“Araz” kurslarının bağlanması Əli Həsənova düşdü

Prezident Administrasiyasının şöbə müdiri fürsətdən yararlanmaq üçün hərəkətə keçib

“Araz” kursları və 11 lisey bağlanandan sonra Təhsil Nazirliyi yaranmış problemlə bağlı məlumat yayaraq bəyan etdi ki, heç bir narahatçılığa əsas yoxdur.

Təhsil ekspertləri isə bu fikirlə razılaşmırlar. Mütəxəssislərin fikrincə, “Araz” kursları və liseylərin bağlanması şagirdlərin universitetlərə hazırlaşmasında problemlər yaradacaq. Məsələ burasındadır ki, ölkədəki ümumtəhsil məktəbləri ali məktəblərə qəbul olunmaq üçün kifayət qədər yüksək təhsil verə bilmir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il açıqladığı imtahan nəticələri də buna əyani sübutdur.

Bu mənada, Azərbaycan hakimiyyətinin Ərdoğan hökumətinə xoş görünmək üçün Rövnəq Abdullayevin əlilə Azərbaycandakı Gülən məktəblərini, “Araz” kurslarını qapatması valideynlərin öz övladları üçün yeni alternativ məkanların axtarışına çıxmasına səbəb olacaq.

“Azadlıq”a məlumat verən qaynaq isə bildirir ki, hökumət bu problemi də öz xeyrinə həll etməyin yolunu tapıb. Bakıda, eləcə də rayonlarda onlarla, yüzlərlə hazırlıq kursları fəaliyyət göstərir. Ancaq bu kurslar arasında ən məşhuru “Kaspi” kurslarıdır. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun kurasiyasında olan “Kaspi” kursları vasitəsilə yaranmış vəziyyətdən istifadəyə cəhd göstərilir. Məlumata görə, “Araz” kursları və liseylər bağlanandan dərhal sonra Əli Həsənov bu istiqamətdə hərəkətə keçib. Son günlər telekanal və radiolarda “Kaspi”nin reklamı güclənib. Yaxın vaxtlarda “Kaspi”nin paytaxtda və regionlarda ofislərinin sayının da artırılması planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanda Nurçu qalmaqalı başlayandan bəri bu istiqamətdə hücuma keçən media orqanları arasında Əli Həsənovun kurasiyasında olan sayt və qəzetlər xüsusi canfəşanlıq edirdilər.

Informasiya şöbəsi