Kim sevirsə İlhamı…

Natiq Ədilovun Amerika qeydləri

natig-adilov.blogspot.com

Bizim dostlardan biri bir atalar sözü düzəltmişdi: Kim sevirsə idmanı, demək sevir İlhamı.
İronik formada icad olunan bu atalar sözünün məğzində Əliyev hakimiyyətinin apardığı ucuz (əslində isə maliyyə baxımından çox bahalı və xərc aparan) idman təbliğatına etiraz dayanırdı.
İdman, can sağlamlığı insan üçün vacib əhəmiyyət daşıyır, indi durub onun faydası barədə uzun uzadı cümlələr qursaq, vaxt itkisi olar. İdmanın əleyhinə nəsə yazmaq isə kifayət qədər posmodernistlik tələb edir.
Bəs mən nədən söz açmaq istəyirəm? Çox sadə şeylərdən…

Əslində sizin bildiyiniz şeyləri bir az cilalamaq fikirindəyəm.
İlham Əliyev uzun müddətdir prezidentlik kürsüsünü ilə yanaşı Milli Olimpiya Komiəsininin prezidenti postunu da zəbt edib. Azərbayca nazirlərinin hər biri bir idman növünə rəhbərlik edir: futboldan, damaya qədər bütün idman növləri guya bu nazirlər vasitəsi ilə dövlətin atalıq qayğısı ilə əhatə olunub.
Hökumət bununla da kifayətlənməyib; 30-dan çox rayonda Olimpiya İdman Kompleksləri tikib, istifadəyə verib.
İlham Əliyev təşəxxüslə Azərbaycanın idman ölkəsi olduğunu bəyan edir.
Həqiqət necədi bəs?

Həqiqət odur ki, idmana xərclənən (əslində mənimsənilən) milyardlara baxmayaraq, olimpiya göstəricilərimiz ölü nöqtənin ətrafından əl çəkə bilmir ki, bilmir. Bunları qoyduq qırağa.
Bəs biz sadə azərbaycanlılar üçün idmanın nə qədər əlçatan olması barədə ürəkdən danışa bilərikmi?
Bu suala cavab verməzdən əvvəl yaşadığınız zonanı saf nəzər edin; baxın görün idman eləmək üçün meydançalar, idman zalları varmı?
Varsa qiymət neçəyədi?
Qiymətin öyrənəndən sonra ordakı şəraiti də yoxlayın və özünüz qərarlaşdırın ki, o qiymət adi büdcə işçisi üçün nə qədər əlverişlidir?
Mənim bu sahədə qənayətim pisdir. Hətta çox pisdir.
Qardaş, sadə idman zallarına getmək üçün gərək ortabab “tərləyəsən”.

Çox uzatmayaq. İndi sizə ABŞ nümunəsi verəcəyəm.
Düzü, mən hələ Obamanın ABŞ idmanına qayğı göstərməsi barədə çıxışına rast gəlməmişəm. Heç hansısa amerikalı məmurun da. Fəqət ABŞ-da AzTV-nin sözü ilə desək, idman ictimaiyyətinin bütün istək və arzuları ən yüksək səviyyədə nəzərə alınıb.
Olduğum ən müxtəlif yerlərdə yaşayış binalarının çox yaxınlığında pulsuz (!) futbol, veloybol, qolf və s meydançaların gördüm. Hovuzlar doludur hər yanda…
Bunları kənara qoyaq. ABŞ kapitalist ölkədir, heç olmaz ki burda pullu idman xidməti olmasın. Var təbii.
Bəs onlar necədi?

ABŞ-da idman zalları şəbəkə formasındadı.Yəni siz bir şəbəkəyə üzv yazılırsız və getdiyiniz ixtiyarı şəhərdə, yerdı o şəbəkənin zallarından istifadə edirsiniz.
Mən baş çəkdiyim zal “fitness 24” adlanır. Adından da göründüyü kimi o 24 saat çalışır.
İçərisində ideal şərait var. Uzunçuluq etməyəcəm, çəkdiyim fotolar sizə hər şeyi deyəcək. Qiyməti də öyrəndim, bu zaldan birinci ay istifadə üçün 40 dollar verirsən, sonrakı ay isə bu qiymət 29 dolaradək enir.
Bu məbləğin ABŞ-da nə demək olduğunu bilmək üçün sadəcə, onu nəzərə alın ki, burda saatı 8 dollardan aşağı heç kimi işlədə bilməzsiniz, heç kim də işləməz.

Beləliklə, bu qədər uzunçuluqla demək istəydiyim bu idi ki, bizdə bir çox şeylər kimi idman da birincisi gözdən salınıb, ikincisi dövlət idmana qayğı zad göstərmir, uzaq başı özü üçün beş altı şilləvuran yetişdirir.