Vaşinqtonda İŞİD olaylarına seyrçi yanaşmağın səbəbi bəlli oldu
ABŞ Administrasiyası bəyan edib ki, o, İraqda Nuri əl-Malikinin olmadığı, sünni və digər azlıqların da təmsil olunduğu bir hökumətin qurulmasında maraqlıdır. ABŞ hesab edir ki, yalnız belə bir hökumət milli etimad qazana, “Əl Qaidə”nin qollarını və İŞİD-i dayandıra, bir təriqətçi diviziyanın iki həftədir davam edən hücumlarının qarşısını kəsə bilər.
Bu, eyni zamanda ABŞ-ın ərəb müttəfiqlərinin də tələbidir.
Dünən Senatda keçirilən dinləmələrdə senator Dayan Faynşteyn bildirib ki, əgər hər hansı barış əldə etmək istənilirsə, Malikinin hökuməti getməlidir.
Administrasiya bildirir ki, Obama hökuməti Malikiyə sünni azlığın haqlarına sayğı ilə yanaşmamağın onların dirənişini yarada biləcəyi haqda xəbərdarlıq edib. ABŞ Malikini həmişə şiələrin, sünnilərin və kürdlərin təmsilçiliyinin nəzərə alındığı siyasət yürütməyə çağırıb.
İndi ərəb və ABŞ diplomatlarının hamısı belə yekdil rəydədirlər ki, Malikinin özünün təriqətçiliyi sünni təriqətçilərinin qiyamına gətirib çıxarıb: «Təəssüf ki, bu qiyamda “Əl Qaidə” və Səddam Hüseynin tərəfdarları birləşməyə və mövcud hökumətə qarşı qiyam qaldırmağa nail olublar».
Ən yaxın günlərdə prezident Barak Obama və onun köməkçiləri İraqdakı vəziyyətin sabitləşdirilməsi üçün açıq və detallı yol xəritəsi elan edəcək. Amerika hərbi və siyasi elitası bölgədə İŞİD-ın zəiflədilməsi üçün hərbi hava qüvvələrindən istifadə imkanlarını araşdırır. Amma ABŞ bu zərbənin siyasi sistemdəki islahatlarla müşayiət olunmasını istəyir.
Dünən Barak Obama Senatın Respublikaçılardan və Demokratlardan ibarət nümayəndə heyətini qəbul edərək, onlarla bu barədə müzakirələr aparıb və onları hökumətin planları ilə tanış edib.
ABŞ paralel olaraq, Türkiyə, İran və Səudiyyə Ərəbistanı ilə İraqda daha geniş təmsilçiliyə imkan verən yeni hökumətin formalaşdırılması üçün müzakirələrə başlayıb.
azadliq.info