“Mən ittiham edirəm!”

Azərbaycan türkcəsinə çevrilməsini çox arzuladığım mətnlərdən biri “Mən ittiham edirəm!”dir. Emil Zolyanın bu məqaləsi onun Ingiltərəyə sürgün edilməsi ilə nəticələndi.

Bu gün mən məhz bu qiymətli mətnin tarixçəsini anlatmağa çalışacam.

Zolya 19-cu əsr realizminin ən parlaq simalarından biridir. Ona ədəbi şöhrəti Fransanın ikinci imperiya çağının bütün mənzərəsini göz önünə sərən romanlar silsiləsi qazandırdı. Bu romanlar bir ailənin timsalında toplumda yaşananları ifadə edirdi, maraqla qarşılanmış və Emil Zolyanın imzasını çox məşhurlaşdırmışdı.

Amma dediyimiz kimi, bu gün sizə Zolyanın “C’accuse” – “Mən ittiham edirəm!” başlıqlı mətni haqqında danışmaq istəyirəm. Bu, bütün zamanlarda haqsız, ədalətsiz hakimiyyətlərin üzünə oxunmuş ən sərt və mənalı mətnlərdən biridir.

***

Hər şey oradan başladı ki, 1894-cü ildə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etmək ittihamı üzrə məhkəmə prosesi quruldu. Bu məhkəmə fransız cəmiyyətini iki hissəyə – “dreyfusçular”a və “anti-dreyfusçular”a parçaladı.

Dreyfusa qarşı ittiham var idi. Dəlil-sübut isə yox. Lap indi bizdə olduğu kimi. Əvvəl cinayət işi açılır, sonra isə cinayət özü “baş verir”.

Dövrün Fransasının aydın, vicdanlı insanları Dreyfusa qarşı qurulan ədalətsiz məhkəməni sinirə bilmirdilər, bunu ölkələrinin tarixinə vurulan ləkə hesab edirdilər. Ona görə də Dreyfusun işi yalnız bir nəfərə qarşı qurulan ədalətsiz mühakimə olmaqdan çıxmış, bir toplumun taleyüklü məsələsinə çevrilmişdi. Məhz belə vaxtda Emil Zolya səfini bəlli edir –  o, dreyfusçuların sırasında, deməli, həm də birbaşa əzilənin, haqsızlığa uğrayanın sırasında yer alır.

1898-ci ildə, o vaxt 58 yaşı olan Emil Zolya Fransa prezidenti Feliks Fora haqqında danışdığımız məşhur mətni – “Mən ittiham edirəm!”i yazır. Günümüzün Azərbaycanında bunca haqsız həbslər, qondarma tutuqlamalar varkən zərrəcə vicdanı sızlamayan, qəlbi göynəməyən, “üç meymun”u (görməyən, eşitməyən, danışmayan) oynayan “qələm adamları”ndan fərqli olaraq, Zolya həmin mətndəki qəzəbli cümlələri “qəlbinin fəryadı” adlandırır və bu məktubuna görə istənilən cəzanı almağa hazır olduğuna işarə vururdu. Yetər ki, həqiqəti eşitdirə bilsin!

***

Düzdür, Emil Zolya bu məktubu yazanda artıq iş işdən keçmişdi, Dreyfus artıq 4 ildi məhkum olunmuşdu. Bir çoxları Zolyanı haqsız həbslə bağlı Fransa cəmiyyətində tozanaq yaradan mübahisələrə gec qoşulduğuna görə qınayırdı.

Amma məsələ burasındadır ki, “Mən ittiham edirəm!” Dreyfus işi ilə bağlı sonrakı gedişatı kökündən dəyişdirdi. Bu məsələni yalnız Fransanın problemi olmaqdan çıxardı, bütün Avropanın az qala bir nömrəli dartışma mövzusuna çevirdi.

“Mən ittiham edirəm!” şüurlarda əməlli-başlı silkələnmə yaratmışdı, hətta anti-dreyfusçuların bir çoxunda belə, sağlam yanaşmanın əsasını qoymuşdu.

Sonrakı onilliklərdə isə “Mən ittiham edirəm!” konkret ölkə və hadisə ilə bağlı mətn olmaqdan çıxdı, zülmə qarşı ucadan və elə zülmün üzünəcə söylənmiş qiymətli bir əsərə çevrildi.

Bir daha təkrarlamaqda fayda var: günümüzün Azərbaycanında “Mən ittiham edirəm!”in dilimizə çevrilməsi və oxudulması çox faydalı iş olardı. Inanıram ki, bunu könüllü edənlər tapılacaq.

***

Dreyfus işinin sonluğu isə çox ibrətamizdir.

Zolyanın məşhur müraciətindən bir il sonra Dreyfusun ömürlük həbs cəzası 10 ilə endirildi. Çox keçmədən isə Fransa prezidenti onu, indi bizdə dəbdə olan ifadə ilə desək, əfv etdi.

Amma bu, Dreyfusun tərəfdarlarını sakitləşdirmək üçün kifayət deyildi.

1906-cı ildə Dreyfus bəraət aldı, ordudakı vəzifəsinə geri qaytarıldı.

Ən maraqlısı isə Fransanın ən ali mükafatı olan Fəxri Legion Ordeni ilə təltif edildi.

Əlavə sözə ehtiyac varmı?!