aliyev-munich

İlham Əliyevin çətin günləri başladı

Avropa İttifaqı ilə imzalanan saziş və Helsinki dinləmələri rəsmi Bakı üçün «oyun bitdi» mesajı idi

“Təklif etdiyimiz demokratiya, yaxşı idarəetmə, qanunun aliliyi və açıq iqtisadiyyat prinsipləri əsasında Avropa Ittifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyadır” – bunu Bakıda səfərdə olan Avropa Kommissiyasının rəhbəri Joze Manuel Barrozo deyib.
Onun bu fikri bizim üçün ona görə diqqətəlayiqdir ki, Ilham Əliyev Avropa Ittifaqı ilə Assosiasiya sazişinə alternativ olaraq, strateji əməkdaşlıq sazişi təklif edirdi. “Strateji əməkdaşlıq sazişi” isə özlüyündə enerji bazarında əməkdaşlığı prioritet götürən alternativ idi. Yəni, Avropa Ittifaqı ilə iqtisadi və siyasi-mədəni inteqrasiyanı ehtiva etmirdi. Barrozo isə bu açıqlaması ilə vəziyyətə aydınlıq gətirdi. Yəni, Avropa Ittifaqı heç bir alternativ layihəni qəbul etmir.
Ilham Əliyev üçün bu çox ağır xəbərdir. Ona görə ki, ikinci, üçüncü şəxslərin dililə Qərbi şantaj edərkən o planlaşdırırdı ki, regionda vəziyyətin çətinləşməsindən  istifadə edərək, özünün əhəmiyyətini şişirtməklə hakimiyyətinin ömrünü bir az da uzatmaq imkanı əldə edəcək.   Avropa Ittifaqı isə bir bəyanatla bunun mümkün olmadığını ortaya qoydu. Barrozo açıq şəkildə Ilham Əliyevin planlarından əl üzməsinin vacibliyini ona çatdırıb.
Təbii ki, Barrozo “yaxşı idarəetmə” deyəndə bələdiyyə və icra hakimiyyəti, parlamentin funksionallığı  istiqamətindəki islahatları, “qanunun aliliyi” deyəndə məhkəmələrin azadlığının təmin olunması və qərarların icrasındakı operativliyi, “açıq iqtisadiyyat” deyəndə  monopoliyalara qarşı mübarizəni və azad bazarın bərqərar olmasını nəzərdə tutub. Bütün bunlar isə bütövlükdə Assosiasiya sazişi üzrə islahatlar deməkdir. Bir sözlə, Qərb Ilham Əliyevə elan olunan prinsiplər üzrə Yol xəritəsini göstərdi.
“Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi” isə Əliyevin bu çərçivə-xəritə üzrə hərəkətə razılıq verdiyini deməyə əsas verir.

Rusiyanın adamını Rusiyadan qorumaq…

Azərbaycan hakimiyyəti vaxtaşırı “Rusiya təhlükəsi” və ya “Iran təhlükəsi” kimi həyəcan siqnalları ilə ölkədə ajiotaj yaratmağa çalışır. Bu zaman məqsəd təbii ki, demokratik tələblərdən yayınmaqdır. Əliyev administrasiyası Qərbdə belə fikir yaratmaq istəyir ki, guya, Azərbaycan iqtidarı hansısa demokratik islahat barədə düşünsə və ya bunun üçün imkan yaratmağa cəhd etsə, Rusiyanın qəzəbinə gələ bilər, yaxud da Iran burada islam fundametalizmindən istifadə edə bilər. Amma son seçki bu məsələyə son qoymaq baxımından da xüsusi  əhəmiyyətli oldu. Bütün Qərb gördü ki, Ilham Əliyev hakimiyyəti üçün həyəcan keçirdiyi günlərdə Rusiya onun o zaman üçün əsas alternativi sayılan prezidentliyə namizəd Rüstəm Ibrahimbəyova hüquqi əngəllər yaratdı. Üstəlik, Putin Bakıya gələrək Ilham Əliyevlə çiyin-çiyinə şəkil də çəkdirdi. Bu isə vəziyyətin aydınlaşması üçün lakmus kağızı rolunu oynadı. Bəlli oldu ki, Ilham Əliyevin əsas arxalandığı qüvvə elə Rusiya və Putindir. Buna görə də Qərb indi özü üçün müəyyənləşdirib ki, “Rusiyanın adamını  Rusiyadan qorumaq” ən yumşaq şəkildə ifadə etsək, sadəlövhlük sayıla bilər. Ona görə də Helsinki Komisiyyasındakı dinləmələrdə ABŞ siyasətçiləri açıq şəkildə dedilər ki, Ilham Əliyevin çətin vaxtında Putin onun yanında olub. Yəni, artıq bu oyuna nə inanan var, nə də özünü inanırmış kimi göstərmək istəyən…

