbərliyinin fırıldaqçı obrazı da az rol oynamır. Indi dünya futbol ictimaiyyətində çoxlarına bəllidir ki, Rusiya və Qətərə növbəti dünya çempionatlarını keçirmək hüququ rüşvət müqabilində verilib. Qətər məsələsində konkret faktlar ortaya qoyulub, buna baxmayaraq, FIFA Asiya ölkəsinin namizədliyini ləğv eləmir.

Dünya çempionatında hakim səhvləri baş alıb gedir. Artıq 5-6 oyunda həmin səhvlər nəticəyə təsir göstərib. Uzağa getməyək, Bosniya və Herseqovina – Nigeriya oyununu misal göstərək. Bosniyalıların “təmiz” qolu sayılmadı, əvəzində Nigeriyaya hesabı qayda pozuntusu ilə açmağa imkan verildi. Ekspertlər dəfələrlə FIFA-ya məsləhət görüb ki, ofsaydın müəyyənləşdirilməsi üçün xüsusi mexanizm tətbiq olunsun. Yəni, oyundankənar vəziyyət halını hakim müəyyənləşdirməsin. FIFA məsləhətlərə heç əhəmiyyət vermir. Nəticə göz qabağındadır, Bosniya və Herseqovina hakim səhvinin qurbanı oldu və mübarizəni dayandırır.

Əvəzetmələrdə dəyişiklik də təklif olunub. Məsləhət görülmüşdü ki, elə bu dünya çempionatından başlanılsın. Ekspertlərdən biri çox yaxşı variant təklif eləmişdi: ilk yarıdakı əvəzetmə ümumi saya əlavə olunmasın. Yəni, komandalara ikinci hissədə üç dəyişiklik eləməyə icazə verilsin. Aydın məsələdir ki, ilk yarıda, adətən, zədəyə görə əvəzetmə olunur və bir növ məcburi xarakter daşıyır. Bir neçə komanda FIFA-nın dəyişikliklərə isti yanaşmamasına görə əziyyət çəkib. Məsələn, Portuqaliya milli komandası Almaniya ilə oyunda çətin vəziyyətdə qalmışdı.

Penaltilər bir ayrı söhbətin mövzusudur. Bu cərimə zərbəsini ümumiyyətlə, yığışdırmaq lazımdır. Bir komandanı adi qayda pozuntusuna görə belə sərt cəzalandırmağa nə ehtiyac var?! Dünya çempionatında artıq bir neçə penalti mübahisə predmeti olub. Qayda pozulan yerdən cərimə zərbəsi təyin eləmək daha optimal görünür.

Dünya çempionlarının qənimi

Oyunların gec başlaması bizim işimizi tamam korlayır. Yazını o vaxt hazırlayırıq ki, hələ axşam saat 9 olmayıb, qarşıda üç oyun var. Bizi günahlandırmayın, qəzet çıxır, səhərə qədər qarşılaşmaların başa çatmasını gözləmək mümkünsüzdür. Bəzən bu üzdən anlaşılmazlıq yaranır. Keçən dəfə “Bet365″ bukmeyker kontorunun komandaların çempionluq şanslarını necə dəyərləndirməsi haqda yazmışdıq. Yazı bitəndə Avstraliya – Hollandiya oyununun 70-ci dəqiqəsi gedirdi, hələ ispanların görüşü başlamamışdı. Düzdür, bu məqamı qeyd eləmişdik, amma hadisələrin gedişi yenə bizi təəccübləndirdi. ”Bet365″ Ispaniya milli komandasının qələbəsinə o qədər inanırdı ki, hətta Visente del Boskenin “armada”sının adını da çempionluğa namizədlər siyahısına salmışdı. Əmsal da aşağı deyildi (13.00). Ispanlar məğlub oldu və mübarizəni dayandırdı. Beləcə, “Bet365″in sıralamasında dəyişiklik oldu. Nə etmək olar ki, biz bunu proqnozlaşdıra bilməzdik.

Bax, yenə eyni situasiya yaranıb. Hələ heç Belçika – Rusiya oyunu da başlamayıb. Biz yazını tezliklə bitirəcəyik. Sizə də indiki zamana olan məlumatı çatdırırıq.

