Bizim türmə – konslager

I yazı

Bir qrup dustaq “Azadlıq”a məktub yazıb. Məktub nə məktub – qanlı gündəm məktubu! Onlar 12 saylı cəzaçəkmə yerindən yazırlar. Yazdıqları başdan-ayağa, açıq-açığına KONSLAGER görsənişləridir. Dustaqlara verilən işgəncələrdən yazırlar. Dustaqlar kimlərdir? Azərbaycan yurddaşları! Işgəncə verənlər kimlərdir? Onlar da Azərbaycan yurddaşları! Dönə-dönə yazmışıq, bir daha yazmaq gərəkir: 1993-dən Azərbaycanda Azərbaycana düşmən güclərin yaxından yardımı ilə IŞĞAL rejimi qururlub. 93-dən bu yana bu ölkədə yalnız siyasi hakimiyət üzərində deyil, vicdan özgürlüyünədək bütün alanlar, bütün parametrlər üzrə IŞĞAL rejimi qurulub. Bunu bir daha sözügedən məktubdan görmək olar.

Məktub yiyələri “dustaqlar” konkret faktlar üzərində dayanaraq əliyevçi rejim türmələrindəki qanunsuzluq, özbaşınalıq görsənişlərindən yazırlar. Onların açıqladıqları faktlardan göründüyü kimi, ayrıca qazanc obyekti olaraq türmələr rejim başında duranlarara hər ay milyonlar qazandırır. Onların yazdıqlarına görə, türmə rəisi Rauf Məmmədov, rəis yardımçısı Qaçay Aslanov, “işgəncələr kralı” Babək Isgəndərov kolonda geniş qazanc şəbəkəsi yaradıblar: təkcə telefon danışıqlarından onlar hər ay 25 min manat qazanırlar.

“Idman zalında məşqə görə ayda 20, nömrə hamamında yuyunmaq 5, camaşırxanada paltar yuduzdurmaq ayda 30 manatdır. Cəzaçəkmə müəssisəsində 3 kafe var. Orada bir yeməyin qiyməti 3 manatdan 7 manata kimidir. 1 çaynik çay 2, filmə baxmaq 1, çarpayının birinci yarısında yer almaq 150 manatdır. Karantində məcburi əməyə çəkilməmək üçün 200 manat ödəməlisən. Yoxsa, işləməsən, ağır işgəncələrlə üzləşəcək, karsa salınacaq, başqa cəzalara uğrayacaqsan”, – dustaqlar yazırlar. 

Dustaqların yazdığına görə, Rauf Məmmədovla Qaçay Aslanov indiki görəvə gətirilənədək kompüter öyrətimi üçün otaq ayrılbmış. “13 kompüterdə dustaqlara pulsuz dərs keçilirdi. Bu adamların gəlişindən sonra dərslərə son qoyuldu, kompüterdə saatı 5 manata yalnız oyun oynamaq olar. Səhər saat 10.00-dan axşam saat 21-ədək 13 kompüterdə saatı 5 manata oyun oynanır, bu isə ayda 20-25 min manat edir”, – dustaqlar yazırlar. Onların yazdıqlarına görə, dustaqları tez-tez təxribata çəkməklə pul qazanma metodu da geniş yayılıb: “Rəhbərliyin ağır, dözülməz işgəncələrindən müəssisədə çoxlu yaralı dustaq var. ”Karsda” qan su yerinə axır. Hər ay saçlar qırxılır, saç saxlamaq üçün aya 10 manat ödəməlisən. Buna görə ən azı 300 dustaq aylıq ödəyir… Mağazada hər şey 5 qat baha satılır. Dustaqlara verilən qidalar yararsız, kolorisiz, keyfiyətsizdir. Dustaqlara ayrılmış ərzaq mağazada, eləcə də əldə satdırılır. Çürümüş kartof-soğandan, texniki yağdan, çağı ötmüş ərzaqdan hər gün yeyib sağlam olmaq… olmaz! Buna görə 700-ə yaxın dustağın ağ ciyərində ciddi xəstəliklər bəlirlənib. Yataqxanalarda sıxlıq, antisanitariya, havasızlıqdır. 1 korpusda 130-dək dustaq saxlansa da, 3 ayaqyolu, 3 su kranı var, bu da uzun-uzadı növbələr yaradır. Bu növbələrə görə öcəşmələr, dalaşmalar olur. Dalaşmalardan da müəssisə rəhbərliyi yararlanaraq pul qazanır… 300-dən çox dustağın pulu mənimsənir… Cəzalarının dörddə üçündən çoxunu çəkmiş bir çox dustaqlar rüşvət verə bilmədikləri üçün cəzadan şərti olaraq məhkəmə yoluyla çağından tez qurtula bilmirlər”…

Dustaqlar məktubu başlıca olaraq dövlət başçısına, Ədliyə nazirliyinə… yazıblar. Məktubu “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı yayıb. Pentensiar Xidmətdən məktuba çox ilginc reaksiya verilib: 1) məktubu yayan Alyans “qeydiyyatdan keçməyən ictimai birlikdir”; 2) “müraciəti imzalaynların bir qismi nəinki 12 saylı cəzaçəkmə müəssisəsində məhkum deyil, ümumiyyətlə, belə adda-soyadda məhbus yoxdur”. Bunlar gerçəyi ört-badır etmək üçün əl atılan yalançı “arqumentlərdir” – hüququn ayaqlar altına atıldığı ölkədə…