Bakı konkret və korrekt olmalıdır

Vəziyyət olduqca kritikdir. Təkcə ona görə yox ki, regionda baş verən hadisələr yeni məsuliyyətlər yaradır. Ən başlıcası ona görə ki, rəsmi Bakı baş verənlərin əsl mahiyyətindən uzaq siyasət yürüdür. Özünü hadisələrin səbəbindən və doğuracağı nəticədən xəbərsiz aparır. Bu isə bir müddət işə yarasa da, uzunmüddətli və daimi taktika kimi təhlükəlidir  və artıq öz nəticəsini verməkdədir. Ona görə də rəsmi Bakı artıq apardığı siyasətin ağrılarını öz üzərində hiss edir. Ilk növbədə, Qərb diplomatları ölkəyə gələrkən siyasi müxalifətlə görüşməklə, ölkədə siyasi keçidin mümkünlüyünü və bunun kimlərlə olacağını Əliyevə sezdirdilər. Hakimiyyət isə bunun müqabilində seçki məsələsində ATƏT-lə əməkdaşlıq edən yeganə müstəqil QHT-nin rəhbərlərini həbs etməklə, başqa yol tutduğunu ortaya qoydu. Indi Azərbaycan hökuməti iki yoldan birini seçməlidir: ya indiki seçimində israr etməklə, prosesi və öz taleyini radikal sonluğa doğru sürətlə itələməlidir; ya da daha konkret məsələlərdə korrekt addımlarla islahatlara doğru getməlidir. Bunlardan hansının rəsmi Bakı üçün daha asan seçim olacağını demək çətindir. Çünki indi bu seçimləri məntiq deyil, psixoloji vəziyyət müəyyən edir.

Orta Asiyanın qapısı döyülür

IŞID – Iraq Şam Islam Dövləti niyə belə fəallaşıb? Bu prosesin regionda baş verənlərlə bir əlaqəsi varmı?
Əlaqələndirməyə xüsusi cəhd etmədən görünür ki, kimsə  Qərbin diqqətini Ukraynadan, Cənubi Qafqazdan və Orta Asiyadan yayındırmaq istəyir. Bu kim ola bilər? Güman ki, “Ərəb baharı”ndan narahat olan və əks-inqilabi yollara əl atan tandemi xatırlamaq pis olmazdı. Amma bu provakasiya ona görə uğur qazana bilməyəcək ki, proseslər artıq müsəlman dünyasının sərhədlərini aşıb və demokratiya uğrunda silahlı mübarizə Avropanın içində – Ukrayna ilə Rusiya arasında gedir.
Azərbaycan isə bu proseslərdən növbəti nəfəslik əldə etmək və anti-Qərb (əslində isə anti-demokratiya) təbliğatı aparmaq üçün fürsət qazanmaq istəyir. Görünən isə odur ki,  Qərb artıq başa düşüb. Başa düşüb ki, bütün bu provakasiyalar Orta Asiya enerji resurslarına gedən yolu bağlamaq üçündür. Bu isə o deməkdir ki, demokratik genişlənmə qidalanmaqdan məhrum edilir. Bu, dəfələrlə ifşa edilmiş provakasiyadır. Məsələn, 2011-ci ilin yekunlarında  Azərbaycanın rəsmi qəzetləri yazırdı ki, Azərbaycan hökuməti Qərbin regiondakı layihələrinə qəsdən mane olur. Indi isə  bu proseslərin hamısı arxada qalıb və Əliyev üçün çətin vəziyyət artıq başlayıb.

Seymur Həzi