Braziliya və Mülleri nə birləşdirir?
Dünya futbolunun əfsanəsi Dieqo Maradona müsahibələrindən birində deyirdi: “Bir çox klublarda uğur qazanmışam. Çoxlu qollar vurmuşam, çempionluqlar görmüşəm. Amma bunların heç biri dünya çempionluğu ilə müqayisə oluna bilməz. Kuboku əlinə götürəndə özünü dünyanın ən xoşbəxti sayırsan. Heyf, cəmi bir dünya çempionluğu sevinci yaşadım. Futbolçu karyerası gözlədiyimdən də qısa oldu. Sonralar həmişə Argentina milli komandasının baş məşqçi postuna yalnız bu sevinci yenidən yaşamaq üçün can atmışam. Pulsuz işləməyə də razı idim. Mən yenidən xoşbəxt olmaq istəyirdim…”
Bitdi…
1994-cü ildə ABŞ-da Maradona son dəfə dünya çempionatında oynadı. Əvvəlki qədər cəld deyildi, amma meydanda var gücü ilə vuruşurdu. Yunanların qapısına yol tapanda onun sevincini görməyə dəyərdi. Onda Maradona hələ bilmirdi ki, dünya çempionatlarında bir daha qol vurmayacaq. Komandasının ikinci qarşılaşmasında əla ötürmə verdi, Yunanıstandan sonra Nigeriyanı da məğlub elədilər. Bitdi. Növbəti dopinq testi onu milli komandadan həmişəlik ayrı saldı. Argentina Rumıniyaya uduzanda Maradona meydandan kənarda hönkür-hönkür ağlayırdı…
Həmkarlardan biri məzəli əhvalat danışmışdı. 2002-ci ildə dünya çempionatı başlayanda ucqar kəndlərdən birində yaşlı futbol fanatı bütün camaatı evinə Argentinanın ilk oyununa baxmağa dəvət eləyir. Hamı yığışıb gəlir. Kişinin həyat yoldaşı camaata yemək, çay daşıyır. Oyun başlayandan bir neçə dəqiqə keçəndən sonra ev sahibi başa düşür ki, Maradona meydanda yoxdur. Üzünü camaata çevirir:
– Ə, Maradona oynamır?
Cavab verirlər ki, “yox”.
Hirslənib qalxır ayağa:
– Durun dağılışın. Maradona oynamırsa, nə oturmusuz?!
Heç kim milli komandanı Maradonasız təsəvvür eləmirdi…
Indi görün dünyanın harasıdır ki, Maradonanı Argentina – Bosniya və Herseqovina oyununa baxmaq üçün “Marakana” stadionuna buraxmayıblar. Səbəbə bir baxın: akkreditasiyası yoxdur. Nə istəyirsiniz düşünün, amma belə dahi futbolçudan bütün varlığıyla sevdiyi milli komandasının oyununa baxmaq üçün akkreditasiya tələb olunmamalıdır. Olunmamalıdır, vəssalam.
Müdafiəçi, yarımmüdafiəçi, hücumçu Messi
Argentina milli komandası Bosniya və Herseqovina ilə oyunda yaxşı təsir bağışlamadı. Bosniyalıların bir az təcrübəsi çatsaydı, uduzmayacaqdılar. Argentinada komanda oyunu istənilən səviyyədə deyil. Lionel Messi topu xeyli arxadan götürüb hücuma keçməli olur. Lap Maradona kimi. Maradonaya fikriniz getməsin, Messi təkbaşına milli komandanı çempion eləmək gücündə deyil. Argentinanın bir az bəxti zəif komandaların yer aldığı qrupa düşməkdə gətirib. Iran və Nigeriya belə oyunla ikiqat dünya çempionuna lazımi müqavimət göstərə bilməyəcək. Argentina isə lap növbəti mərhələyə çıxsa da, çempionluğu inandırıcı görünmür. Elə Maradona da bu perspektivə inanmır.
Bosniya və Herseqovinanın baş məşqçisi Safet Suşiç yaxşı komanda formalaşdırıb. Bu komandadan çox şey gözləmək olar. Safet Suşiç adı sizə heç nə demir? “Ameli” filminə baxmısınız? Məşhur filmdir. Orada bir kadr var: Ameli futbola baxarkən televizora yüksək səs verən qonşunun əlindən zinhara gəlir, çıxır dama və başlayır anteni tərpətməyə. Bu zaman qonşunun televizorunda görüntü korlanır, oyunun şərhçisi isə bir neçə dəfə Suşiç soyadını “təkrarlayır”. Bax, həmin Suşiç bu Suşiçdir. Onda PSJ-də oynayırdı…
Avtoqola görə mükafat
Çempionatda artıq üç avtoqol qeydə alınıb. Ən kuryozu məhz Bosniya və Herseqovina milli komandasına zərbə vurub. Argentina çempionatda ilk qolunu avtoqol sayəsində rəsmiləşdirdi. Messinin cərimə zərbəsindən sonra təhlükənin sovuşduğunu düşünərkən top Sead Kolaşinatsın ayağına dəydi və hesab açıldı. Müdafiəçi ayağını vaxtında kənara çəksəydi, top qapıya getməyəcəkdi.
