Barrozonun ardınca Putinin adamları gəlir

Vəfa Quluzadə: «Rusiya Azərbaycanın Qərblə münasibətlərilə barışıb»

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri başa çatdı. Səfər zamanı Barrozonun dövlət başçısı Ilham Əliyevlə iki dəfə – geniş tərkibdə və təkbətək görüşü olub.

Barrozo Azərbaycana səfərinin uğurlu alındığını vurğulayıb: “Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın vaxtlarda işi başa çatdıracaq və mən Ilham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik”.

Barrozonun Bakını tərk etməsindən dərhal sonra – iyunun 17-də isə Putin komandasının iki mühüm fiquru – xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri gözlənilir.

Bu səfərləri şərh edən politoloq Vəfa Quluzadə deyir ki, Rusiya Qərbin Azərbaycanla əlaqələr qurmasıyla barışıb: “Azərbaycanın Avropa ilə inkişaf etmiş əlaqələri var. Ölkəmizin Avropa inteqrasiya etməsinə gəlincə, bu da olacaq. SSRI dağılandan sonra Azərbaycanın inkişafı Qərbə doğrudur. Iqtisadi məsələlər, başqa kommunikasiyalar Türkiyə, Gürcüstan üzərindən Qərbə yönəlib. Rusiya bununla barışıb”.

Rusiyanın Azərbaycanı Gömrük Ittifaqında görmək istədiyini deyən politoloq bunun həyata keçəcəyinə inanmır. Fikrini də belə əsaslandırır: “Ümumiyyətlə, Gömrük, Avrasiya Ittifaqlarını qeyri-real hesab edirəm. Çünki könüllü deyil. Bunların hamısı Rusiyanın təsiri altında baş verən hadisələrdir. Məsələn, bu yaxınlarda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev qəribə qərar qəbul edib. ABŞ, Ingiltərə, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avropa ölkələrilə birtərəfli şəkildə vizasız rejim elan edir. Bu ölkələrdən investisiyaları gözləyir. Bəs, Gömrük Ittifaqı nə oldu? Deməli, Gömrük Ittifaqına Nursultan Nazarbayev könüllü qoşulmayıb. Rusiya istəyir ki, Qərbin, NATO-nun qarşısına ittifaq çıxarsın. Bu balaca ölkələr də nə Qərbin, nə də NATO-nun əleyhinə çıxmaq istəyir. Gömrük Ittifaqı, Avrasiya Ittifaqı kiçik ölkələrin milli maraqlarına ziddir. Rusiya məqsədlərinə həmişə işğal siyasətilə çatıb. Ona görə də indiki şəraitdə 14 respublikanı işğal edə bilsə, Gömrük Ittifaqı yarada biləcək”.

Ramin DEKO