Qanlı təşkilatın qazandığı milyardlar barədə kəşfiyyat məlumatı yayıldı; qətliamın yeni görüntüləri
İraqda törətdiyi qanlı əməliyyatlarla dünyanın diqqətində olan İŞİD (İraq-Şam İslam Dövləti) artıq özünün pasportunu da paylamağa başlayıb. Təşkilatın üzvləri öz pasportlarının fotolarını sosial şəbəkələrdə paylaşıblar.
İŞİD-in pasportu alanlar arasında azərbaycanlılar da var.
Bir müddət əvvəl Suriyada gedən döyüşlərə qatılan azərbaycanlılar Azərbaycan pasportlarını cıraraq fotolarını sosial şəbəkələrdə paylaşmışdılar. Onlar bu addımı bir daha Azərbaycana qayıtmaq niyyətində olmadıqları üçün atdıqlarını qeyd ediblər (apa).
İŞİD Bağdadın 50 km şimal-şərqində yerləşən Bakubaya hücum edib.
***
Bu arada İŞİD döyüşçülərinin Bağdadın 50 km şimal-şərqində yerləşən Bakuba şəhərinə hücum etdiyi haqda xəbərlər yayılıb. Frans Press agentliyinin məlumatında deyilir ki, şəhərin bir sıra bölgələri bombardıman olunub. Mülki şəxslər arasında çoxlu ölənlərin olduğu deyilir.
***
“The Guardian” isə İŞİD-in əldə etdiyi pullardan yazıb. Qəzetin yazdığına görə, terror təşkilat ən azı 2.4 milyard dollar sərvətə sahibdir.
Məqalədə bildirilir ki, əldə edilən kəşfiyyat məlumatlarına görə, Mosulu tutana qədər İŞİD-in 875 milyon dolları olub. Təşkilat Mosulda bankları yağmalamaqla və ələ keçirdiyi başqa qənimətlərlə sərvətini təxminən 1.5 milyard dollar artırıb.
Kəşfiyyat məlumatlarına gəlincə, “The Guardian” yazır ki, İŞİD Mosulu tutandan iki gün qabaq İraq təhlükəsizlik qüvvələri təşkilatın Əbu Həccar adlı bir üzvünü tutaraq, sorğu-suala çəkib. Əbu Həccar İŞİD-in hərbi şura sədri Əbdürrəhman əl-Bilavinin gizləndiyi yeri ələ verib. Bir neçə saat sonra Bilavi Mosul yaxınlığındakı sığınacağında ölüdürülüb. Sığınacaqdan isə 160 yaddaş kartı tapılaraq, götürülüb.
Əbu Həccar sorğu-sual zamanı “Nəyə bulaşdığınızı bilmirsiz, bu həftə Mosul cəhənnəmə dönəcək” deyə hədələmişdi.
“The Guardian” yazır ki, İŞİD-in Mosula hücumundan sonra əldə edilən yaddaş kartları analiz üçün aralarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi mütəxəssislərinin də olduğu təhlükəsizlik heyətinə göndərilib. İŞİD-in sahib olduğu sərvət barədə məlumatlar da həmin analizin nəticəsidir.
Kəşfiyyat məlumatlarına görə, İŞİD təkcə Suriyadakı Əl Nabuk arxeoloji məkanından yağmaladığı 8 min illik qiymətsiz tapıntılardan 36 milyon dollar qazanıb.
“The Guardian” İŞİD-in 3 il ərzində kiçik bir radikal qrupdan dünyanın bəlkə də ən çox maddi sərvətə sahib terror təşkilatına çevrildiyini yazır.
Yaddaş kartlarındakı deşifrəsi davam edən məlumatlarda təşkilatın pul qaynaqlarından başqa əcnəbi döyüşçülərin, yüksək səviyyəli cavabdehlərin adları və kod adları, dövlət orqanlarında olan informasiya mənbələri də yer alır.
Məqalədə bildirilir ki, təşkilatın liderləri müharibə təcrübəsinə görə həssaslıqla seçilib. Rəhbər kadrların hər biri İraqda Amerikaya qarşı savaşda iştirak edib. Bu məhdud saylı çevrəyə hesabat verən aşağı qatlardakı üzvlər isə heç bir-birlərinin adlarını da bilmirlər. Təşkilat həmçinin İraqın nazirliklərində “dəyərli”, “tənbəl”, qərarsız”, “izlənməli” adları ilə kodlaşdırdığı mənbələrə və gizli üzvlərə də malikdir.
***
Bu arada İŞİD-in girovları kütləvi şəkildə necə öldürdüyünü göstərən yeni görüntülər yayılıb. Təşkilat üzvlərinin yaydığı fotolarda əsir götürülən İraq hərbçilərinin ya kütləvi şəkildə öldürdüyü, ya da müxtəlif işgəncələrə məruz qaldığı görünür.
azadliq.info