Avtoqollarla bağlı sizinlə maraqlı əhvalat bölüşüm. 1974-cü ildə Hollandiya banklarından biri milli komanda üzvlərini həvəsləndirmək üçün Almaniyada vurulacaq hər qola 5 min qulden mükafat təyin eləmişdi. Bolqarlarla oyunda 4:1 hesabıyla qalib gələn hollandlar öz qapısından topu Krolun avtoqolu ilə buraxmışdı. Müdafiəçi qapıçı Yonqbludla dil tapmamış və beləcə top qapıdan keçmişdi. Sonradan Hollandiya milli komandasının üzvləri həmin bankı Krola da pul ödəməyə vadar elədilər. Çünki müqavilədə beləcə də yazılmışdı: milli komandanın futbolçularının vurduğu hər qola görə mükafat. Avtoqol fərqləndirilməmişdi. Beləcə, Krola da 5 min qulden çatmışdı.
Avtoqollardan danışarkən kolumbiyalı bədbəxt Eskobarı da unutmayın. 1994-cü ildə ABŞ ilə görüşdə topu öz qapısına göndərən futbolçunu vətənində bağışlamamışdılar. Eskobar dünya çempionatındakı səhvə görə güllələnən oyunçu kimi tarixə düşüb.
Kolaşinatsı bu talelərdən heç biri gözləmir. Nə Hollandiyada doğulub, nə də Kolumbiyada. Bosniya və Herseqovinada ona daha çox təsəlli verirlər.
Portuqaliya: nokautdan sonra
Qruplarda ilk tur başa çatıb, hətta ikinci oyununu keçirən komandalar da var.
A qrupunda bütün komandalar yaxşı təsir bağışlayır. Braziliyanın mübarizəni davam etdirəcəyini düşünürük.
B qrupu haqda söz demək üçün Ispaniya – Çili oyununa baxmaq lazımdır. Yazı hazırlananda həmin qarşılaşma hələ başlamamışdı. Hollandiyanın irəli gedəcəyinə şübhə yoxdur. Avstraliya böyük ehtimalla qrupda qalacaq.
C qrupunda Yunanıstandan başqa, qalanları eyni səviyyədədir. Itkilər mane olmasa, Kolumbiya dayanmayacaq. Kot d’Ivuarın Yaponiya ilə görüşdə qələbə işinə yaraya bilər.
D qrupunda Uruqvay – Ingiltərə oyunundan çox şey asılıdır. Italiyanın problemi olmamalıdır. Kosta Rikaya güvənmirik.
E qrupunda çempionatın ən zəiflərindən olan Hondurasın heç bir şansı yoxdur. Yəqin ki, Fransa ilə Isveçrə mübarizəni davam etdirəcək.
F qrupu haqda bir az əvvəl danışdıq. Argentinanın qrup qalibi olacağı gözlənilir. Bosniya və Herseqovina qalan oyunları da bu səviyyədə keçirsə, ikinci yeri tutacaq.
G qrupunda Portuqaliyanın Almaniya nokautundan ayılacağı ehtimalı azdır. Kriştiano Ronaldonun lideri olduğu komanda mübarizədən kənarda qalsa, təəccüblənməyin. Almaniyaya böyük ehtimalla ABŞ yoldaş olacaq. Qananı da hesabdan silməyə tələsmirik.
H qrupunda qarışıqlıqdır. Belçika favorit sayılır, amma komanda Əlcəzairlə görüşdə bir o qədər inamlı təsir bağışlamadı. Rusiya Cənubi Koreyadan bir az güclüdür. Ola bilər ki, Belçika və Rusiya qrup mərhələsini uğurla keçsin.
Bukmeykerlər nə deyir?
Məşhur bukmeyker kontoru Bet365-in internet səhifəsinə göz gəzdirdik. Kontor üç komandanın çempionluğuna daha çox inanır: Braziliya (əmsal – 4.50), Argentina (5.00), Almaniya (5.00). Hollandiya (11.00), Ispaniya (13.00) və Fransaya (17.00) da müəyyən şans verilir.
Təkcə Bet365 belə düşünmür, başqa məşhur kontorlar da Cənubi Amerika komandalarının qələbəsini daha mümkün sayır. Düzdür, biz də Braziliyanın çempionluğunu istisna eləmirik. Amma Almaniya, Hollandiyanı, Italiyanı unutmaq olmaz. Qəribədir ki, kontorlar italyanlara bir o qədər nəzər yetirmir.
Bet365 düşünür ki, Almaniyanın hücumçusu Tomas Müllerin turnirin ən sərrast futbolçusu olacağı daha inandırıcıdır (3.50). Robin van Persi Avstraliyanın qapısına yol tapdığından şanslıların arasında ikinci yerə keçdi (6.00). Amma nəzərə alın ki, holland futbolçu bir az geridəydi. Yəni, hər qol əmsallarda balansı dəyişir. Avstraliya – Hollandiya oyununun 70-ci dəqiqəsində vəziyyət beləydi.
Sonrakı yerlərdə bu futbolçular gəlir: Aryen Robben (6.50), Neymar (8.00), Lionel Messi (8.00), Kərim Benzema (10.00).
Unutmayın, kontorlar az səhv eləmir. Sizin komandanın çempion olmaq şansı həmişə var. Hətta ilk oyunda uduzubsa belə…
Coşqun Eldaroğlu