“Halından razı kölələr”in durumu

Əvvəlki illərdə olduğu kimi, orta ixtisas məktəblərində buraxılış imtahanları rüsvayçı nəticələr göstərməkdə davam edir. Açıqlanan son rəqəmlər 11 min məzunun “2″ qiymət aldığını ortaya çıxarıb. Dünən, demək olar, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu bu idi. Anlayıram, təhsilsiz bir millətin gələcəyi, həqiqi anlamda, sual altındadır. Amma biz nədən bu qədər heyrətlənirik, bax, onu anlaya bilmirəm. Dəvədən soruşdular ”boynun niyə əyridir?”,  cavab verdi, “haram düzdür ki, boynum də düz olsun”.

Bax, elə bu xəbərin yayıldığı gün ölkə gündəmində onlarla bənzər informasiya vardı. Qərara gəldim ki, bu informasiyaları paylaşım, bir az sizə də “təsəlli” olsun. “Azərbaycan Dövlət Neft Fonduna 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 mlrd. dollar olub. Gələcək nəsillərə saxlanılmalı olan 101 milyardın 65 milyardı artıq xərclənib”.

“Ölkə üzrə problemli kreditlərin həcmi 1 milyarda çatıb”. “Ölkədə hər il 4 min ailə boşanır”. “Azərbaycan qanunvericiliyinə görə, rəsmi təsdiqlənən yaşayış minimumundan aşağı gəliri olan insan yoxsul sayılır. 2014-cü ildə həmin göstəricinin məbləği 125 manatdır. Bu məbləğlə vətəndaş həm özünün minimum qida təminatını, həm kommunal xidmətlərə, həm sosial xidmətlərə olan tələbatını ödəməli, həm də çılpaq qalmamalıdır”. “Müstəqil teatr pulsuzluqdan səhnəsini itirdi. ”ODA” Müstəqil Teatrının yerləşdiyi “Zirzəmi” məkanı iyunun 1-də maliyyə çətinlikləri üzündən bağlandı”.ÿ “Azərbaycanda ana və uşaq ölümlərinin sayı durmadan artır. Iyunun 7-də Binəqədi rayonu ərazisindəki 6 saylı Şəhər Klinik Xəstəxanasında baş verən 27 yaşlı ananın ölümü ilə bağlı ekspertiza gedir”. “Azərbaycan idxaldan asılı ölkə olduğu üçün dünyadakı qiymət artımı anındaca bizə təsir edir. Dünya bazarındakı ciddi artım Azərbaycanın daxili bazarında bir çox məhsulların, ərzağın qiymətinin sıçramasına səbəb olacaq”.

Siyahını bir xeyli uzatmaq da olardı. Amma tam bir bəd xəbər bülleteninə bənzədi deyəsən. Durumun nə qədər acınacaqlı olduğunu anlamaq üçün yetərli deyilmi? Çoxunuz mənimlə razılaşarsınız ki, bu siyahıda keçən ən ağrılı xəbər yoxsulluqla bağlı olan xəbərdir. Yəni bu acınacaqlıdan da acınacaqlı olandır. Azərbaycan kimi bahalı bir ölkədə aylıq 125 manatla yaşamaq zorundasan. Insan yaşamına ölçülmüş bu dəyərlə, bəlkə, aclıqdan ölməzsiniz. Ancaq bu, mənəvi baxımdan açıq-aşkar insanı məhv etməkdir. Hələ biz normal təhsildən, normal səhiyyədən, sənətdən, teatrdan danışırıq…

O “xəbər bülleteni”ni boş yerə çıxarıb paylaşmadım sizinlə. Bu ölkədə, sözün əsl anlamında, bir yoxsulluq var, var olanın içində yaşanan böyük yoxsulluq. Kim bilir, aclıq həddindən aşağı yaşam şərtlərində həyat mücadiləsi verən nə qədər insan var bu ölkədə! Balalarını geyindirə bilmədiyi üçün məktəbdən yayındırıb, xırda-para satmağa göndərən nə qədər çarəsiz ana var! Maaşsız, evsiz, təminatsız həyat burulğanında batan nə çox istedadlar var! Zəngin ölkənin miskin vətəndaşı olaraq sürünməkdən bezib, arzularını kor quyulara gömən nə qədər ümidsiz var! Bu yoxluqların, yoxsulluqların aclığından ruhən əzilib bataqlığa düşənlər var! Illər uzunu yaşadığı bu torpaqda haqq, ədalət, insanlıq arayarkən, əlləri boşa çıxıb, düşkün halıyla taleyin ümidinə təslim edənlər var özünü!

11 min məzunun “2″ qiymət almasına heyrətlənəcək durumda deyilik biz. Biz daha bədbəxt durumdayıq. Biz, hardasa 8 milyonun ”2″lik həyat səviyyəsində boğulduğu bir haldayıq. Kimsə bu yoxsul, düşkün durumu başqalarının dəyişəcəyinə ümid bəsləyirsə, böyük səhvə yol verir. Bu, bir az da “halından razı olan kölələr”in durumuna bənzəyir…