Milli Məclisin komitə sədri oğluyla bağlı MTN-ə 3 dəfə niyə müraciət edib
«Nurçu» şəbəkəsiylə bağlı məlumatlar daha çox Əli Həsənovun nəzarətində olan mediada yayılırdı
Parlamentin Insan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın və onun oğlu Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun ölkədən çıxmasına qadağa qoyulub. Bu barədə xəbəri “Bizim yol” qəzeti yayıb. Qəzet yazır ki, Aslanovlara məxsus bütün əmlaka və bank hesablarına da həbs qoyulub, onların barəsində hüquq mühafizə orqanlarında araşdırma aparılır. Adları siyasi qalmaqallarda hallanan Aslanovların fəaliyyəti barədə xüsusi xidmət orqanlarında təkzibedilməz sübutlar var.
“Onların prezident seçkilərindən əvvəl Azərbaycana qonşu ölkələrin birindən siyasi dəstək axtarışları, hakimiyyətdə şəbəkələmiş təşkilata rəhbərlik etməsi və qurumları iqtidar əleyhinə şübhəli fəaliyyətlərə yönləndirməsi təsdini tapıb. Aslanovlar bank hesablarına və əmlaka qoyulan həbslərin qaldırılmasına cəhdləri nəticə verməyib. Vaxtilə onları himayə edən məmurlar bu qərarın dəyişdirilməsinin ”imkanları xaricində” olduğunu bildiriblər”,- deyə qəzet yazır.
Elnur Aslanova Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri vəzifəsi verilməsinə və Rəbiyyət Aslanovanın Milli Məclisin Komitə sədri kimi görəvinə davam etməsini “Bizim yol”a açıqlamasında qaynaq bunların müvəqqəti olduğunu iddia edib: “Aslanovları himayə edən ”əl”in gücü buna çatıb, amma bu, onlar barəsində yüksək səviyyədə verilmiş qərara təsir göstərə bilməz”.
Rəbiyyət Aslanova yayılan məlumatların iftira olduğunu “Turan”a deyib: “Mediada mənə və oğlum Elnur Aslanova qarşı başlanan kampaniya ilk gündən şər, böhtan, yalan və iftiradan başqa bir şey deyil. Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq”.
R.Aslanovanın fikrincə, mediada tirajlanan bu böhtanlar sifarişdir. “Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan 3 dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq”,- o qeyd edib.
R.Aslanova “yalan və iftira dolu məlumatları ictimai fikrə ötürən jurnalistlərə isə acıyıram” cavabını verib.
Biz bilmirik, Rəbiyyət Aslanova onlar barəsində yayılan məlumatlarda kimdən şübhələnir. Çünki o konkret ad açıqlamayıb. Ancaq “Azadlıq” olaraq onu da qeyd edək ki, “nurçu” qalmaqalı start götürəndən sonra Fətullah Gülənin Azərbaycandakı şəbəkəsini daha çox Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurasiyasında olduğu iddia edilən media ifşa edirdi.
Biz Aslanovlar barədə mediaya gedən məlumatların birbaşa Əli Həsənovun ötürdüyünü də iddia etmirik. Ancaq onu da qeyd etmək yerinə düşər ki, “nurçu” qalmaqalından öncə də Elnur Aslanovla Əli Həsənov arasında Administrasiya içində münasibətlərin normal olmadığı barədə ölkə mediasında informasiyalar dərc edilirdi.
İnformasiya şöbəsi


