ABŞ-ı yer üzündən silənlər

Vaşinqton indi kimin üçün heç vaxt olmadığı qədər əhəmiyyətlidir?

Hamının gözü Birləşmiş Ştatlardadır. Amma Obamanın dediyi  kimi, hamı onu xoş niyyətlə axtarmır. Bir çoxları hesab edir ki, talelərindəki bütün neqativlərə görə ABŞ məsuliyyət daşıyır. Yer üzündə ciddi bir anti-Amerika əhval-ruhiyyəsi var. Bunun təbii səbəbləri varmı? Əlbəttə, var. Amma heç şübhəsiz ki, bu təbii səbəblər tam da şüurlu səbəblər deyil. Baxaq görək ki, dünyanın bir nömrəlisinə münasibət hansı səbəb və ya motivlərlə formalaşır?

Onları Allah yaratmayıb…

Dünya müsəlmanlarının mühüm bir hissəsi şüuraltısında möhkəmlənmiş instinktə əsaslanaraq ABŞ-a nifrət edir. Onların babalarının babalarına hanısa dini lider deyib ki, ABŞ-dakıları Allah yaratmayıb. Fəqət, on illər ərzində bir nəfər də özünə sual verməyib ki, niyə onlar bizdən daha təhlükəsiz sistemdə, daha yaxşı cəmiyyətdə, daha yaxşı rifah içində yaşayırlar? Üstəlik, bizim həyatımıza da müdaxilə imkanları var.
“Müsəlmanlar” nədənsə, bir çox Islam ölkəsində rahat yaşaya bilməyən dindaşlarının ABŞ-da hüzur və təhlükəsizlik içində yaşadığını göz önünə gətirmir. Onlar Islam dünyasına görə ABŞ-ı ittiham edərkən Qəzzafinin, Səddamın, Mübarəkin, Bin Əlinin müdafiəçisinə çevrildiklərini unudurlar. Ona görə də, əvvəldə dediyim kimi, bu münasibət o qədər də məntiqə və şüura əsaslanmır.
Dünənə qədər eyni məntiqin o biri ucundan düşünərək, ABŞ-ı bu diktatorların varlığına göz yummaqda ittiham edirdilər. Bu gün isə Islam dünyası öz içində tüğyan edən fırtınaya bir qaratikan kolu qurban vermədən istəyirlər ki, ABŞ gəlsin və məsələni həll etsin.
Amma ABŞ-a nifrət bununla da bitmir.

ABŞ – onların inhisarına maneədir

Dünyada anti-Amerikanizmin arxasında dayanan şüurlu qüvvələr də var. Onlar dünyanın təhlükəsizlik sistemində də eyni formada şüurlu təhlükədirlər. Amma öncə iqtisadi sistemində…
Anti-Amerikanizmi körükləyən dövlətlərin hazırkı lideri Çindir. Çin apardığı işin mahiyyətinə görə, Rusiyadan daha təhlükəli bir məntəqədir. Iqtisadiyyatda, heç bir qanun tanımadan genişlənməni əsas götürür. Yer üzündə milyonlarla insan əlində çanta ucuz (maya dəyəri hesablanmayacaq qədər az) Çin mallarını satır. Bu, dünyanın ümumi bazar qanunlarına zidd olmaqla yanaşı, makro-iqtisadi sistemlərin belini qılıncla vurur.

Bəs bu gücün qarşısını kim ala bilər?

Təbii ki, ABŞ. Amerika Çin hökumətini öz iqtisadi münasibətlərilə məcbur edir ki, bu vasitələrlə xırda və orta makro-iqtisadi sistemlərə qarşı həmlələri dayandırsın.  Hətta bir neçə il əvvəl Vaşinqton Pekinə valyuta siyasətindəki spekulyasiyalara görə irad tutmuşdu.
ABŞ keçmiş SSRI-dəki Rusiyaətrafı ölkələrdə xüsusən inhisarçılığın əleyhinə olduğuna görə bir çox qapalı sistemlərdə ona nifrət var. Məsələn, Azərbaycanda insanları təkcə din motivilə deyil, həm də Dağlıq Qarabağ münaqişəsi zəminində ABŞ-a qarşı yönəldirlər. Ancaq heç kim əlahəzrət yerli hökumətə demir ki, axı bizim gözümüzün qarşısında bu ölkənin ərazilərini rus ordusu işğal edib, paytaxtında Rusiya ordusu qətliam törədib.
Monopolistlərin iqtisadi marağı da ABŞ-a qarşıdır. Bu, bir mənada da təhlükəsizlik, daha doğrusu, təhlükə marağıdır.  Çünki ABŞ-ın müdafiə etdiyi və təklif etdiyi sistem bu tip rejimlər üçün sonun reseptidir. ABŞ bu baxımdan, həm də onlar üçün təhlükədir. Ona görə də bir kənddə bələdiyyə seçkisinin belə, demokratik keçməsinə dözməyən hökumətlər  xüsusi vasitələrlə insanlara təlqin edirlər ki, ABŞ dinimizi əlimizdən almaq istəyir. Amma heç kim də başını qaldırıb demir ki, bizi özümüzə zibil təmizləyən komitə seçməyə məgər ABŞ qoymur?