Hələ ki beş komanda – Hollandiya, Çili, Kolumbiya, Kosta Rika, Argentina növbəti mərhələyə vəsiqə qazanıb. Bəzən Fransanın da adını yazırlar. Yanlışdır. Fransa hələ növbəti mərhələyə vəsiqə qazanmayıb. Düzdür, fransızların 6 xalı var və bəlkə də, bunu yazanları maksimum xal toplanması çaşdırır. Çoxu şüuraltı elə bilir ki, 6 xal qazanan komanda mərhələ adlayır. Bir mümkün vəziyyəti təsəvvür eləyin: Ekvador Fransanı, Isveçrə isə Hondurası məğlub eləyir. Belə olan halda Hondurasdan başqa, digər üç komandanın eyni miqdarda – 6 xalı olur. Deməli, Fransa hələ növbəti mərhələyə vəsiqəni rəsmiləşdirməyib.

Kosta Rika hamını təəccübləndirib. Çempionatın aşkar autsayderi idi, artıq iki turdan sonra 16 ən güclü sırasına düşməyi bacarıb. Hətta Uruqvayla oyunun ilk hissəsindən sonra da bu komanda haqda yüksək fikir demək olmurdu. Nə baş verdisə, Kosta Rika iki dünya çempionunu – Uruqvayı və Ingiltərəni məğlub elədi.

Bu dəqiqəyə qədər məhz beş komanda da mübarizəni dayandırıb. Avstraliya, Ispaniya, Ingiltərə, Kamerun, Bosniya və Herseqovina üçüncü turdan sonra evə qayıdacaq. Heç şübhəsiz, ispanların başına gələnlər ən böyük sensasiyadır. Səbəblərini izah eləməyə başlasaq, çox uzun çəkər. Yalnız onu deyə bilərik ki, Del Boskenin komandası çox qocadır. Statistika da bunu deyir. Ispaniya çempionatın ən yaşlı komandasıdır. Ola bilər ki, ispanlar dörd il sonra da güclü olmasın.

Ingiltərə onsuz da çempionata optimal heyətlə gələ bilməmişdi. Con Terri, Teo Uolkott, Eşli Koul zədəyə görə heyətdən kənarda qalmışdı. Tərslikdən ingilislərin oyunları da alınmadı. Uruqvayla görüş göstərdi ki, komandanın daha artığına gücü çatmır.

Suares birinci yerdə

Hansı futbolçuların oyunu xoşunuza gəlir? Bir neçəsinin adını çəkək: Luis Suares, Aryen Robben, Robin van Persi, Aleksis Sançes, Tomas Müller, Gilyermo Oçoa. Heç şübhə eləmirik ki, bu futbolçuların oyununu bəyənmisiniz. Braziliya idman portalları hər dəfə futbolçuların oyununu qiymətləndirir və orta nəticə çıxarılır. Görün sıralama necədir:

Luis Suares (9.46); Kərim Benzema (8.82); Alvaro Perreyra (8.55); Aryen Robben (8.45); Robin van Persi (8.43); Tomas Müller (8.25); Aleksis Sançes (8.07); Xames Rodriges (8.00); Mario Mnacukiç (7.96); Memfis Depay (7.90); Gilyermo Oçoa (7.75); Coel Kempbell (7.72); Klaudio Bravo (7.66).

Meydana çıxan bütün 462 futbolçuya qiymət verilib. Yəqin sizi axırıncı yerdə olan oyunçunun adı çox düşündürür. Inanmayacaqsınız, amma ispanların müdafiəçisi Xerard Pike bu dəqiqəyə qədər çempionatın ən pis futbolçusu sayılır. Hərçənd, Del Boske onu hələ ilk oyundan sonra cəzalandırmışdı: ehtiyatda saxlamışdı. Pike pis oyunuyla yaxınlarını da ruhdan salıb. Sevgilisi Şakira daha Ispaniyanın oyunu zamana tribunada görünmür…

Coşqun Eldaroğlu