“Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb”. Bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Bununla belə, S. Lavrov bildirib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: “Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq”.
Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: “Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”.
Lavrov bildirib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır. İki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, keçən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: “Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək”.
S. Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb: “Dünən iki rusiyalı jurnalist Ukraynada həlak olub. Bu, tezliklə atəşin dayandırılmasının və Cenevrə prinsipləri çərçivəsində danışıqların aparılmasının zəruri olduğunu göstərir”.
S. Lavrov Yaxın Şərqdə terrorçuluqdan narahatlığını ifadə edib: “Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükədir”.
Qonaq görüşdə Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığın da müzakirə olunduğunu vurğulayıb. S. Lavrov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladıb və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğulayıb.