Dünyada yeni dinamika və köhnə dinamit

Iraq-Şam Islam Dövləti (IŞID) ortaya çıxanda hər kəs illər öncə xatırlanan bir tezisi başqa formada təkrarlamağa başladı. ABŞ-Əfqanıstana girəndə dünənə kimi “ABŞ niyə bu vəhşiliyə susur?” deyənlər qəflətən başladılar ki, “Taliban”ı elə Amerika yaradıb; bu da bir oyundur; Əfqanıstanı işğal etmək üçün qurulub" və s. Indi IŞID-in başında devrilib edam edilmiş Səddam Hüseynin yaxın adamlarından biri durub, amma yenə də adamlar deyirlər ki, IŞID-i ABŞ yaradıb. ABŞ rəsmiləri etiraf ediblər ki, SSRI-Əfqanıstan müharibəsi zamanı Əfqanıstana yardım göstəriblər, onların döyüş qabiliyyətlərini artırıblar. Amma bu o demək deyil ki, ABŞ orada dini qruplaşma yaradıb. Lap yaratsa belə, valideyn həddi-buluğa çatan bir övlada cavabdeh ola bilmədiyi kimi, ABŞ da artıq böyümüş və öz marağı formalaşmış “Taliban” və ya onun hansısa qopmuş qanadına cavabdeh ola bilməz. Bu cavabdehlikdə israr edənlər, sözsüz ki, özlərinin müxtəlif maraqlarını gizləyirlər. Bu maraqların nədən ibarət olduğunu demək çətindir. Amma o qədər də asandır.

Türkiyə hökuməti niyə tormozlayır?

Bütün Yaxın Şərqi ağuşuna almış bu süni qasırğa işə Türkiyə vətəndaşlarını girov götürməklə başladı. Əcəba, niyə əhli sünnəyə qarşı belə bir addım atılsın? Ya ona görə ki, bir müddət əvvəl Ərdoğanı bu təşkilatla əlaqələndirən xəbərləri  yaddan çıxarsınlar, ya da çox açıq şəkildə və göründüyü kimi, Ərdoğan IŞID-ə qarşı beynəlxalq əməliyyatları tormozlasın. Ərdoğan da bu işi pis bacarmır və IŞID-in genişlənməsində ya zəlzələdən, ya vəlvələdən rol oynayır. Amma yenə diqqət ABŞ-dadır. Hamı hesab edir ki, bu təşkilata ABŞ cavab verməlidir. Niyə Ərəb Ölkələri Liqası yox? Niyə Islam Konfransı Təşkilatı yox? Niyə Türk-müsəlman ölkəsi olan Türkiyə yox? Niyə kərküklülərin ata yurdu olan Azərbaycan yox? Bu sualların cavabını bilən varmı? Niyə biz bütün dünyanın məsuliyyətini ABŞ-ın üstünə atıb, sonra da onu qınayırıq? Bəziləri isə heç nə etmədən özünü müqəddəs hind inəyi kimi aparır. Amma unudur ki, ABŞ başqa dinə inanır və Rusiya kimi kəsmir, sağır. Ona görə də əvvəlcə inək olmaqdan qurtulmaq lazımdır.

ABŞ Əfqanıstandan çıxsınmı?

Iraqda baş verənlər bəs elədi ki, ABŞ Əfqanıstan siyasətinə yenidən baxsın. Yəni, Əfqanıstandan çıxmaq siyasətinə. Bu gün ABŞ ordusu Iraqda olsaydı, bu mənzərə yaranardımı? Yaxud da hansı təminat var ki, sabah NATO Əfqanıstandan çıxanda orada bu mənzərələrin təkrar şahidi olmayacağıq? Indi sizcə, ABŞ Əfqanıstanda qalmaqda israr etməlidir, yoxsa Əfqan xalqı evindən çölə çıxmaq, Kabulun da Qəndahar olmaması üçün  xahiş etməlidir ki, buranı tərk etməyin? Görün, biz necə müsəlmanıq ki, ABŞ-ı Əfqanıstana daşımalar üçün ona koridor verməməklə şantaj edirik. Çünki ABŞ orada bizim də kimliyini bildiyimiz təşkilatların sadə insanlara zülm etməsinin qarşısını alan əməliyyatlar həyata keçirir. O sadə insanlar isə müsəlmanlardır.

