On illərdir ölkənin iqtisadi inkişaf göstəriciləri haqqındakı əzbər dəftəri oxunur. Neft ixracı belə gəldi, qaz satışı belə getdi, maaşlar belə artdı, yaşayış səviyyəsi belə yüksəldi… Bu nağıllar həyatımızda elə bir iz buraxmasa da, artıq onlara öyrəşmişik. Yəni öyrəşmişik həyatın başqa, nağılın başqa şey olduğuna…
Hələ ölkədəki insan azadlıqlarını, siyasi hüquqları, məhkəmə, qanun problemlərini bir tərəfə qoyaq. Heç olmasa, o əzbər dəftərindən üzümüzə oxunan iqtisadi tezislər bir az həqiqətə yaxın olsaydı? Necə ola bilər ki? Bütün siyasi azadlıqların bir ucu da gedib iqtisadi azadlıqlara bağlanır axı. Bir hökumət monopoliyasız bazar siyasəti yürüdürsə, bütün qapıları azad biznesin üzünə açırsa, ticarətə müdaxilənin qarşısını alırsa, hansı sahibkar ona qarşı çıxacaq ki? Niyə də çıxsın?
Bəli, o əzbər dəftərləri artıq “konspekt” kimi neçə illərdir hər yerdə oxunur. Sözün bir ucunda neft, o biri ucunda qaz… Artıq xəyalların da bir hüdudu var. Üç ilə, beş ilə, lap on ilə neft tükənəcək. O azalmağa prosesi çoxdan başlanıb belə. Qaz da onun kimi… Elə onlardan gələn milyardlar da məlum, yerinə çatan kimi havaya uçub gedir. Fonddakı 101 milyardın 65 milyardı artıq xərclənib. Bəs bütün bunlar tükəndikdən sonra nə olacaq? Bu hökumətin içində həmin təhlükə haqqında düşünən birinin olduğuna belə şübhəylə yanaşıram daha.
Ölkəyə gələn milyardlarla, saxta iş yeri rəqəmləri ilə, yalan yüksəliş göstəriciləri ilə boşuna öyünmək nəyisə dəyişməz. Bu, burnundan uzağı görmədən bir ölkənin gələcəyi üçün böyük tarixi imkanları əldən qaçırmaq və bağışlanmaz yalanlara imza atmaqdır. Dünya çox kiçildi artıq, heç kim heç nəyi gizləyə bilmir. Əlahəzrət fakt ortaya çıxınca, bütün yalanların üzündən pərdə qalxır. O zaman örtünəcək bir şey də qalmır ortada. Kənarda səni səndən daha yaxşı görən gözlər olduğunu unutmayasan gərək…
Indi ölkələrin iqtisadi inkişaf göstəricilərini dünyanın ən məşhur tədqiqat qurumları araşdırır. Gözdən yayınmağa heç bir ayaq yeri yox. Onların tərəzisi bizim tərəzilər kimi vurmaz, daha düz çəkər hər halda. Və bu düz çəkidə də biz hər dəfə gəlib şkalanın lap aşağısına düşürük. O zaman da necə bir ağ yalanın içində olduğumuzu daha aydın görə bilirik. Həmin o qurumlar bu tədqiqatları hər il eyni göstəricilər üzrə aparır və yayır. On illərdir uydurulan inkişaf nağıllarından o şkalada görünən heç nə yoxdur. Elə yaxın günlərdə “Economist Intelligence Unit” təşkilatının açıqladığı hesabatda da durum eynidir. 82 ölkə üzrə hazırlanan “Biznes Mühiti Reytinqi” adlı hesabatda Azərbaycan 82 ölkə arasında 73-cü yeri tutub. Ölkəmiz biznes üçün yaradılan şəraitə görə birinci olan Sinqapurdan hardasa 2 dəfə geri qalır. Onların balı Sinqapur 8,56, Azərbaycan 4,66 olaraq qiymətləndirilib.
Təbii sərvətlərdən bir ölkəyə hər zaman böyük gəlirlər axmır. Bu, müəyyən bir dövrə təsadüf edən bumdur. Tanrının insana bəxş etdiyi sərvət əvvəl-axır tükənmə nöqtəsinə çatır. Amma müdrik insanlar o bumu fürsət bilib bütün imkanları sahibkarlığa yönəldir, minlərlə real iş yerləri yaradır. Bu günlə yaşamayan ağıllı insanlar anlayır ki, əsl sərvət gələn o müvəqqəti milyardlar deyil, gələcəyə hesablanmış investisiyalardır. O investisiyalar ki, həm azad iqtisadiyyatın, həm azad nəsillərin, həm də azad gələcəyin təminatıdır. Nə yazıq ki, bu hökumət ölkəni yüz il təminat altına ala biləcək o böyük imkanı çoxdan əldən verib…