Braziliyalıların 45 faizi yaşayış səviyyəsinin aşağı olmasına görə milli komandasına azarkeşlik eləmir
Yapon hakim Yuçi Nişimura dünya çempionatının açılış oyununa çıxanda ağlına da gəlməzdi ki, bu dərəcədə məzəmmət obyekti olacaq. Braziliyalıların penaltisinə görə hamı onu qınayır, hətta cizgi filmi qəhrəmanı olmağa da imkan tapıb. Çoxu bu fikirdədir ki, Nişimura meydan sahiblərini məğlubiyyətdən xilas eləyib. Özü bu ittihamla razılaşmır, Braziliyaya heç bir simpatiyası olmadığını deyir. Arqumentlərindən biri də odur ki, keçən dünya çempionatında braziliyalıların oyununu idarə eləyib, onların xeyrinə heç bir qərar verməyib, hollandlara 1:2 hesabıyla uduzublar. Belə danışmağına fikir verməyin, Nişimura dünya çempionatında təyin elədiyi ilk penaltinin məsuliyyətini yaxşı anlayır, başa düşür ki, onun bu addımı hələ bir müddət müzakirə olunacaq.
Şeyxin neft pulları
Nişimura şükürlüdür, dünya çempionatlarının tarixində çox biabırçı qərarlar olub. 1982-ci ildə Ispaniyada ukraynalı hakim Miroslav Stuparın hərəkətini yəqin çoxunuz xatırlamırsınız. Fransa – Küveyt oyununun 80-ci dəqiqəsində məzəli situasiya yaranmışdı: azarkeşlərdən biri möhkəm fit çalmışdı, asiyalı futbolçular da düşünmüşdü ki, bunu eləyən hakimdir, oyunu dayandırır. Küveytlilərin dayanıb topun üzünə baxmasından fransız hücumçu Alen Jiress məharətlə istifadə eləmişdi, hesabı 4:1-ə çatdırmışdı. Küveyt Futbol Federasiyasının prezidenti Fəhd əl-Sabahın bir əl işarəsi kifayət eləmişdi ki, uduzan komandanın futbolçuları meydanı tərk eləsin. Stupar şeyxlə 20 dəqiqə nə danışdı, bilinmir, amma nəticədə qol ləğv olundu. Deyilənə görə, ukraynalı hakim neft maqnatı Fəhd əl-Sabahın yağlı rüşvət təklifindən imtina eləyə bilməyib. FIFA isə Stuparı bağışlamadı: o, həmişəlik beynəlxalq yarışlardan uzaqlaşdırıldı. Oyun hansı hesabla başa çatdı? 4:1! Fransızlar ləğv olunan qolun əvəzinə daha birini vurdular. Şeyxin axmaqlığı özünə qaldı…

“Satqın” Dieqo Koşta
Braziliya stadionlarının ən arzuolunmaz siması Dieqo Koştadır. O, 1988-ci ildə məhz bu ölkədə, Laqartu şəhərində doğulub. Koşta, hətta Braziliya milli komandasının heyətində meydana da çıxıb. Dünya çempionatından əvvəl nə baş verdisə, “Atletiko”nun heyətində çempion olan hücumçu Ispaniyanı seçdi. Braziliyalılar onu bağışlayarmı heç?! Top hər dəfə Dieqonun ayağına düşəndə fitə basırlar. Koşta Hollandiya ilə görüşdə heç cür sakit oynaya, emosiyalarını boğa bilmirdi. Düzdür, komandasına penalti qazandırdı, amma zəif oynadığı göz qabağındadır. Braziliyalılar onu satqın sayırlar, doğma şəhəri Laqartuda qohumlarını məzəmmət eləyirlər. Dieqo qərarının belə aqressiv qarşılanacağını bilmirdi. Ilk oyunda hollandlardan ağır zərbə alan ispanların ikinci görüşündə onu heyətdə görməsəniz, təəccüblənməyin.
Braziliyada ən az sevilən komanda Yunanıstandır. Yunanlar son 20 ildə cansıxıcı oyunu ilə fərqlənib. Təsadüfi Avropa çempionluğu komandanın nüfuzunu yalnız azaldıb. Braziliyada Yunanıstan milli komandası az azarkeşi olanlardandır. Turnirin ilk 8 oyunundan sonra yunanları ən zəif təsir bağışlayan komanda da adlandırmaq olar.
Yeltsinin meydanda nə işi var?!
Kosta Rika dünya çempionatına əla başladı, buna söz yox. Komandanın heyətinə nəzər salanların çoxunu bir sual düşündürür: necə olub ki, 17 nömrəli futbolçuya doğulanda Yeltsin adını veriblər? Söhbət Yeltsin Texedadan gedir. Yox, Texeda rus mənşəli futbolçu deyil, Kosta Rikada doğulub, valideynləri də yerli adamlardır. Sadəcə, o, dünyaya göz açanda Rusiyanın ilk prezidenti Boris Yeltsin hakimiyyətdəydi, nə qədər qəribə və məzəli səslənsə də, anasının bu siyasətçiyə simpatiyası varmış. Beləcə, Yeltsin adı əmələ gəlib. Texeda müsahibələrindən birində adından utanmadığını deyib və əlavə eləyib ki, Rusiyada oynamağın əleyhinə deyil. Yarımmüdafiəçi hələ ki, yerli “Saprissa”dan başqa heç bir klubun formasını geyinməyib. Uruqvayla oyunda pis təsir bağışlamırdı, bəlkə də, tezliklə bəxti açılacaq.
