Mübariz Qurbanlının ABŞ “həqiqət”i

Yaxud hamının bildiyini bilməmək «siyasət»i

Biz həmişə etiraf etmişik ki, bu ölkədə tamam fərqli bir hakimiyyət var. Ona görə də bu hakimiyyətin “biz analoqsuzuq” iddiasına müqavimət göstərmirik.

Hakimiyyətin ən böyük analoqsuzluğu ondan ibarətdir  ki, hamının tanıdğı yalanı, bir qayda olaraq həqiqət kimi təqdim edir. Məsələn, yoxsulluğun kökünün kəsilməsi, milyondan artıq iş yerinin açılması, iqtisadi inkişaf, gənclərə qayğı kimi “şüar”lar gecə-gündüz qulağımızı kar edib. Ancaq heç kim bu sadalananları öz həyatında hiss etmir və yalan olduğunu bilir.

Bunları xatırlatmaqda məqsədim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının mətbuata açıqlamasında səsləndirdiyi bir fikrə aydınlıq gətirməkdir.

Mübariz Qurbanlı YAP-ın siyasi xəttinə sadiq qalaraq yenə də hamının gördüyü və eşitdiyi həqiqəti danmağa cəhd edib.

YAP funksioneri ABŞ-Azərbaycan münasibətlərinə toxunub və bunu belə izah edib: “Mən belə düşünmürəm ki, bizdə Amerikanın siyasətini tənqid edirlər. ABŞ-la ikitərəfli əlaqələrimiz kifayət qədər yüksək səviyyədədir və prezidentimizin siyasətində də bu özünü açıq şəkildə göstərir. Sadəcə ABŞ səfiri Riçard Morninqstar Azərbaycanda verdiyi açıqlamalarda, hesab edirik ki, Vyana Konvensiyasından irəli gələn müddəalara zidd çıxış edib. ABŞ-la münasibətləri yalnız bir səfir açıqlaması və digər açıqlamalarla müəyyən etmək olmaz. Mənə elə gəlir ki, söhbət Amerika hökumətinin siyasətinin tənqidindən yox, Amerikada yerləşən qeyri-hökumət təşkilatları və ya bəzi qurumların açıqlamalarına münasibətdən gedir. Bəzən Amerika ərazisində yerləşən qurumların Azərbaycanla bağlı yaydığı hesabatlara bizim cavablarımızı Amerika hökumətinə, Amerika dövlətinin siyasətinə qarşı yozmaq istəyənlər olub”.

Maraqlıdır, Mübariz Qurbanlı “Yeni Azərbaycan”, “Azərbaycan” və digər rejim qəzetlərini oxumur? Yaxud deputat həmkarlarının, hakimiyyətin təpəsində oturanların açıqlamalarına qulaq asmır?

PA rəsmisi Novruz Məmmədov ABŞ-ı “Molotov kokteyli” hazırlamaqda ittiham etdi və Ukraynadakı iğtişaşların günahkarı adlandırdı. Vitse-spiker Ziyafət Əsgərov isə NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında Liviya, İraq, Yuqoslaviyada baş verənlərə görə ABŞ-ı sərt tənqid etdi və bu ölkənin mövqeyini vicdansızlıq adlandırdı. Digər hökumət rəsmiləri də ABŞ səfirini təhqir etməkdən, ABŞ-ı terrorçu adlandırmaqdan çəkinmədi. Yuxarıda qeyd etdiyimiz qəzetlər isə, antiABŞ kampaniyasında “can” qoydular.

Digər tərəfdən, ABŞ səfiri bildirdi ki, onun fikirləri şəxsi mövqeyi yox, ABŞ-ın siyasi xəttidir.

Bütün bunlardan sonra “biz Amerikanın siyasətini tənqid etmirik” deməyə, “ürək” lazımdır.

Hamının görüb eşitdiyini Mübariz müəllimin görməməsi qeyri-mümkündür. Təbii ki, hakimiyyət mətbuatını oxumaq Mübariz Qurbanlı üçün də maraqlı deyil. Ancaq öz müsahibələrinə nəzər salmaq üçün qəzetə baxanda, həmkarlarının “repertuar”ına tamaşa edəndə, bunu görməlidir.

Deməli, səbəb Mübariz Qurbanlının bixəbər olması deyil. Sadəcə olaraq bu ölkədə yalan danışmağın, həqiqəti danmağın, heç bir məsuliyyəti yoxdur. Əksinə, reallığı danmaq, hakimiyyətə xidmətdir. 

Yəni bunlar o qədər “istedad”lıdılar ki, bu gün səni dayanmadan söyüb, sabah qardaşlıqdan danışa bilirlər.

Ilham

P.S.Mübariz Qurbanlı ötən gün “Yeni Azərbaycan” qəzetinə müsahibə verib və bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycandakı insan hüquqları sahəsində böyük uğurları etiraf edir. Mübariz müəllim, bu hansı beynəlxalq təşkilatdır ki, beynəlxalq aləm bundan xəbərsizdir?