NATO tədbirində ABŞ-a hücumun sirri bəlli oldu

Seminarda anti-Rusiya ovqatının yaranması hakimiyyəti təşvişə salıb

NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarı iyunun 16-da Bakıda baş tutdu. Seminarın gedişində xeyli maraqlı hadisələr baş verdi və Azərbaycan hakimiyyəti bu dəfə də anti-Qərb libasını soyuna bilmədi.
“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, bu tədbir əvvəlcədən planlaşdırılmış olsa da, hakimiyyətin narahatlığına səbəb olub. Çünki hakimiyyət müzakirələrdə anti-Rusiya ovqatının yaranacağını ehtimal edib və bunun qarşısının alınmasının çətin olacağını düşünüb.
Həqiqətən də hakimiyyətin ehtimalları özünü doğruldub və müzakirələrdə Rusiyanın yürütdüyü siyasət tənqid olunub.
Belə ki, seminarda bir çox Qərb ekspertləri, parlamentarilər, hətta NATO PA prezidenti çıxış edərək, Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsi məsələsinə toxunublar və bu siyasətin yanlış olduğunu ifadə edibər.
Daha sonra seminarın gedişində müzakirələr müstəvidən çıxıb və NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov ABŞ-a qarşı ağır ittihamlar səsləndirib.
Görünür, müzakirələrdəki antiRusiya ovqatı hakimiyyətin maraqlarına xidmət etmədiyi üçün Ziyafət Əsgərovun həyəcanlanmasına səbəb olub. Ziyafət Əsgərov Liviyanın darmadağın edilməsində, Iraqda baş verənlərdə, Yuqoslaviyaya hücumda ABŞ-ı kəskin tənqid edib və bunu vicdansızlıq kimi qiymətləndirib. Daha sonra Rusiyaya sanksiyaların tətbiqini ikili standartlar kimi dəyərləndirib.
Bəs, belə bir tədbirdə anti-Qərb mövqeyindən çıxış etməyin məntiqi nə idi?
Böyük ehtimalla hakimiyyət bu dəfə də balans yaratmağa çalışıb və antiRusiya ovqatına, anti-Qrəb çalarları qatmağa cəhd edərək vəziyyəti neytrallaşdırmaq istəyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ səfiri Riçard Morninqstarın səsləndirdiyi fikirlər, ABŞ Helsinki Komissiyasının dinləmlərində Azərbaycan hakimiyyətinin kəskin tənqid olunması, rəsmi Bakının ABŞ-a qarşı aqressiyasını daha da artırıb.

İlham