aliyev-memurlar10

Paşayevlərlə Naxçıvan klanı yeni “döyüşə” hazırlaşır

Parlament seçkiləri ərəfəsində iqtidar daxilində ciddi təlatümlərin yaşanacağı gözlənilir

Hakimiyyətdəki iki böyük qruplaşma – Naxçıvan klanı və Paşayevlər arasındakı qarşıdurma daha da şiddətlənə bilər. Iqtidar mətbəxindən redaksiyamıza sızan məlumata görə, bu daha çox 2015-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində özünü göstərəcək.
Məlumatda deyilir ki, hər iki qruplaşma parlamenti nəzarətə götürmək üçün ciddi hazırlıq görür. Bildirilir ki, parlament uğrunda bu dəfəki savaş hakimiyyətin düşdüyü çətin vəziyyətlə bağlıdır. Azərbaycan hakimiyyəti hazırda geopolitik məngənədədir. Ölkə başçısı Ilham Əliyev Qərb və Rusiya arasında seçim etməlidir. Bu seçim labüddür və prosesdən yan keçmək sadəcə mümkün deyil. Hakimiyyətin artıq əvvəlki tək manevr imkanları yoxdur. Hər iki tərəf Ilham Əliyevdən qəti mövqe tələb edir. Ölkə başçısı məsələyə hakimiyyətini qorumaq marağından yanaşdığına görə fərqindədir ki, tərəflərdən birini seçmək onun iqtidarı üçün ciddi fəsadlara səbəb ola bilər. Seçim etməmək də hakimiyyətə yaxşı heç nə vəd etmir. Beləliklə hər iki halda hakimiyyət üçün fors-major təhlükəsi qalır. Hakimiyyətdaxili qruplaşmalar da vəziyyəti yaxşı anlayır. Və əslində parlament seçkilərinə hazırlıq elə gözlənilən fors-major hallarına hazırlıqdır. Məlumatda deyilir ki, bir müddət əvvəl baş nazir postu uğrunda aparılan savaşın şiddətlənməsinin kökündə də bu məsələ dayanır. Paşayevlər və Naxçıvan qruplaşması hakimiyyət pilləsindəki ikinci postu və parlamenti ələ keçirməklə proseslərdə aparıcı rola malik olmaq istəyirlər.