Məhsuldar çempionat
Müəllif bu sətirləri yazarkən dünya çempionatının yalnız 8 oyunu geridə qalmışdı, Isveçrə – Ekvador qarşılaşması yenicə başlamışdı. Yazı hazır olanadək oyununu izlədiyimiz komandalardan ən çox Hollandiya və Italiya haqda yüksək fikir söyləmək olar. Hollandların heyətinə nəzər salarkən ispanları nəinki belə asan (5:1), ümumiyyətlə məğlub edəcəyini demək çətin idi. Lui Van Qalın komandası elə ilk oyundaca çempionluğa layiq olduğunu göstərdi. Bəlkə də, tələsirik, amma hollandların turniri tez tərk eləməyəcəyi şübhəsizdir. Van Qala əhsən, hətta böyük təcrübəsi olmayan futbolçuları da ümumi ansambla uyğunlaşdıra bilib. Komanda ruhu var, əzmkardılar, uzun ötürmələrdən məharətlə istifadə eləyirlər.
Italiya klassik müdafiəyəmeylli yorucu futboldan imtina eləyib, komandanın oyunu göz oxşayırdı. Insafən, 1:2 hesabıyla məğlub olan ingilislər pis görünmürdü. Cinahlardan az həmlə endirmədilər. Xüsusilə Rahim Sterlinq və Daniel Starric yaxşı oynadı. Amma italyanların meydanda daha yaxşı anlaşdığı nəzərə çarpırdı. “Latsio”nun yarımmüdafiəçisi Antonio Kandreva bizi yaxşı mənada təəccübləndirdi. Özünün son dünya çempionatını keçirən Andrea Pirlo isə əsl futbol ustası olduğunu göstərdi. Bu sözləri komandasının rüsvayçı məğlubiyyətinə baxmayaraq, Inyesta haqda da demək olar.
Qalib gələn komandalardan heç də hamısı yaxşı səviyyədə olduğunu göstərmədi. Çili Avstraliyanı məğlub elədi, amma bu oyunla uzağa getmək olmaz. Sosial şəbəkələrdə yazılanlardan belə görünür ki, Kolumbiyanın oyununu çoxu bəyənib. Yunanıstanla oyundakı böyükhesablı qələbə (3:0) xeyli adamı yanıldıb. Heç belə oyun da Cənubi Amerika ölkəsinə böyük uğur vəd eləmir. Komandanın lideri Falkaonun yoxluğu da özünü göstərəcək.
Braziliya haqda qəti fikir bildirmək üçün daha bir oyununa baxmaq lazımdır. Hakim səhvləri xorvatlarla qarşılaşmadakı qələbəyə kölgə saldı. Əvəzində bu qrupdakı digər oyunda (Meksika – Kamerun) hər iki komanda meydan sahiblərinə başağrı ola biləcəyini göstərdi. Kosta Rika hamının xoşuna gəldi, amma inanmırıq ki, növbəti mərhələyə adlamaq asan olsun. Uruqvayın da mərhələ adlayacağına inanmağa dəyməz: Italiya və Ingiltərə yetərincə güclüdür. Kot d’Ivuar və Yaponiyanı turnirin ortababları kimi xarakterizə eləmək olar.
Yaxşı oyun göstərən bəzi futbolçuların adlarını yuxarıda çəkdik. Kosta Rikadan Xoel Kempbelli və Kamerundan Benua Assu-Ekottonu çempionatın tapıntıları kimi fərqləndirə bilərik.
Ümumilikdə dünya çempionatı çox maraqlı keçir. Ən əsası oyunlar məhsuldardır. Təsəvvür eləyin, hələ heç bir oyun qolsuz keçməyib. Bu gecə baş tutan oyunlardan xəbərimiz yoxdur hələ, bəlkə də, yenə çoxlu qollar vurulub. Komandalar qorxaq oynamır. Qarşılaşmalar cansıxıcı keçmir. Hiss olunur ki, bizi irəlidə çox gözəl oyunlar gözləyir.

Narazı braziliyalılar
Braziliyanın turistlər üçün təhlükəsiz ölkə olmaması narahatlıq doğurur. Hüquq-mühafizə orqanları ayıq görünmür. Ümumiyyətlə, ölkə hakimiyyəti öz məsuliyyətini əvvəldən yaxşı anlamayıb. Heç də bütün stadionlar turnirə hazır deyil. Təsəvvür eləyin, Ingiltərə – Italiya oyunu keçirilən Manausdakı stadionun ot örtüyü o qədər bərbad idi ki, qarşılaşmadan əvvəl yaşıl rənglə boyayırdılar. Tam bir rüsvayçılıqdır. Təşkilatçılar çatışmazlığı ört-basdır eləməklə məşğuldur.
Ölkədəki sosial narazılıqlar isə başqa bir söhbətin mövzusudur. Sorğuya görə, braziliyalıların 45 faizi yaşayış səviyyəsinin aşağı olmasına görə milli komandasına azarkeşlik eləmir.
Dünya çempionatını izləmək böyük zövqdür. Bu zövqü yaşayarkən xalqın sosial sıxıntılarını da unutmaq olmaz.
Coşqun Eldaroğlu


