Türkiyəni kimlər bölmək istəyir?

Elxan Şahinoğlu: «Terrorçuların müxtəlif yollarla Türkiyəyə müdaxiləsi mümkündür»

Müəyyən qüvvələr Türkiyəni bölmək istəyirlər. Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, bunu Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə millətlərarası ədavəti qızışdırmaq istəyirlər, ölkəni tənəzzülə gətirib çıxartmaq istəyirlər.

“Türkiyədə Suriya ssenarisinin təkrarlanması mümkün deyil. Ölkədə daxili münaqişələri qızışdırmaq istəyənlər, uğursuzluğa məruz qalıblar”, deyə nazir bildirib.

Türkiyəli nazir müəyyən qüvvələr deyəndə kimləri nəzərdə tutur və qardaş ölkə üçün belə bir təhlükə gözlənilirmi?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hadisələrin sürətlə inkişaf etdiyini və region ölkələrinin hamısını təhlükə gözlədiyini deyir6 «Kimin ağlına gələrdi ki, radikal süni təşkilat olan İŞİD bir anda İraqın daxilinə müdaxilə edib Mosul şəhərini tuta və digər şəhərlərə yürüş edə bilər. Əslində bu qruplaşma Suriyada Əsədə qarşı savaşırdı. Amma bir anda sərhəddi keçdi və az qala İraqın yarısını tutdu, nə qədər insanı cəzalandırdı. İstər-istəməz bütün diqqətlər bu bölgəyə yönəldi».

Ekspertin sözlərinə görə, ilk dəfədir bu məsələdə Amerika ilə İranın maraqları üst-üstə düşdü ki, bu qruplaşma tərkisilah olmalıdır: «İrandan dəstək məqsədi ilə İraqa nə qədər qüvvələr keçir. Amerika da maraqlıdır ki, İran İraqa bu məsələdə dəstək versin. O cümlədən Türkiyə də çox təhlükəli bölgədə yerləşir. Çünki Mosulda xeyli türkmən yaşayır və vaxtilə Türkiyənin səhv siyasəti nəticəsində həmin türkmənlər silahlandırılmadı ki, bu gün özlərini, ailələrini, evləri və torpağını qoruya bilsinlər. İndi yenə də orda turmənlərin vəziyyəti çox acınacaqlıdır. Həmin silahlı qruplaşmalar Türkiyəni də, bəzən Azərbaycanı da hədələyir».

Ekspertin fikrincə, terrorçuların müxtəlif yollarla Türkiyəyə müdaxiləsi də mümkündür: «Hesab etmirəm ki, Çavuşoğlu bu açıqlamanı verərkən Türkiyənin daxilində hansısa qüvvələri nəzərdə tutur. Radikal qüvvələr ətrafda, yəni Suriyada, İraqda çoxdur. Türkiyə bu dövlətlərlə Türkiyə qonşudur. Əgər həmin qruplaşma İraqa müdaxilə edibsə, hansısa ərazidə Türkiyəyə hücum edib hər hansı bir şəhərdə qətlyam törədə bilər. Belə bir təhlükə Türkiyə üçün də var. Ona görə Çavuşoğlu sanki ictimaiyyətə xəbərdarlıq mesajı göndərir». 

Fizzə