CHP və MHP Ərdoğanın qarşısına İhsanoğlunu çıxardı
Türkiyə müxalifəti uzun müzakirələrdən sonra prezidentliyə vahid namizədini müəyyən edə bilib. CHP ilə MHP iyunun 16-da “çatı aday”la bağlı razılığa gəlib. Vahid namizəd İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmeleddin İhsanoğlu seçilib. Onun vahid namizəd olması təklifi CHP lideri Kamal Klıçdaroğlundan gəlib. Kılıçdaroğlu MHP-li həmkarı Devlet Bahçeli ilə görüşərək İhsanoğlunun namizədliyini razılaşdırıb.
MHP lideri İhsanoğlunun vahid namizədliyi haqqında danışarkən “bu isim millətimiz üçün çox faydalıdır”, deyə bildirib.
İhsanoğlu vahid namizəd irəli sürülməsinə münasibə bildirərək deyib ki, bu qərarı hörmətlə qarşılayır. O, CHP və MHP-yə onu ortaq namizəd kimi gördükləri üçün təşəkkürünü də çatdırıb.
“Millətin möhtac olduğu və israrla tələb etdiyi bu razılıq şübhəsiz ki, ölkəmizdə dinclik və sabitliyin təmin edilməsi üçün atılmış mühim bir addımdır”- deyən İhsanoğlu namizəd olaraq seçilməsini ona qarşı bəslənən rəğbət və hörmət kimi dəyərləndirib.
Ekmeleddin İhsanoğlu 1943-cü ildə Qahirədə doğulub. Ali təhsilini Misir Ayn Şəms Universitetində alıb, 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Ardınca elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. YUNESKO-da və ABŞ-ın Harvard Universitetində çalışıb. Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərindəndir. Çoxlu sayda elmi əsərlərin müəllifidir. Kitabları Harvard və bir sıra başqa ali məktəblərdə dərslik statusundadır. 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. Ailəlidir, 3 övladı var.
71 yaşlı İhsanoğlu seçkilərdə qalib gələrsə, Türkiyə tarixinin ən yaşlı prezidenti olacaq.
Seçkilər avqustun 10-da keçiriləcək. Hakim AK Partiya prezidentliyə namizədini hələ rəsmi şəkildə irəli sürməyib. Lakin bu namizdəin indiki baş nazir Ərdoğan olacağı çox az şübhə doğurur. AKP yetkililəri də namizədlərinin Ərdoğan olacağını açıq şəkildə bildiriblər.