Son günlər “Iraq Şam Islam Dövləti (IŞID) dünyanın gündəmini zəbt edib və bu qruplaşma müxtəlif ölkələri təhdid etməyə başlayıb. Suriyada ən radikal müxalif qruplaşma kimi tanınan ”Iraq Şam Islam Dövləti” (IŞID) Iraqda bir sıra ərazilərə nəzarəti ələ keçirib. Hər gün gələn xəbərlərdə yüzlərlə insanın öldürüldüyü və yaralandığı deyilir.
Iraq hökumətinin IŞID qüvvələri ilə bacara bilməməsi, döyüşlərdə ağır itkilər verməsi və eyni zamanda bir sıra region dövlətlərinin bilərəkdən məsələyə məzhəb savaşı donu geydirməsi prosesləri daha da mürəkkəbləşdirir. IŞID-in yayılan xəritəsində Türkiyə və Azərbaycanın da olması müəyyən təhlükədən xəbər verirş təhlükənin yaxında olduğu deməyə əsas verir.
“Yeni Müsavat” qəzetininin etbarlı mənbəyə istinadən verdiyi məlumata görə, Azərbaycanın dini aktivliyin yüksək olduğu rayonlarında yaşayan şiələr IŞID-ə qarşı döyüşlərə hazırlaşır. Onlar şiə müctəhidlərinin fətvasını gözləyirlər. Bəzi məlumatlarda isə deyilir ki, 100-ə yaxın azərbaycanlı IŞID qruplaşmasına qarşı savaşmaq üçün Iraqa yollanıb. Iranın dini lideri Xamneyinin tərəfdarları isə ondan cihad fətvası gözləyirlər.
Başqa məlumatlarda isə bildirilir ki, IŞID sıralarında döyüşən Azərbaycan vətəndaşları da var.
Bundan əvvəl Suriyada döyüşən azərbaycanlılar haqqında geniş məlumatlar yayılırdı və bu adamlar tez-tez müsəlmanlara müraciət edir, cihada səsləyirdilər. Suriya hadisələri zamanı xeyli Azərbaycan vətəndaşının həlak olduğu haqda da məlumatlar yayılırdı.
Suriyaya gedənlərlə bağlı həyəcan təbili çalınsa da, bu adamları kimlərin maliyyələşdirdiyi, kimlərin təbliğatına qurban getdiyi aydınlaşmadı və hüquq mühafizə orqanlarının da əməli tədbirləri müşahidə olunmadı.
Indi də IŞID-lə bağlı belə xəbərlər yayılmaqdadır və bu qruplaşam daxilində döyüşənlərin, yaxud onlara qarşı döyüşənlərin hansı məsuliyyəti daşıdığı aydın deyil.
Müzəffər Baxışov: «CM-nin 283.1-ci maddəsinə görə həmin şəxslər 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır»
Tanınmış hüquqşünas Müzəffər Baxışov bildirdi ki, 2014-cü il martın 4-də Cinayət Məcəlləsinə 283.1 maddəsi əlavə edilib və bu maddəyə görə Azərbaycan hüdudlarından kənarda silahlı qruplaşmalarda iştirak etmək cinayət məsuliyyəti yaradır: “Bundan sonra muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə kəsiləcək. Hazırda isə bu cinayət cəza 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddəyə edilən digər dəyişikliyə görə, muzdlu hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakına görə 5 ildən 11 ilədək azadlıqdan məhrum ediləcək. Cinayət Məcəlləsinin 214-cü maddəsinə əlavə və dəyişiklik isə terror cinayətinə görə 10 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, təkrar törədildikdə, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 12 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalanacaq.
Cinayət Məcəlləsinin 214.2 maddəsinə görə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yaymaq 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə 283.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) bu hərəkətlər 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur”.
Ekspert onu da əlavə etdi ki, bu dəyişikliyə qədər müvafiq cinayətləri törətmiş şəxslər, Cinayət Məcəlləsinin 279.1 və 12.1 maddələri ilə ittiham oluna bilər: “Ancaq bu maddələrlə məsuliyyət cəlb etmək çətin məsəlidir. Çünki bu maddələrə görə həmin şəxslərin törətdiyi əməl, həmin xarici dövlətin qanunvericiliyində də cinayət sayılmalıdır”.
Akif


