«Informasiya diversiyasının arxasındakı iqtidar mənsubları» məsələsində Naxçıvan «xan»ından məlumat dəstəyi…
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri öncəsi mətbuatda Naxçıvanda atəşkəsin pozulması və hətta bir kəndin ermənilər tərəfindən ələ keçirilməsi barədə məlumatlar yayıldı. Hakimiyyətin bu xəbərə sərt reaksiyası gecikmədi.
Müdafiə Nazirliyi bu xəbərləri sərt şəkildə tənqid etdi. Ancaq məsələnin ən diqqət çəkən məqamı ANS-dən gəldi. Telekanalın vitse-prezidenti Mirşahin Ağayev müəllifi olduğu “Hesabat” verilişində bu məlumatları diversiya xarakteri daşıdığını qeyd etdi. O, informasiya diversiyasının arxasında bəzi iqtidar mənsublarının peysərinin göründüyünü açıq mətnlə ifadə etdi.
“Azadlıq”ın ötən sayında redaksiyaya daxil olan məlumat əsasında bu barədə xəbər vermişdik. Bildirmişdik ki, ANS-də yayımlanan bu verilişi bəzi dairələr ciddi xəbərdarlıq kimi qiymətləndirirlər. Onu da qeyd etmişdik ki, son vaxtlar baş verən hadisələr də ANS-dən edilən xəbərdarlığın məhz Fövqalədə hallar naziri Kəmaləddin Heydərova ünvanladığı barədə ehtimalları möhkəmləndirir. Çünki atəşkəsin pozulmasıyla bağlı xəbərləri daha çox “fövqəlnazir”in nəzarətində olan saytlar baş yazı kimi verirdilər.
Mirşahinin məlum çıxışından da daha çox Kəmaləddin Heydərovun yaxın çevrəsi narahat olmağa başlayıb. Mirşahinin çıxışı ANS-də efirə gedəndən sonra əksər media orqanları onu yayımladılar. Diqqət çəkən məqam isə budur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzeti də ANS-in vitse-prezidentinin şərhini dərc edib. Qəzetdə Mirşahinin çıxışından sonra əlavə şərh də yer alıb. Qeyd edilib ki, “Şərq qapısı” qəzetinin əməkdaşı ermənilər tərəfindən guya, hücuma məruz qaldığı iddia olunan Culfa rayonunun Ləkətağ kəndində olub. Kəndin boşaldılması barədə yayılan xəbərlər qərəzli xarakter daşıyır.
Görünür, bu cür xəbərləri yayan saytların hökumətdə yüksək təsirə malik nazirin himayəsində olması, hakimiyyətin ən üst qatının da diqqətindən yayınmayıb. ANS-dəki xəbərdarlığın da ideya müəllifi məhz hakimiyyətin zirvəsidir. Vasif Talıbovun da nəzarətində olan qəzetin Mirşahinin çıxışına yer ayırması və onu əlavə şərhlə dərc etməsi yazdıqlarımızı bir daha təsdiqləyir.
Informasiya şöbəsi


