
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinin Naxçıvan istiqamətində bu günlərdə gedən güclü atışmaların səbəbi üzə çıxıb.
Erməni hərbi qaynaqları Naxçıvanla sərhəddə neytral ərazidə yerləşən bir neçə strateji yüksəkliyi tutduqları barədə xəbər yayıblar. “Regnum” agentliyi erməni hərbi portal razm.info-ya istinadən xəbər verir ki, Ermənistan ordusu səssiz-səmirsiz Naxçıvanla sərhəddə sərt iqlim şəraitinin hökm sürdüyü, dəniz səviyyəsindən 2500-3300 metr yüksəklikdə yerləşən, sutkalıq temperatur fərqinin 35-40 dərəcəyə çatdığı ərazilərdə yerləşən yüksəklikləri tutublar.
İddia olunur ki, Azərbaycan hərbçiləri bu əməliyyatdan xəbər tutanda çox gec olub və erməniləri tutduqları mövqelərdən çıxarmaq üçün nəsə etmək mümkün olmayıb. Bu əməliyyat nəticəsində Naxçıvanla sərhəddə Ermənistan ordusunun bir çox mövqeləri Azərbaycan ordusunun döyüş postlarından yüksəklikdə qalıb. Hazırda ermənilərin yeni tutduqları mövqelərdən nəinki Azərbaycan postlarının kommunikasiyaları, eyni zamanda 25-30 kilometr məsafədə yerləşən Naxçıvan şəhəri aydın görünür. Əməliyyat nəticəsində Ermənistan ordusu Naxçıvanla sərhəddə əlavə olaraq 100 kvadratkilometr əraziyə nəzarət edir. Sayt ermənilərin ələ keçirdikləri yüksəkliklərin fotolarını da yayıb (Virtualaz.org).
Müdafiə Nazirliyi ermənilərin Naxçıvanda bəzi əraziləri tutması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin yaydığı açıqlamada deyilir: “Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.
Bildiririk ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.
Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır.
Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradırlar.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.
Yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır. Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə “neytral ərazi” anlayışı ümumiyyətlə mövcud deyildir.
Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını apamamağı tövsiyə edirik”.







