Gülən kurslarının bağlanması təhsilə nə vəd edir?

Nabatəli Qulamoğlu: «Bu müəssisələrin təhsil bazarından çıxarılması, hakimiyyətin təhsilə münasibətinin göstəricisdir»

Etibar Əliyev: «Təhsil islahatlarının nəticə vermədiyi bir vaxtda «Araz kursları» boşluğu doldururdu»

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Qafqaz Universiteti və ölkənin müxtəlif bölgələrindəki 11 lisey də bura daxildir.

Bu təhsil ocaqlarının bağlanmasına səbəb kimi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinində yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyi göstərilir. 

Ancaq heç kimə sirr deyil ki, adı çəkilən təhsil müəssisələri Fəthullah Gülənin adı ilə bağlıdır və bu müəssisələrin bağlanması “nurçu” əməliyyatının davamıdır.  Ekspertlər hesab edir ki, baş verənlər Ərdoğanın Bakı səfərində Ilham Əliyevə təqdim etdiyi “nurçu dosyesi”nin təzahürləridir.

“Araz kursları”nın bağlanması ilə bağlı qərar Türkiyə mətbuatında da geniş müzakirəyə səbəb olub və Fəthullah Gülənə zərbə kimi qiymətləndirilib. “Anadolu Ajansı”, “Sabah”, “Sözçü”, “Hürriyyet”, “Milliyyet” və digər nüfuzlu qəzetlər, “Azerbaycanda Flas Gülen kararı”, “Fethullah Gülene büyük darbe”, “Sokardan gülen okullarına kilit”, “Camaat bağlantılı okulları kapatma kararı”, “Paralel örgüte büyük darbe”, “Gülenin Azerbaycandakı okulları kapatıldı” başlıqlı məqalələr dərc edib.

Yəni yerli və Türkiyə mətbuatı baş verənlərin əsl səbəbinin siyasi olduğunu yayımlayır və bunu əsaslandırmaq da çətinlik yaratmır.

Ancaq bizi daha çox narahat edən odur ki, bu təhsil müəssisələrinin qapadılması, onsuz da bərbad vəziyyətdə olan ölkə təhsilinə növbəti zərbədir.

Bu müəssisələrdə təhsil alan, hazırlıq kursu keçən şagird və tələblər var ki, imtahanlarda yaxşı nəticə göstərirlər.

Eyni zamanda son nəticələr onu göstərdi ki, Azərbaycanda təhsil göstəriciləri bərbad vəziyyətdədir və bu tendensiya davam edir. 

Belə ki, iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının nəticələrinə görə XI sinif şagirdlərinin 5298-i “Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2″ qiyməti alıb. Imtahanda iştirak edən 26389 nəfər 9-cu sinif şagirdindən isə, 11730-u ”Ana dili”, 9721-i “Riyaziyyat” fənnindən “3″ alıb. ”Ana dili”ndən “2″ alanların sayı 8975, ”Riyaziyyat” fənnindən “2″ alanların sayı isə, 10 336 nəfər olub.

Yəni Azərbaycanda təhsilin keyfiyyəti həm orta məktəb şagirdlərinin, həm də abutiriyentlərin imtahan nəticələrindən bəlli olur. 

Təhsilin bərbad vəziyyətinin səbəbləri haqqında dəfələrlə yazmışıq və faktlarla sübut etməyə çalışmışıq.

Indiki halda isə onu müşahidə edirik ki, normal təhsil verən son müəssisələr də qapadılır. 

Yəni növbəti dəfə təhsil sistemi siyasi maraqlara qurban verilir.

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, türk liseylərinin və adı çəkilən təhsil müəssisələrinin sıradan çıxarılması, hakimiyyətin təhsilə münasibətinin göstəricisidir: “Azərbaycanda elə bir adam tapılmaz ki, ölkə təhsilində türk liseylərinin rolunu dansın və bu liseylərin zəif olduğunu söyləsin. Məlumdur ki, bu gün ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanlar türk liseylərinin məzunlarıdır. Eyni zamanda Azərbaycanda əmək bazarının formalaşmasında Qafqaz Universitetinin böyük xidməti var. Insanlara təhsil verən, yaxşı nümunə göstərən müəssisələri bağlayıb, korrupsiya yuvası olan ümumtəhsil məktəblərini yaşadırlar. ”Nurçular”ı bu formada sıradan çıxartmaq yanlışdı və bu şəbəkənin bizə ziyanı yoxdur. Bunlar yüksək təhsil verir, mənəviyyat tərbiyə edirlər və pis nümunələrini görməmişik. Bu müəssisələrin təhsil bazarından çıxarılması hakimiyyətin təhsilə münasibətindən xəbər verir”.

Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu kursların bağlanılması müstəsna hal kimi “Araz kursları”na şamil olunmamalıdır. Ümumilikdə isə ekspert kursların məktəb tədrisini zəiflətdiyini və nizam-intizamı pozduğunu bildirib. 

Etibar Əliyev Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərara münasibət bildirərkən qeyd edib ki, bu, düzgün addım olsa da, indiki şəraitdə tələskənliyə yol verilib: 

“Çünki əvvəlcədən uşaqlardan vəsaitlər toplanıb, məktəb tədrisinin keyfiyyətində elə bir ciddi dəyişiklik baş verməyib. Builki 9, 11-ci siniflərin buraxılış imtahanları göstərdi ki, məktəb təhsilində geriləmə davam edir. Məktəb təhsilində aparılan islahatlar demək olar ki, heç bir nəticə verməyib. Buna görə də, bu kurslar, xüsusən ”Araz kursları”  bu boşluğu doldururdu”.

Akif