Ağrılı və aktual məsələ

Son vaxtlar ən tez-tez rastlaşdığımız xəbərlərdən biri səhhəti ilə bağlı partiya və hökumətdən imdad istəyənlərdir. Təsəvvür edin, Ilham Əliyevin elə öz sərəncamı ilə guya ölkədə pulsuz səhiyyə var. Amma hansısa aktyor, şair, yazıçı, jurnalist və s. və i.-a bir də görürsən, onun müalicəsinə köməklik etdiyinə görə Ilham Əliyevə minnətdarlıq bildirir. Minnətdarlıq da nə minnətdarlıq. Yağlı, sabunlu cümlələrin biri bir qəpik.

Heç kim də oturub düşünmür, düşünmək istəmir: bir halda ki, ölkədə pulsuz səhiyyə var, bəs niyə o, sağalmaq üçün kiməsə ağız açmalı, boyun bükməlidir? 

Ya da hanı “analoqsuz inkişaf edən”, “regionun lideri” olan ölkənin 10 il əvvəl qəbul olunan tibbi sığorta qanunu? Niyə işləmir? Ona görəmi ki, vətəndaşı səhhəti ilə bağlı ən çətin anlarda hökumətin ayağına düşməyə, ondan mərhəmət ummağa məcbur edəsən?

Bax, biz ona görə dönə-dönə, təkrar-təkrar deyirik, yazırıq ki, Azərbaycan əvvəlcə ədalətli ölkə olmalıdır. Əvvəlcə ədalətli sistem və cəmiyyət qurulmalıdır. Ədalət olduğu yerdə kimlərinsə mərhəmətinə ehtiyac qalmır. Üstəlik, minnətli, təmənnalı mərhəmətinə!

Siyasi məhbussan, vicdan dustağısan – əfv istə, “cinayətlərini bağışlayaq”.

Ağır xəstəsən – yalvar-yaxar, əl öp, diz çök, “həyatını bağışlayaq”.

Budur Azərbaycanda yaranan, daha doğrusu, yaradılan mənzərə.

Ölkəni bu vəziyyətə bilərəkdən, düşünərək gətiriblər! Insanların alçalmasından, yalvarmasından zövq alırlar. Eyni zamanda da bu, onlara öz rejimlərinin ömrünü uzatmaq, öz haqsız, zülmkar idarəçiliklərini mümkün olduğu qədər çox davam etdirmək üçün lazımdır. 

Baxırsan, ömrünün 30-40 ilini mədəniyyət sahəsində pis-yaxşı xərcləmiş adamdır, bu gün 15-20 minlik müalicəyə ehtiyac var. Amma o müalicənin öhdəsindən gəlməyə imkanı yoxdur. Məcburdur, “yuxarılar”a dil töksün, ekrana çıxıb göz yaşı axıtsın ki, səsini eşitsinlər, ona bəxşişdə bulunsunlar. O da bunun qarşılığında əttökən minnətdarlıq cümlələri qursun. 

Amma heç fikirləşən yoxdur: ömrünü çalışmaqla, zəhmətkeşliklə, hər hansı sahədə bacardığı xidmətlərlə keçirən adamların niyə bir az bərkə-boşa düşəndə bunun öhdəsindən gəlmək imkanı yoxdur? Hansısa məmur oğlu yarım milyonluq avtomobillərlə avtoşluq şouları düzəldərkən, o niyə üç-beş min manata məhkumdur? Bu üç-beş min manata görə əyilməyə, ayağa düşməyə məcburdur?

Bax, Azərbaycanda indi belə vəziyyət yaradıblar. Elə bir vəziyyət yaradıblar ki, karyera qurmaq üçün də, sağalmaq üçün də sistemin mərhəmətinə sığınmalısan, hətta son çarə kimi əqidəndən, dünyagörüşündən də imtina etməlisən ki, sənə nə isə bəxş etsinlər.

Bu sətirləri yazıram və kimsə deyə bilər ki, sabah ağır bir xəstəliyə düçar olmayacağını, bahalı bir müalicəyə ehtiyac duymayacağına təminatın hardandır. Əlbəttə, belə bir təminatım yoxdur. Hətta indinin özündə də müalicə ehtiyacım var, hər keçən gün gözlərimin işığı bir az da sönür. Indiki imkanlarımla qarşısını almaqda acizəm. 

Amma məsələ mənimlə, səninlə, onunla bağlı deyil ki…

Məsələ ondadır ki, bu cür zəngin ölkədə, bu cür bərəkətli torpaqlarda yaşayıb bir az bəd ayaqda niyə kiminsə mərhəmətinə möhtac qalmalıyıq?

Niyə kiminsə əlinə baxmalıyıq?

Niyə kiminsə qarşısında boyun büküb ondan imdad istəməliyik?

Niyə belə olmalıdır axı? Niyə, niyə, niyə? 

Və elə bu cür sualların özü kifayət etmirmi ki, kim oluruqsa olaq – şair, yazıçı, aktyor, çəkməçi, ofisiant, konduktor, traktorçu, ya bir başqası, dəxli yoxdur!? –  bizim Azərbaycanda ilk növbədə ədalətli idarəetməyə, ədalətli cəmiyyətə ehtiyac duyduğumuzu deyə bilək?!

Bəli, elə bir idarəetmə və cəmiyyətə nail olmaq ki, orada kiminsə, kimlərinsə qarşısında əyilmədən, sınmadan, boyun bükmədən yaşayaq və ölək!