ABŞ olmasaydı…

Heç şübhəsiz ki, bütün hipotetik yanaşmalar kimi, bunun da qüsurlu tərəfləri var. Onlardan biri və birincisi odur ki, ABŞ mövcuddur. Amma biz hadisələrə Vaşinqtonun müdaxiləsindən əvvəl və sonra diqqət ayırmaqla, nə demək istədiyimizi ortaya qoyacağıq.
Yəqin ki, əksəriyyətimiz Yuqoslaviya Ittifaqının dağıldığını xatırlayırıq. ABŞ olmasaydı, indi çox güman ki, Türkiyənin gopçu rejissorları “Bosnada şöyle yaptık” deyən filmlər çəkə bilməyəcəkdi, Polad Ələmdar biabır olacaqdı. Çünki serblər filmdə deyil, həyatda canlı olaraq Bosniyada müsəlmanları qırır, Yer üzündən silməyə cəhd edirdilər. NATO Serbiyanı bombaladı və bosniyalı müsəlmanların həyatı xilas edildi.
ABŞ olmasaydı, heç şübhəsiz ki, indi biz nefti Bakı-Novorossiysk kəməri ilə axıdır, pulunu da qorxudan istəyə bilmirdik. Bunu hələ Artur Rəsizadə demişdi. Yəqin, Ramiz Mehdiyev üçün də dərk edilmiş faktdır ki, ABŞ olmasaydı, biz çətin ki, bu illər ərzində müstəqilliyi qoruyub saxlaya biləydik.
Artur Rəsizadənin bunu ABŞ diplomatlarına etiraf etməsi “WikiLeaks”in açıqladığı teleqramlardan üzə çıxmışdı. ABŞ olmasaydı, Iranla nə edərdik? Çox güman ki, çətin olardı. Bəlkə də çətin olmazdı. Çünki biz uzun zaman olmazdıq. Ona görə yox ki, bizim xalqımız zəifdir. Biz yaxın keçmişdə  arxasında kim olursa olsun, fərq etmədən savaşmışıq. Məsələ budur ki, regionda hamı bizim varlığımızdan ya narahatdır, ya da məmnun deyil. Nə yaxşı ki, varlığımız ABŞ-ın anti-Rusiya, anti-Iran marağı ilə üst-üstə düşür.
Gəldiyimiz nöqtə budur ki, biz indi qolumuzu sındırana deyil, sınıq qolumuzu düzəltmək istəyənə qarşı aqressivik.  ABŞ indi yer üzündə “102 xidməti”ni həyata keçirir. Yaxşı olmazdımı, biz onu belə qınayaq ki, hadisə yerinə vaxtında gəlmir, təcili tibbi-humanitar yardımı ləngidir və s.
Amma heç ədalətli mövqe deyil. Bu gün heç kim, demir ki, Türkiyə telekanallarının bu gün IŞID-in dövlət olub-olmayacağını müzakirə etməsi nə deməkdir? Bunu da ABŞ edir?

Bu yazını niyə yazdım?

Bu yaxın günlərdə ABŞ-ın dövlət bayramı olacaq. Onun yaranması qutlanacaq. Məncə, hamı qəbul etməlidir ki, yanlışı ilə yanaşı, dünyada bir ABŞ həqiqəti var. Bu gerçəklik hələ ki, bizdən yanadır. Çində uyğurlar üçün də, Iranda Azərbaycan türkləri üçün də, Rusiyada Tatarıstan başda olmaqla, beş Türk respublikası üçün də…
Yaxşı, mən sizdən soruşuram: ABŞ-a biz kömək etməyək, kim etsin? Onunla biz müttəfiq olmayaq, kim olsun? Biz ABŞ-la birgə hərəkət etməsək, bu qardaşlarımıza necə yardımçı olacağıq? Müstəqilliyimizi necə bərkidəcəyik? Strateji maraq deyirsinizsə, bu da strateji maraq. Ona görə də bütün ABŞ xalqını və onun təbii müttəfiqlərini Amerikanın varlığı münasibətilə təbrik edirəm.