Azərbaycan Əfqanıstanın daxili işlərinə qarışır?

Əvvəlcə sizi fəlsəfi fikir incilərindən biri ilə tanış etmək istəyirəm. Özü də bunu kim söyləsə yaxşıdır, özcə azərbaycanlımız…

“Dənizi bir az sevən və min illərdən bu yana daşınan fəlsəfəsinə və ruhuna yaxın olmağa çalışanların hər biri çimərliyə üz tutur” – bu fikri son  seçkilərdə Azərbaycan prezidentliyinə namizədlərdən biri söyləyib. Zahid Oruc. Həm də “yayda çimərliyə gedirsinizmi” sualına cavab olaraq. Mən qorxdum ki, bundan sonra Zahid müəllim “ekzistensializm və yayda dənizə getmək” mövzusunda nitq söyləsin, insafən söylədiyi inci fikri başqa yan mülahizələr içərisində boğmayıb. Yayda dənizdə adamlar boğulduğu üçün, inci fikirlər də dərin fikirlər arasında boğula bilər. 

Bir iş də var ki, bizim hakimiyyətin müdafiəçilərindən hər kəs belə danışır; deyirsən filan yolda su borusu partlayıb və yolda gölməçə əmələ gəlib, deyirlər ki, Azərbaycan dünyanın ən böyük gölünün sahilində yerləşdiyinə görə fəxr edə bilər. Yolu suyun altında qalan azərbaycanlılar bu anda qürur hissi keçirməli, palçığa batıb fəxrlə evinə getməlidir.

Bunlara deyirsən ki, ölkədə məmur xalqı əzir, deyirlər, Azərbaycanın dörd yanı düşməndir.

Deyirsən, korrupsiya əhədimizi kəsdi, deyirlər, Qarabağ boyda dərdimiz var.

Deyirsən, haqsız olaraq insanları həbs edirlər, deyirlər, bu, Azərbaycanın daxili işlərinə qarışan ermənipərəst xarici təşkilatların uydurduğu bir fikirdir, ölkəmiz regionun lider dövlətidir. 

Fakt götürüb, sübut göstərib bunların əməllərini bütün dünyaya bəyan edirsən, deyirlər, Azərbaycanı xarici ölkələrin ayağına verir. 

Hələ bəziləri özəl milli əxlaq düzəldiblər, müdrik poza alıb bəyan edirlər: “Ölkəmi xaricilərin qarşısında tənqid etmərəm. Bu, mənim vətənimdir, nə baş verirsə, burda qalmalıdır, hökumətimizi də burda tənqid edərəm… Amma xaricilər qarşısında yox!”

Dərhal söyləyim ki, belə deyənlərin Azərbaycandakı problemlər barədə ölkə içində də dilinə bir söz aldığını heç görmədik. Susmağın yüz bəhanəsi var, biri də budur…

Amma nəhayət bu “Azərbaycanın daxili işinə qarışmaq” ədasına da normal bir izah gəlməlidir. Aydındır ki, bu cavab ölkədəki qanunsuzluqları ört-basdır etmək, bu haqda danışanları susdurmaq, bütün dünyada insan haqlarını monitorinq edən nüfuzlu təşkilatların hesabatlarından yayınmaq, demokratik ölkələrin və şəxslərin tənqidinə kölgə salmaq üçündür. Istəyirlər dərə xəlvət olsun, bunlar da istədiyini eləsin.

Biz illərdir izah edirik ki, insan haqları məsələsi və fundamental azadlıqlarla bağlı problemlər ölkələrin daxili işləri deyil. Bir yığın beynəlxalq öhdəliklər, imzalanmış konvensiyalar da bunu deyir. Bu pozuntular insanlığa ziddir… Amma heç tükləri də tərpənmir, dediklərini təkrar eləməkdədirlər.

Indi mən soruşuram, Azərbaycan Əfqanıstan məsələsində ABŞ-a kömək edir, ora əsgər də yollayır. Xeyir ola, ondan niyə Əfqanıstanın daxili işlərinə qarışırıq? 

Halbuki, biz Əfqanıstanda insanlığa qarşı bir vəhşət yaşandığını bilirik və orada çağdaş dəyərlərin, demokratiyanın, insan haqlarının bərqərar olması üçün edilən çalışmalarda ölkəmizin tərəfdaş olduğunu anlayırıq. Amma orada terrora, ağalığa, korrupsiyaya, cəhalətə, haqsızlığa qarşı mübarizəyə dəstək verdiyinə görə, burada bizə qarşı eyni əməlləri necə etmək olar? Hələ bunu dilə gətirəndə də deyirlər ki, Azərbaycanın daxili işlərinə qarışmayın? Xeyir ola, özgə ölkəyə əsgər yollayırsan, amma kimsə sənə heç nə deyə bilməz.

Məgər Rəşadət Axundovla dostları talibançıdır? Anar Məmmədli ilə Bəşir Süleymanlı terrorçudur? Ilqar Məmmədovla Tofiq Yaqublu səhra komandirləridir? Rəşadətin babasının intiharı üçün məsuliyyəti “Əl-Qaidə” daşıyır?

Heç olmazsa, nə danışdığınızdan xəbəriniz varmı?!