Indi çoxları dörd gözlə Iraqdakı IŞID terroru haqqında xəbərləri oxuyur, həvəslə müzakirə edir, amma o biri tərəfdən də xəbər lentlərini burnumuzun ucunda, qulağımızın dibində, elə öz ölkəmizdəki “həkim terroru” ilə bağlı yeni, dəhşətli məlumatlar “bəzəyir”. “”Həkim terroru”nun daha bir qurbanı”, “”Həkim terroru” davam edir” – artıq bizim saytlarda, qəzetlərdə bu cür başlıqları görmək adi haldır. Vicdanlı, bacarıqlı, əxlaqlı həkimlərimizdən üzr istəyirəm, sanki biz də “ağ xalatlı IŞID”-lə-zadla üz-üzəyik.
Dünən də istisna olmadı, biz Azərbaycanda “həkim terroru” ilə bağlı daha iki dəhşətli, ürəksızladan xəbər oxuduq, bunlardan birində deyilirdi ki, 1984-cü il təvəllüdlü Aygün Süleymanova Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxananın doğum şöbəsində oğlan uşağı dünyaya gətirib. Uşaq anadan olandan sonra həkim onun sağlıq durumu ilə bağlı heç bir problemin olmadığını deyiblər, amma elə həmin gün axşam da yeni doğulan körpənin halı qəfil pisləşib, çox keçmədən isə o, ölüb.
Başqa bir xəbərə görə isə, Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkim pediatrı Ceyhun Bədəlov Bakıda Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib. Adı çəkilən xəstəxananın həkimləri mədəsində qanaxma başlayan Ceyhun Bədəlovun mədəsini yumaq istəyiblər. Lakin C.Bədəlov özü də həkim olduğundan, bu halda mədənin yuyulmağının düzgün olmadığını bildirib. Iradlarına baxmayaraq, Respublika Klinik Xəstəxananın həkimləri prosesə davam ediblər. Sonluq isə dəhşətli olub.
Amma daha dəhşətli olan bir şey də var. Artıq gözümüz “həkim terroru” ilə bağlı bu cür xəbərlərə öyrəşib, bu xəbərlər artıq heç kimi qəzəbləndirmir, qıcıqlandırmır, acıqlandırmır elə bil. Elə bil heç kim tükünü tərpətmir, qılını qıpırdatmır bu cür faciəli ölümlər; ölümdən də çox qətl adlandıra biləcəyimiz belə hadisələr sanki heç kimin vecinə deyil, sanki növbəti qurbanın özümüz, doğmamız olmayacağına təminatımız var.
Bəli dəhşətdir, arxada qoyduğumuz 21 il ərzində çox şey kimi, indi buna da vərdiş etmişik, adətkarda olmuşuq, az qala hamı bunu adi həyat hadisəsi kimi qəbul edir. Necə ki, ölkənin təhsil sisteminin savad, bilgi verməməsi, öyrətməməsi heç kimdə təəccüb doğurmur, səhiyyə də o cür: sanki xəstəxanaların, həkimlərin təyinatı belədir, onlar sağaltmaq üçün yox, öldürmək üçündür.
Hər şey mahiyyətini dəyişib Azərbaycanda. Məzmununu itirib. Səməd Mənsur demiş, “həpsü rəngdir”. Seçki də, təhsil də, səhiyyə də, məhkəmə də, hakimiyyət və müxalifət də. Xalq özü belə.
Seçkinin adı seçkidir, mahiyyəti təyinatdır. Hətta lazım gələndə “prezidentdən keçən siyahını pozdurmaq”dır. “Otvyorka”dır.
Hakimiyyətin adı hakimiyyətdir, məzmunu hakimiyyətsizlikdir. Ən azı ona görə ki, milli iradənin məhsulu deyil. Gücünü, missiyasını xalqdan almayıb. Və məhz bu da onu zorla, zopa ilə hökm etməyə sürükləyir.
Müxalifətin adı müxalifətdir, əslində isə az qala partizan mübarizəsindən danışmaq olar.
Xalq? O kimdir, nəyə lazımdır? Kimdir onu eşidən, onunla hesablaşan? Hansı haqqa, funksiyaya sahibdir? Özü öz taleyini müəyyənləşdirməkdən belə məhrumdur.
Biz indi bax belə bir Azərbaycanda yaşayırıq. Daha doğrusu, yaşamırıq, ölürük, pardon, öldürülürük. Naşı əllərdə can veririk.
Artıq ölüm də mahiyyətini itirib bu torpaqlarda. O indi işıqlı, gözəl dünyayla vidalaşmaq deyil. Nakam ömürlər deyil. Yarımçıq qalan arzular deyil. Ölüm də qurtuluşdur artıq. Sürünməkdən, yox sayılmaqdan, əzilməkdən, zülm görməkdən qurtuluş. Bir qarın çörək qazanmağın məşəqqətindən, övladlarının ehtiyacları qarşısında çarəsizlikdən, gələcəklə bağlı ümidsizlikdən qurtuluş.
Son vaxtlar yeni doğulan körpələrin ürəkdağlayan ölüm statistikasını görəndə hətta adamın ağlından bu keçir: onlar ana bətnində adına “həyat” dediyimiz zillətlərin, məhrumiyyətlərin ağırlığını hiss edirlər elə bil. Sanki onlar da düşdüyümüz bu qaranlığa, bataqlığa göz açmaq istəmirlər artıq…