Müzəffər Baxışov: «Necə ki, Qarabağın alınmasına görə «Lazım»ı gözləyirlər, eləcə də qanunsuz hökm çıxaran hakimləri «lazım» gələndə cəzalandıracaqlar»
Azərbaycanda məhkəmələrin hansı vəziyyətdə olduğu və hakimlərin hansı şərtlər daxilində qərar verdikləri hamıya məlumdur. Müşahidə etdiyimiz onlarla siyasi xarakterli məhkəmələrdə ədalətsizliyin, siyasi sifarişin, qondarma ittihamların şahidi olmuşuq. Mülki işlərdə də eyni tendensiya davam edir və qalib gəlmək üçün haqlı olmaq yetərli olmur.
Hazırda qüvvədə olan qanunvericiliyə görə hakimlərin bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması 5 manatdan 1000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökmlə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ədalətsiz hökm çıxaran hakimlərlə bağlı cəzaların sərtləşdirilməsi yenidən gündəmə gəlib və MM-də müzakirə olunacağı bildirilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə pozuntulara yol verən hakimlərlə bağlı cəzaların artırılmasına ehtiyac olmadığını söyləyir. O, bildirib ki, hakimlərin cəzalandırılması onların müstəqilliyinə zərbə vurur: “Onsuz da Məhkəmə Hüquq Şürası bu sahədə çox ciddi addımlar atır. Digər tərəfdən vətəndaşın hakimlər haqqında dediyi hər sözə də inanmaq olmaz. Hər məhkəmədə uduzan narazı qalır. Biz vətəndaşların məhkəmə hakimiyyətinə inamını artırmalıyıq”.
Əvvəla ölkədə məhkəmə hakimiyyətinə inamın olmaması hakimiyyətin apardığı siyasətlə bağlıdır. Əgər, Prezident Administrasiyasından sifariş verilməsə, hakim müxalif fəalı niyə şərləməlidir ki?
Digər tərəfdən biz hələ Məhkəmə Hüquq Şürasının ədalətsiz hökm oxuyan hansısa hakimi cəzalandırdığını görməmişik.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanda hakimlər siyasi sifariş əsasında qərar çıxarırlar və bu hakimlərlə bağlı hər hansı tədbirin görülməsi mümkün deyil: “Azərbaycan Respublika CM-nin 395.1 maddəsinə görə hakimlər tərəfindən qanunsuz hökmlərin çıxarılması, cinayət məsuliyyəti yaradır. Qanunsuz azadlıqdan məhrumetmə hökmü çıxaran hakimlərə 3 ildən 8 ilə qədər həbs cəzası düşür”.
Ekspert bildridi ki, hüquqi dövlətin prinsipinə görə qanunu pozan hakim də, nazir də, prezident də məsuliyyətə cəlb olunmalıdır: “Azərbaycanda necə ki, Qarabağın alınmasına görə ”Lazım”ı gözləyirlər, eləcə də qanunsuz hökm çıxaran hakimləri “lazım” gələndə cəzalandıracaqlar. Azərbaycanda Məhkəmə Hüquq Şürası müstəqil qurum deyil və formal xarakter daşıyır. Bu quruma Ədliyyə Naziri Fikrət Məmmədov rəhbərlik edir. Ədliyyə Naziri icra hakimiyyətində təmsil olunan şəxsdir, Məkhkəmə Hüquq Şürası isə, məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət edir. Necə ola bilər ki, Ədliyyə Naziri həm də Məhkəmə Hüquq Şürasının sədri olsun? Bu qurum Fikrət Məmmədovun təsiri altındadır. O da hansı hakimi istəyirsə, onu da cəzalandırır”.
Ekspert onu da əlavə etdi ki,qanunsuz hökm oxuyan hakimlər cəzalandırılsa, bu günə qədər siyasi məhbuslar haqqında qərar çıxaran hakimlər həbsxanada olmalıdır. Ancaq, bu hakimlər siyasi hakimiyyətin sifarişini yerinə yetirdiyi üçün, onları məsuliyyətə cəlb etmək qeyri-mümkündür.
“Azərbaycandakı mövcud hakimiyyətin dövründə, ölkədə müstəqil məhkəmənin formalaşdırılması qeyri-mümkündür. Çünki, bunların təfəkkürü, düşüncəsi, seçdikləri yol, müstəqil məhkəmənin yaranmasına imkan vermir”.
Akif