Hamını satın ala bilmədilər

2005-ci ildə Avropa ölkələrinin birinin Xarici İşlər Nazirliyində keçirdiyim görüş ciddi mübahisəyə çevrilmişdi (yeri gəlmişkən, bu mənim hələ xarici səfərlər edə bildiyim sonuncu il idi. 2006-cı ildən hökumət mənə pasport verməməklə xarici səfərlərimin qarşısını alır). O zaman həmin ölkənin yüksək çinli diplomatı iddia edirdi ki, İlham Əliyev tezliklə ölkədə ciddi islahatlar həyata keçirəcək və s. Adam o zamankı hökumət təbliğatının təsirinə düşmüşdü. O zaman hakimiyyət belə bir şit təbliğat aparırdı ki, İlham Əliyev gəncdir, ingilisdillidir, qərbyönümlüdür, ölkədə ciddi demokratik islahatlar aparacaq. Yadınızdadır? Əlbəttə, real müxalifət və xalqın böyük hissəsi bunun belə olmadığını bilirdi. Təkcə 2003-cü ildə onun hakimiyyətə necə zorakılıq və saxtakarlıqla gəldiyini görmək kifayət edirdi ki, ölkəni hansı qaranlıq perspektivlərin gözlədiyini biləsən. Amma o zaman Qərbdə tamamilə başqa əhval-ruhiyyə, başqa gözləntilər var idi. Verilən vədlər işini görmüşdü.

Vəd olunmuş islahatlar İlham Əliyev hakimiyyətininin ilk illərində reallaşmadıqda isə yeni bəhanə işə düşdü. Bir neçə il də “atasından ona miras qalmış köhnə komanda islahatların həyata keçirilməsində İlham Əliyevə mane olur” nağılı ilə Qərbin başını qatdılar. Bu dəfə də islahatların İlham Əliyevin şəxsi hakimiyyətini möhkəmlətməsindən sonraya qaldığını vəd etdilər. İlham Əliyev şəxsi hakimiyyətini möhkəmləndirib, özünü ikinci dəfə də prezident “seçdirdikdən” sonra isə qərara gəldi ki, bu islahat söhbətini ümumiyyətlə bitirmək lazımdır, onsuz da Qərbdə hər şey alınıb-satılır. Puluna minnət deyil? Beləliklə, islahat söhbəti rəsmi leksikondan çıxarıldı. Əvəzində “kürü diplomatiyası” çiçəkləndi. Hökumət nümayəndələri bütün dünya boyu bahalı lobbiçilik fəaliyyətinə pul səpələməyə başladı. İtaliyadan, Fransadan Almaniyaya qədər “kasıb” Avropanın muzeylərini, qəsrlərini, kilsələrini təmir etdirmək kimi Qərbi ələ alma layihələrinə start verildi.

Bəlkə də bu satınalma siyasəti daha uzun müddətdə səmərəli ola bilərdi, əgər Ərəb inqilabları, sosial şəbəkələr Qərbin özünü də dəyişməsəydi. Devrilən oğru diktatorların qərbli siyasətçilərlə alverləri ortaya çıxdıqca, Qərb cəmiyyəti silkələndi. Başa düşdülər ki, təkcə kasıb xalqlarının qanı-canı bahasına milyarder olmuş Şərq diktatorları deyil, şəxsi mənafe, korrupsiya şərikliyi naminə belə diktatorları böyüdüb-bəsləmiş qərbli siyasətçi və diplomatlar da mənəviyyatsız və oğrudurlar.

Düzdür, xeyli vaxt keçdi. Amma hamını satın almaq və bu yolla həqiqəti gizlətmək mümkün olmadı. Son bir neçə ildə Qərb mətbuatında, beynəlxalq təşkilatların hesabatlarında İlham Əliyevin əməllərindən, idarəetməsindən nə yazılmayıb? Etiraf etmək lazımdır ki, məsələn, İlham Əliyev və ailəsinə aid olan mülkiyyət, ölkədən çıxarılmış 48 milyard dollar pul, korrupsiya piramidasının detalları haqqında məlumatları indi Azərbaycan ictimaiyyəti Qərb mətbuatından alır.

Bugünlərdə isə ABŞ-ın nüfuzlu xarici siyasət jurnalı «Foreign Policy» İlham Əliyev hakimiyyətini mafiyanın “xaç atası” kimi simvollaşmış əfsanəvi Karleoni ailəsi ilə eyniləşdirdi. “Wikileaks”dən bizə məlumdur ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu Bakıdan Vaşinqtona yazdığı hesabatlarda belə bənzətmədən istifadə etmişdi. Amma qəbul etmək lazımdır ki, bu artıq yeni mərhələdir. Biri var, səfir əvəzinin öz rəhbərliyinə yazdığı gizli məktubda istifadə olunan bənzətmə, biri də var dünyanın nüfuzlu xarici siyasət jurnalının milyonlarla oxucuya təqdimatı.

Yenə bugünlərdə Qafqaz və Qarabağ üzrə tanınmış araşdırıcı Tomas de Vaal öz məqaləsində Azərbaycanda vəziyyətin hətta Rusiya və Belarusdan da pis olduğunu əsaslandırdı. 

İlham Əliyev diktatorların, avtoritar liderlərin yolu ilə davam edir – təkcə Azərbaycan xalqı ilə deyil, bütün mədəni, sivil dünya ilə qarşıdurmaya gedir. Zaman keçdikcə bütün yalanlar ifşa olunur, illüziyalar dağılır. Təəssüf ki, bütün bunlar xalqımıza itirilmiş illər, tar-mar edilmiş milli sərvətlər, saysız-hesabsız insan məhrumiyyətləri hesabına başa gəlir. Zaman maşınını sürətləndirmək isə ilk növbədə xalqımızın əlindədir.