Kəmaləddin Heydərovun komandası panikada

Hakimiyyətdəki bəzi çevrələr son vaxtlar edilən sərt xəbərdarlığın «fövqəlnazir»ə ünvanlandığını düşünür

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandası təşviş içindədir. Buna səbəb isə ötən həftənin bazar günü (15 iyun-red.) ANS-də Mirşahinin müəllifi olduğu “Hesabat” verilişində səslənən bəzi məqamlardır.

“Ehtiyatlı olun. Aramızda diversantlar var!” deyən ANS-in vitse-prezidenti diqqəti son günlər Naxçıvanla bağlı yayılan xəbərlərə cəmləmişdi. Bunu diversiya kimi qiymətləndirən müəllif bu təxribatların arxasında məmur peysərlərinin göründüyünü demişdi: “Səfirin hakimiyyətin monolit olmadığı barədə mülahizəsində ola bilsin ki, təhrif və ya korrektəyə ehtiyacı olan məzmun var. Amma burada doğruya bənzəyən nəsə də tapmaq olar. Axı doğrudan da informasiya diversiyasını törədən vasitələrin arxasında duranlar arasında bəzi iqtidar mənsublarının peysəri görünür. Onlar bir-birilə apardığı gizli mübarizədə baltanı oturduqları ağacın, dövlətimizin kökünə çaldıqlarının fərqində deyillər”.

Daha sonra Mirşahin əlavə edir ki, bu diversiyalar Azərbaycanın öz içində baş verir: “Içindən baş verir və içinə doğru baş verir. Yəqin ki, bu şəffaf sapların xaricdə kimlərinsə, barmaqlarına bağlı olanları da var və onların hərəkətə keçməsi üçün mütləq kimlərsə onlara barmaq eləməlidir. Və barmaq edildikcə mexaniki piano işə düşür”.

Əldə etdiyimiz məlumatlara görə, hakimiyyətdəki bəzi dairələr, xüsusilə “fövqəlnazir”ə yaxın çevrələr mətndəki “mexaniki piano işə düşür” fikrini təsadüfi saymırlar. Çünki hakimiyyətdə məhz Kəmaləddin Heydərov “kompazitor” ləqəbilə tanınır və ölkədəki piano istehsal edən tək zavod ona məxsusdur.
Bu çevrəni narahat edən daha bir məqam isə verilişdə Naxçıvanda atəşkəsin pozulmasına dair xəbərlərin məhz Kəmaləddin Heydərovun himayəsi altında olan saytların yayılmasıyla bağlıdır.

Məlumata görə, onlar ezop dililə eyham vurulan məqamları “yuxarı”ların “fövqəlnazir”ə ciddi xəbərdarlığı kimi qiymətləndirirlər.
Bu yerdə qeyd edək ki, son vaxtlar baş verən hadisələr də ANS-dən edilən xəbərdarlığın məhz “fövqəlnazir”ə ünvanladığı barədə ehtimalları möhkəmləndirir. Çünki məhz Kəmaləddin Heydərova yaxın şəxslərin, o cümlədən deputatların Rusiyaya meylliliyi açıq-aydın sezilir. Onlar öz çıxışlarında, hətta Rusiyanın hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini təklif edirlər.

Digər tərəfdən, diversiya kimi qiymətləndirilən məlumatların yayılması Rusiya mətbuatının “Azərbaycan geosiyasi savaşın episentrindədir” tezislərilə eyni vaxtda təsadüf edir. Təsadüfi deyil ki, bir çox yerli və xarici ekspertlər bu cür xəbərləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, baş nazirin müavini Dmitri Roqozinin, Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfəri ərəfəsində hakimiyyətə təzyiq kimi qiymətləndirirlər.

Görünür, belə səfərlərlə bu xəbərlərin eyni vaxta təsadüf etməsi və bunu yayanların hökumətdə yüksək təsirə malik nazirin himayəsində olması, hakimiyyətin ən üst qatının da diqqətindən yayınmayıb. ANS-dəki xəbərdarlığın da ideya müəllifi məhz hakimiyyətin zirvəsidir.

“Hesabat”ın sonunda “peysəri görükən məmurlar”a xəbərdarlıq da yer alır: “10-15 il əvvəl informasiya diversiyaları ilə mübarizə aparmaq xeyli asan idi. Biz bir yerə asan yığılırdıq, çünki bizi bir yerə toplayan, toparlayan ümumi hədəflər var idi. Mütləq əksəriyyət demək olar ki, bir idi. Indi bunu tam yəqinliklə demək olmaz…

Elə buna görə də günü sabah Azərbaycanda əsgər ölümü, ümumiyyətlə, cəmiyyətdə panika yaratmağa yönəlik xəbərləri aktuallaşdıran, pasifist meylləri qabardanların fəallaşmasını görsəm, əsla təəccüblənmərəm. Amma elə saytlar var ki, bu gün də həmin xəbərləri elə baş xəbər yerinə asmaqdadır. Dövlət isə gərək zəif olmasın. O, belə halların qarşısını ən qəddar şəkildə almalı, qanunun sərt üzünü göstərməlidir”.

Xəbərdarlığın ciddi olduğu ortadadır. Ancaq məsələnin xəbərdarlıqdan o yana keçib-keçməyəcəyini isə yaxın tarix göstərər.

İnformasiya şöbəsi