Qızı oğurlanan ana fəryad edir

Baş prokuror Zakir Qaralov şikayəti öz nəzarətinə götürüb

“Mən qızımı kredit borcunu ödəməyə Balakən rayonuna göndərmişdim. Qızım evə qayıdanda Kamal Anaracabov və dostu Şaban Urkayev qızımın yanında maşını saxlayıblar. Kamal qızıma deyib ki, dayı qızı, gəl səni evə aparaq. Qızımı maşına mindirən Kamal yoldaşımın qohumudur. Qızım ona dayısı kimi baxırdı. O, maşına oturub və bir az getdikdən sonra Şaban maşından düşüb. Kamal isə körpünün üstündə qızımı vəhşicəsinə zorlayıb” – bunu “Azadlıq”a Balakən rayon sakini Həlimə Xanməmmədova deyib.

Şikayətçinin sözlərinə görə, qızına təcavüz edən şəxslər sonra onu oğurlayıblar: “Qızımı zorlayandan sonra o, özündən gedib. Kamal görüb ki, qız qan içindədir, onu çayın kənarına aparıb, üzünə su vurub və qız özünə gəlib. Kamal bir qadına zəng vurub soruşub ki, qanaxmanı dayandırmaq üçün nə iynəsi vurmaq olar? Qadın da iynənin adını deyib. Kamal qızımı aptekə aparıb və iynəni vurdurub. Ancaq qızımın vəziyyəti daha da pisləşib. Kamal dostu Şabana zəng vurub ki, tez bura gəl, qız ölür. Şaban bunları 2-ci arvadının evinə aparıb və qızı hamama salıblar. Kamal isə deyib ki, qızın donunu yuyun, ütüləyin və qanaxma dayanan kimi anasının evinə aparın. Daha sonra qızın vəziyyəti yenə pisləşib. Onu xəstəxanaya aparıblar, narkoz verib, tikiş qoyublar.

Həmin vaxt mən artıq polisə xəbər vermişdim. Demişdim ki, qızımdan bir xəbər alan kimi məni məlumatlandırsınlar. Amma qızı tapsalar da, mənə xəbər vermədilər. Qızım ayılanda məcbur ediblər ki, yalan ifadə versin və hər şeyin öz xoşuyla baş verdiyini söyləsin. Şikayətçi olduğumuz halda, oğlanı buraxdılar. Çünki külli miqdarda pul alıblar.

Üç dəfə prokuror Həsən Əliyevə müraciət etdim. Ancaq prokuror mənə qulaq asmadı. Dedilər ki, hara istəyirsən, şikayət et.

Yuxarıda  qeyd elədiklərim qızımın dilindən eşitdiklərimdir. Bir gecə qızımı xəstəxanadan oğurlayıb evə gətirdim. Onu ekspertə aparanda başım müstəntiqə qarışdı və qızımı yenidən qaçırtdılar”.

Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mənsurzadə isə sözügedən şikayətlə əlaqədar “Azadlıq”a açıqlamasında bildirib ki, səslənən fikirlər cəfəngiyyatdır: “Həmin qadının dedikləri həqiqətə uyğun deyil. Oğurlandığı, zorlandığı iddia olunan qadından izahat alınıb. Araşdırma zamanı məlum olub ki, həmin qız həddi-buluğa çatıb və hadisə də öz istəyi ilə baş verib. Bu məsələdə cinayət tərkibi olmadığı üçün iddia rədd edilib. Hazırda qız həmin adamla birlikdə yaşayır”.

Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da məsələ ilə bağlı “Azadlıq”ın sorğusuna cavab verib: “Həlimə Xanməmmədovanın qeyd edilən müraciəti Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb. Müraciətdə göstərilən xüsusatların tam hərtərəfli, obyektiv araşdırılması üçün müvafiq tapşırıqlar verilib”.

Hikmət