Əfv proqnozu yalan çıxdı

Əliyevi çətin suallar gözləyir

Bir qayda olaraq beynəlxalq təşkilatların hesabatlarında Azərbaycandakı siyasi məhbuslar məsələsinə toxunulur və müxtəlif tədbirlərdə hökumətə bununla bağlı çağırışlar olur. Azərbaycan hakimiyyəti isə, bir qayda olaraq bu məsələni öz “qanun”ları ilə həll etmək istəyir. Yəni siyasi məhbuslara əfv ərizəsi yazdırılır və bu şəxslərin “peşman”çılığı cəmiyyətə nümayiş etdirilir. Çünki hakimiyyət “qorxu maşın”ına çevirdiyi aləti zəiflətmək istəmir və cəmiyyətə istəmədiyi halda geri çəkilmədiyinin mesajını verir. 

Mayın 28-də növbəti əfv fərmanı imzalandı və bu əfv gözləntiləri doğrultmadı. Azərbaycanda 130-dan çox siyasi məhbus olsa da, sonuncu əfv siyahısına “əfv ərizə”si yazmış 3 siyasi məhbus düşdü.

Təbii ki, öz əleyhinə ərizə yazanların siyahıya düşmək şansı böyükdür və yuxarıda qeyd etdiyimiz kimi, hakimiyyət bununla proseslərə qoşulmaq istəyənlərə “aqibətiniz bu olacaq” mesajını verir.

Sonuncu əfvdən sonra hökumətə loyal münasibət bəsləyən hüquq müdafiəçiləri bildirdilər ki, iyunun 19-da növbəti əfv fərmanı imzalanacaq və xeyli sayda siyasi məhbus azadlığa qovuşacaq. Daha sonra belə fikirlər səsləndi ki, böyük əfv fərmanı iyunun 15-də olacaq. Ancaq “Qurtuluş günü” proqnozları da doğrulmadı, 19-da gözlənilən əfvdən isə xəbər yoxdur.

Hakimiyyət bu addımlarla “bizim öz yolumuz var”, “heç kim bizə təzyiq göstərə bilməz”, “siyasi məhbusların əfv edilməsi, şəxsi qərarımıza bağlıdır” mesajını versə də, qarşıda çətin sorğu-sualın olacağını da bilməmiş deyil. Bir sözlə, iyunun 19-da gözlənilən əfvin imzalanmaması, hakimiyyətin antidemokratik mahiyyətinin bir daha təsdiqlənməsidir.

Mayın 23-də AŞPA Daimi Komitəsinin Bakıda keçirilən toplantısında AŞPA prezidenti Brassör də bununla bağlı sərt çıxış edərək, qurumun insan haqları komissarının son hesabatından sonra Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyətin daha da pisləşdiyini bildirdi. “Bu məsələlərlə təcili məşğul olmaq lazımdır. Məhkəmə sisteminin müstəqilliyi çox önəmli məsələdir. AŞ Azərbaycanda məhkəmələrin ədalətli keçirilməsi ilə bağlı da narahatlığını bildirib. Blogerlər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları əksər hallarda təqiblərə məruz qalırlar. Avropa Şurasına üzv olan dövlətdə belə halların baş verməsi narahatlıq doğurur” deyən A.Brassör hakimiyyəti bu problemləri həll etməyə çağırdı. Daha sonra Helsinki Komissiyasının dinləmləri oldu və siyasi məhbus probleminə toxunludu. NATO-nun Bakıda keçirilən seminarında da siyasi məhbus məsələsi müzakirəyə çıxarıldı.

Bütün bunlar o vaxta təsadüf edir ki, Azərbaycan AŞ Nazirlər Komitəsinə sədrlik edir və AŞ PA-nın gələn həftə keçiriləcək sessiyasında Strasburqda gərgin müzakirələr olacaq. Bu sessiya çərçivəsində həm AŞ Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, həm də prezident Ilham Əliyevin çıxışları nəzərdə tutulur. Bu çıxışlardan sonrakı mətbuat konfransında isə Əliyev və Məmmədyarov deputatların, jurnalistlərin suallarına cavab verməli olacaqlar. Şübhəsiz ki, indiki şəraitdə bu sualların əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyət, siyasi həbslər, repressiyalar və söz azadlığına basqılarla bağlı olacaq.

130-dan çox siyasi məhbusun olduğu ölkənin prezidenti və xarici işlər nazirinin bu suallara cavabı asan olmayacaq.

Görünür, hakimiyyət əvvəllər olduğu kimi bu dəfə də vəziyyətdən çıxış üçün “sehrli çubuq” axtarır. Bütün “fokus” nömrələrinin sirrinin aşkar olduğu vəziyyətdə isə, “sehrli çubuq” işə yaramır.

Akif