Avqustun 10-da Türkiyə Respublikası tarixində prezidenti ilk dəfə xalq seçəcək. Türkiyənin əsas müxalifət partiyalarının vahid namizəd məsələsində razılığa gəlməsi qardaş ölkədə mətbuatın gündəmini məşğul edən əsas xəbərdir. Cümhuriyyət Xalq Partiyası ilə (CHP) Milliyətçi Hərəkat Partiyasının (MHP) razılığa gələrək İslam İşbirliyi Təşkilatının keçmiş rəhbəri Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi irəli sürməsi digər siyasi qüvvələri də hərəkətə gətirə bilər. Türkiyə mətbuatının şərhlərinə görə, seçkiyə qədər Gülən tərəfdarlarının da bu birliyə dəstək verəcəyi istisna deyil. Eyni zamanda digər müxalifət qüvvələri də artıq bu istiqamətdə müzakirələrə başlayıblar.
Siyasi ekspertlər İhsanoğlunun Ərdoğana qarşı şanslarını da pis qiymətləndirmirlər. Bu fonda İhsanoğlunun xüsusi ilə zəngin siyasi bioqrafiyasının altı cızılır. Ekmələddin İhsanoğlu 1943-cü ildə Misirin paytaxtı Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb. 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Daha sonra elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib.
Ekmələddin İhsanoğlu tarix, Qərb-Şərq mədəni-siyasi münasibətləri haqqında tanınmış mütəxəssisdir. Onun əsərləri ABŞ-ın Harvard Universiteti başda olmaqla dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. 1984-cü ildən professordur.
Ekmələddin İhsanoğlu Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib, İordaniyanın I dərəcəli “İstiqlal” medalı və Misirin Ali Dövlət Mükafatının da sahibidir.
2005-2013-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi olduğu müddətdə o dünyanın bir sıra nüfuzlu siyasi liderləri ilə görüşüb. Onlar sırasında ABŞ prezidenti Barak Obama, Britaniyanın baş naziri Devid Kemeron, Roma papası Fransisk, BMT-nin baş katibi Pan Gi Mun, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas da var.
Bəs siyasi ekspertlər İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibinin Türkiyə prezidentliyinə şanslarını necə dəyərləndirirlər?
Vəfa Quluzadə: «İhsanoğlunun zəngin siyasi bioqrafiyası olsa da Ərdoğanın Türkiyədə nüfuzu hələ çox böyükdür»
Politoloq Vəfa Quluzadənin fikrincə, Ekmeleddin İhsanoğlunun zəngin siyasi bioqrafiyası olsa da Ərdoğanın Türkiyədə nüfuzu hələ çox böyükdür. Ona görə müxalifətin bu cür güclü bir fiqura qalib gəlməsi çətin olacaq: «Üstəlik Ərdoğanın populyarlığından başqa əlində inzibati resurslar var. Hakim partiya bu resurslardan da seçkidə öz xeyrinə istifadə etməyə çalışacaq. Bundan əvvəlki seçkilərin nəticələrini unutmaq olmaz».
Azərbaycan hakimiyyətinin Türkiyədə keçiriləcək prezident seçkilərinə münasibətinə gəlincə isə V.Quluzadə vurğuladı ki, rəsmi Bakının Türkiyədəki proseslərə təsiri o qədər də böyük deyil. Bu üzdən Azərbaycan prosesləri sadəcə olaraq seyr etməklə kifayətlənəcək.
Turqut Ər: «Hakim partiyadan da bəziləri Ekmeleddin İhsanoğluna dəstək verərlərsə, onun şansları arta bilər»
Mövzu ilə bağlı suallarımızı ekspert qismində Türkiyənin Bakıdakı səfirlyinin mətbuat müşaviri vəzifəsində çalışmış Turqut Ərə də ünvanladıq. Onun isə fikrincə, hələlik Türkiyə ictimai rəyində Ekmeleddin İhsanoğlu ilə bağlı konkret fikir formalaşmayıb. Amma Ekmeleddin İhsanoğlunun beynəlxalq aləmdə yaxşı tanındığını deyən T.Ər vurğuladı ki, hazırda ən önəmli olan Türkiyənin ilk dəfə demokratik seçkiyə getməsidir: «Türkiyə ilk dəfədir ki, ümumi səsvermə ilə özünə dövlət başçısı seçəcək. İndiyə qədər dövlət başçısı parlamentdə seçilirdi. Bu seçim xalqın təmsilçiləri vasitəsilə edilirdi. Hazırda Ekmeleddin İhsanoğlunun şansları ortadadır. Hər şey seçkiöncəsi cərəyan edəcək proseslərdən, aparılan təbliğatdan asılı olacaq. Əgər hakim partiyadan da bəziləri ona dəstək verərlərsə onun şansları arta bilər».
Azərbaycan hakimiyyətinin Türkiyədəki prezident seçkilərinə yanaşmasına gəlincə isə, T.Ər bildirdi ki, əgər AKP-nin namizədi Ərdoğan olarsa, o zaman rəsmi Bakı birmənalı şəkildə onu dəstəkləyəcək. Yox əgər hakim partiya seçkilərə fərqli namizədlə qatılacaqsa, o zaman Azərbaycan hakimiyyəti Türkiyədə dəstəyi kimə göstərməklə bağlı qeyri-müəyyənlikdə qala bilər.
Xəyal