Yarımilin idman adamı

Bilirsiniz ki, Azərbaycanda Fətullah Gülən məktəbləri kimi bilinən liseyləri və “Araz” kurslarını bağlayıblar, indi hamı oturub bunu müzakirə edir. Bağlama qərarını haqlı sayanlar da var, haqsız hesab edənlər də.

Şəxsi düşüncəm: arxasında hər hansı formada bir dini camaatın, təriqətin gücünün, pulunun olduğu belə məktəblərin, kursların varlığını doğru saymıram. Bu gün Türkiyənin içində olduğu durumu, layiq – dünyəvi Türkiyənin tədricən şəriət, dini ağırlıqlı Türkiyəyə çevrildiyini, bunda məhz Gülən və onun camaatının fövqəladə xidmətlər göstərdiyini göz önünə aldıqda nə demək istədiyim gərək kiməsə anlaşılmaz, qaranlıq qalmasın.

Digər tərəfdən, əgər indi həmin liseylərin, kursların bağlanması ilə Azərbaycan təhsilində ciddi boşluq yaranacağı, onsuz da faciəvi olan təhsil göstəricilərinin daha da pisləşəcəyi, ölkəni bürümüş savadsızlıq dalğasının bir az da güclənəcəyi kimi narahatlıqlar, əndişələr varsa, bunun da tək səbəbkarı, baiskarı Əliyevçi rejimdir. Layiqliyi – dünyəviliyi yalnız hansısa dini camaat, onun qurum və quruluşları təhdid etmir. Layiqliyə – dünyəviliyə əsas təhlükə məhz bir rejimin uzunömürlü olmaq, ayaqda qalmaq, var ola bilmək üçün ölkəyə baştacı etdiyi cəhalətdir, savadsızlıqdır, bilgisizlikdir, kitaba yaradılan nifrətdir, fikirlərin müxtəlifliyinə, düşüncəyə basqıdır, zülmü, haqsızlığı, ədalətsizliyi idarəetmə normasına çevirib insanları qeyri-təbii, mücərrəd ilahi ədalətə sığınmağa məcbur qılmaqdır.

Bu mənada adıçəkilən liseylərin və kursların bağlanmasında Əliyevçi rejimin, əlbəttə, ölkədə layiqlik – dünyəvilik adına hər hansı əndişəsindən söhbət getmir, bu, yaptokratlarla korrupsiyada, talanda, sümürgəçilikdə, basqıçı olmaqda onların əlinə su tökə biləcək Ərdoğan rejimi ilə sövdələşməsinin, bazarlığının sonucudur. Bəlkə də Rauf Mirqədirovun həbsi ilə sonuclanan deportasiya faktının qarşılığında bir mükafatdır. 

Səbəb hər nədirsə, əsla ölkə və xalqın taleyi ilə bağlı narahatlıqlardan irəli gəlmir. Bu rejimin belə narahatlığı heç vaxt olmayıb və heç vaxt da ola bilməz.

Niyəsini bir az geniş izah edək. ARDNŞ-in tabeçiliyində olan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil məktəblərinin bağlanması ilə bağlı dünən Rövnəq Abdullayevin açıqlamasını oxudum. ARDNŞ prezidentindən sitat: “ARDNŞ-in bu sahə ilə məşğul olmaması daha yaxşı olardı. Neftçi neft çıxarmaqla, Təhsil Nazirliyi təhsillə məşğul olmalıdır”.

Ilk baxışda anormal heç nə yoxdur. Doğrudan da, ARDNŞ-in bu qədər təhsil müəssisəsi saxlaması yaxşı hal deyil. Amma…

Amma soruşarlar Rövnəq Abdullayevdən: bəs niyə ARDNŞ dünyanın harasındasa istirahət mərkəzi almaqla məşğul olur? Xaricdə obyektlər alıb saxlayır? Az qala biznes fəaliyyəti ilə ilə məşğul olur? Neftçinin alın təri, əlinin qabarı kimlərinsə günü-gündən varlanmasına, zənginləşməsinə xidmət edir? Üstəlik, illərdir ekspertlər ARDNŞ-də çoxsaylı lazımsız, qeyri-işlək strukturların varlığından bəhs edir, bəs Abdullayev həmin strukturları niyə ləğv etmir? Ona görəmi ki, ora kimlərinsə qohum-əqrəbasına iş yeri kimi lazımdır, az qala havayı gəlir mənbəyi kimi lazımdır?

Yeri gəlmişkən, elə Fətullah Gülən universiteti kimi bilinən Qafqaz Universitetinin sponsoru da ARDNŞ-dir. Hardasa iki il əvvəl guya bu universitet özünün üç min tələbəsi arasında sorğu keçirmiş, nəticədə Rövnəq müəllim “ilin idman adamı” elan edilmişdi. O vaxt bu biabırçılığı tənqid edənlərə “Qafqaz”ın məzunları, indiki tələbələri elliklə hücum çəkmiş, sosial şəbəkələrdə-zadda dişlərinin dibindən çıxanı yazmışdılar, belə tənqid müəlliflərini Azərbaycanı yalnız ağ və qara rənglərdən ibarət görməkdə, yaxşı işləri görməməkdə, radikallıqda günahlandırmışdılar.

Indi baxıram, özləri Gülən liseylərinin, kurslarının bağlanmasına görə daha betər radikallaşıblar, od püskürürlər, dişlərinin dibindən çıxanı deyirlər, yazırlar.

Mən bir söz deyimmi? 

Bir məktəb ki, öz tələbəsinə, öyrəncisinə daş yalnız öz ayağına dəyəndə deyil, başqasının ayağına dəyəndə də ağrımağı öyrətmir, yaşam, yanaşma fəlsəfəsi olaraq onlara “mənə dəyməyən ilanı min yaşasın” fikrini təlqin edir, elə bağlansa yaxşıdır. 

Bu ilin hələ ortasındayıq, ona görə də Rövnəq Abdullayevi “yarımilin idman adamı” seçsinlər, bəlkə bir işə yaradı.