…və limit ölçənlər
Iqtidarın xoşuna gəlməyən bir məsələ var: daxili işlərə qarışmaq. Daxili iş deyəndə ki, söhbət insan haqlarından, mətbuat azadlığından, sərbəst toplaşmaqdan gedir. Bunlarla bağlı xaricdən təpki gələn kimi, iqtidardakılar və onların süfrəsinin qırıntılarıyla bala saxlayanlar bülbül kimi ötməyə başlayırlar; heç kim daxili işimizə qarışa bilməz.
Illərdir deyilsə də ki, bütün bunlar heç bir ölkənin daxili işi sayılmır, yenə də tutduqlarını buraxmırlar…
Mən də bir işə qarışmaq istəyirəm, daxili iş sayılmasın gərək. Müsavat partiyasının qurultayı ilə bağlı neçə ildir dartışma gedir. Məsələdən hər kəs xəbərdardır, ona görə xüsusi xırdalamağa ehtiyac görmürəm. Nə də kimsənin bunu daxili işlərə qarışmaq kimi dəyərləndirməsini bəri başdan qəbul etmirəm. Mən müsavatçıların xeylisindən çox müsavatçı, cəbhəçilərin əksəriyyətindən çox cəbhəçiyəm. Bu, əqidə məsələsidir. Hansısa partiyanın üzvü olmaq ən sonuncu işdir. Jurnalistika ilə peşəkarcasına məşğul olanlar partiyaların fövqündə dayanmalıdır, onlar əslində, hər biri bir partiyadır, yaxud bir partiyadan artıq iş görür. Zaman da bunu göstərib…
Bugünlərdə Müsavatın Divan üzvü Ikram Israfilin nə vaxtsa keçirilməsi gözlənilən qurultayla bağlı başqa bir müsavatçıya hücumu barədə xəbər oxudum. Partiya, daha doğrusu istənilən qurum daxilində eyni ideyanın daşıyıcısı olan adamların bir-birinin üstünə bu şəkildə getməsinə pis, müzakirələrə, tənqidə, diskussiyaya isə normal baxıram. Kimsə kimsədən yuxarıda dayanmır. Hər kişinin özünə görə şəxsiyyəti var və başqa birinin onu aşağılaması əslində, özünü dəyərsiz etməsidir.
Ikram Israfil deputat olub, parlamentdə yaddaqalan çıxışlar etməyib. Sonrakı mərhələlərdə də onun hakimiyyətə qarşı hər hansı tənqidlərini heç xatırlamıram. Yaddaşımı təzələmək üçün baş vurduğum “google”da isə qarşıma çıxan ilk informasiya “Müsavatçıdan Ilham Əliyevə təşəkkür” başlıqlı xəbər oldu. Burda söhbət Ilham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncama münasibətdən gedir. “Yeni Müsavat” qəzeti partiyanın Divan üzvü Ikram Israfilin sərəncama mövqeyini öyrənib və o da öz növbəsində Ilham Əliyevə təşəkkür edib. Sərəncamı eşidənlərin əksəriyyəti bunun görüntü xatirinə verildiyini, kağız üzərində qalacağını dedilər. Ancaq uzun illər siyasətlə məşğul olan, deputat mandatı daşıyan adam nədənsə sərəncama inandı. Təşəkkürsüz də qoymadı. Inanmaq bir yana, hörmətli Divan üzvü sərəncamın “iqtidar-müxalifət dialoqunun başlanması üçün bir stimul olacağına”
ümid və inamını da bildirdi. “Sərəncamda tədbirlər planının hazırlanması Mədəniyyət və Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına, Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırılıb…”- dedi. Nə olsun?
Bir xatırlatma yerinə düşər. 26 fevral 2013-cü ildə həmin Ilham Əliyev Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqda sərəncam vermişdi və Tədbirlər Planı hazırlamağı Ikram bəy, sizin adını çəkdiyiniz qurumlara tapşırmışdı. Dövlət səviyyəsində hansısa tədbirin şahidi oldunuzmu? Adı çəkilən qurumlara elə 2013-cü ildə sorğuyla müraciət edib Topçubaşovla bağlı Tədbirlər Planını istədim. Yalnız Təhsil Nazirliyindən yarımçıq cavab gəldi. O biri qurumlardansa, hələ də cavab gözləyirəm. Imkan varsa, sizdə o qurumlara sorğu göndərin, görün milli öndərlə bağlı Tədbirlər Planı hazırlayıblarmı? Yoxdur belə plan. Yalnız özlərinin “ümummilli lideri” Heydər Əliyev, onun ad günü, Qurtuluş günü, hakimiyyətə gəldiyi gün və s.-lə bağlı tədbirlər planı var. Bu plan da dövlət səviyyəsində hər il yüksək səviyyədə yerinə yetirilir. Yığıncaqlar, konsertlər, gül bayramı, atəşfəşanlıq-filan… hamı buna şahiddir, telekanallar vasitəsilə…
Maraqlıdır ki, dünya aləmlər mayallaq aşanda – ofşorlardan danışılanda, Əliyevlərə bağlı şirkətlərin adı açıqlananda, Dubay, Karlovı-Varı və başqa villalar üzə çıxanda Divan üzvünün səsi eşidilmir. Ancaq Milli Şuranın “Rusiyanın projesi olması”, “Müsavatın Milli Şuradan getməsi” aktuallaşanda Ikram Israfil ortaya çıxır, “mən də varam” deyir.
Gördüyümüz isə odur ki, onun “Müsavatda limitinin bitdiyini” dediyi partiya yoldaşı Səxavət Əlisoyhər zaman ortadadır, sözünü deyir, təkcə açıqlamalarla yetərlənmir, köşə yazıları da yazır. Bu gün də partiya daxilində baş verənlərə biganə qalmır, “az aşım, ağrımaz başım” deyib bir çoxları kimi kənara çəkilmir…
Bu limit məsələsi doğrudan da çox qəlizdir, mənim də yer limitim bitdi…