“Unudulma haqqı”nız da var

Bu günün insanları daha çox unudulmaqdan şikayətçidir. Hər kəs işıq sürəti ilə dəyişən zamanın əsiri olduğuna görə, bir-birinə ayıracaq vaxt tapmır. Şübhəsiz, insanı insana unutduran bu burulğanın dönməsində texnoloji tərəqqinin əvəzsiz rolu var. Telefon, internet, sosial şəbəkələr…Nə qədər yaxınlaşdırırsa, o qədər də uzaqlaşdırır bizi bir-birimizdən. Amma bəzən insanın hər kəsdən uzaqlara qaçıb, sözün əsl mənasında tamamən unudulmaq istədiyi zamanlar da olur. Insanlıq halı…bir baharın ortasında qışa dönüb, bir qışın ortasında bahara bürünərsən…

Amma bu söz açacağım məsələ unudulmanın hüquqi tərəfinə aiddir. Deməli, Avropa Birliyi Ədalət Məhkəməsi yaxın zamanlarda maraqlı bir qərar çıxarıb. Bu qərara əsasən ayrı-ayrı şəxslərin adları keçən məlumatların internetdən silinməsi mümkün olacaq. Belə qərarın çıxarılmasına səbəb bir ispanın 15 il əvvəl evinin satışa çıxarılması haqqında məlumatların icazəsiz qəzet və internetdə yayınlanması olub. Həmin ispanın şəxsi hüquqlarının pozulması tələbi əsasında açdığı davada məhkəmə “unudulma haqqı”na (Right to be forgotten) qərar verib. Artıq bu qərardan sonra “Google”da arama vasitələri şəxslərin tələbi əsasında köhnəlmiş və əhəmiyyətini itirmiş məlumatları silmək məcburiyyətində qalacaq. 

Əslində, insan haqlarına hörmət, şəxsi həyatın gizlilik hüququ baxımından çox əhəmiyyətli və humanist bir qərardır. Amma bu qərarın başqa bir zərərli tərəfi də ola bilər. Kim təminat verir ki, internet istifadəçiləri arasındakı insanlar bu haqqı hər zaman yaxşı niyyətlə istifadə edəcəklər? Bu, gizlilik haqları ilə bərabər insanların zamanında işləmiş olduqları bəd əməlləri kökündən silib “paklanması”na yardım edərək, həqiqətin pərdələnməsinə yol açmazmı? 

Artıq məlum olub ki, qərardan sonra artıq “Google”a tez-tez belə saxta istəklər daxil olmaqdadır. Buna görə də, istək göndərmək üçün təqdim olunan formada vacib sənədlərin surətləri də tələb olunur. Onlar sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və ya foto olan başqa bir şəxsi sənəd ola bilər. Məlum formanın təqdim olunduğu linkdə yazılır: “Bu qərarın tətbiq olunmasında, hər bir istəyi tək-tək dəyərləndirib fərdin gizlilik haqları ilə ictimai fikrin məlumatlandırılma və yayım haqqını tənzimləməyə  çalışacağıq. Istəyinizi dəyərləndirərkən nəticələrin sizin haqqınızda yararlılığını itirmiş bilgilər olub-olmadığına baxacağıq. Eyni zamanda, bu bilgilərin, maliyyə fırıldağı, vəzifədən sui-istifadə, məhkəmə cinayət qeydiyyatı  və ya hökumət səlahiyyətlilərinin etik davranışlarıyla əlaqədar olub- olmadığını da yoxlayacağıq”.

Gördüyünüz kimi, müəyyən olunmuş şərtlər nə kiminsə məsuliyyətdən yayınmasına, nə də qaranlıq işlərini ört-basdır etməsinə yer qoyur. Bir də texnologiyanın bu qədər irəli getdiyi zamanda, gözdən qaça biləcək mühüm məsələmi qalıb? Məşhur araşdırmaçı-jurnalist Culian Assancın “WikiLeaks” dosyelərini və amerikan kəşfiyyatçısı Edvard Snoudenin gizli NASA məlumatlarını mediaya sızdırmasını xatırlayın.

“Unudulma haqqı”nın özünü nə dərəcədə doğruldacağı, yəqin ki, qısa zamanda  aydınlığa çıxacaq. Amma tam qərardakı şəkildə tətbiq olunacağı halda, onun insanlara heç bir zərər toxundurmayacağı şübhəsizdir. Hələlik isə bu haqdan yalnız AB-yə daxil olan və üzvlüyə namizəd ölkələr yararlana biləcək. Sonrasını da yenə zaman göstərəcək…